Ermənistan tərəfi mövcud status-kvo vəziyyətini saxlamaq kimi məqsədlər güdür

“Ermənistan tərəfindən Azərbaycana qarşı həyata keçirilən işğal və təcavüz siyasətinin tərkib hissəsi kimi Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni fəaliyyətlər həyata keçirilir”. 

Azadinform trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir müavini Hikmət Hacıyev Bakıda keçirilən “İşğal olunmuş Azərbaycan ərazilərində qeyri-qanuni fəaliyyətlər və üçüncü tərəflərin məsuliyyəti” mövzusunda beynəlxalq konfransda deyib. H. Hacıyev bildirib ki, bu qeyri-qanuni fəaliyyətlər məqsədyönlü və qərəzli xarakter daşıyaraq işğal olunmuş ərazilərin ilhaqı məqsədi güdür: “Qeyri-qanuni fəaliyyətlər nəticəsində Azərbaycanın işğal olunmuş ərazilərində aparılan qeyri-qanuni faktlar nəticə etibarilə münaqişənin həllində çox ciddi problemlər yaradır və Ermənistanın da əsl məqsədi və niyyəti bundan ibarətdir”. 

O qeyd edib ki, həmçinin Ermənistan tərəfi qeyri-qanuni fəaliyyətlər həyata keçirməklə mövcud status-kvo vəziyyətini saxlamaq kimi məqsədlər də güdür: “Azərbaycanın işğal olunmuş ərazilərində həyata keçirilən qeyri-qanuni fəaliyyətlərə baxsaq, burada bir neçə istiqaməti təsbit edə bilərik. Birincisi, ən vacib problemlərdən biri ondan ibarətdir ki, işğal olunmuş ərazilərimizdə məqsədyönlü məskunlaşma siyasəti aparılır, yəni demoqrafik vəziyyət məqsədyönlü şəkildə dəyişdirilir. İkincisi, Azərbaycanın işğal olunmuş ərazilərində təbii sərvətlər, xüsusilə də mineral resursların talan edilməsi, qeyri-qanuni, qeyri-şəffaf və qanunsuz maliyyə və iqtisadi fəaliyyətlərin həyata keçirilməsi və çirki pulların yuyulması kimi fəaliyyətlər də qeyd edilməlidir”. 

PA rəsmisi deyib ki, digər qeyri-qanuni fəaliyyətlər Azərbaycanın işğal olunmuş ərazilərində infrastruktur dəyişiklikləri, o cümlədən Azərbaycanın telekommunikasiya şəbəkələrinin istismar edilməsi və qanunsuz telekommunikasiya fəaliyyətinin həyata keçirilməsi, işğal edilmiş ərazilərimizin mədəni xarakterinin dəyişdirilməsi, Azərbaycan xalqına məxsus maddi-mədəni irsin talan edilməsi, dağıdılması, həmçinin mövcud olan maddi-mədəni, o cümlədən dini abidələrin arxitektur xüsusiyyətlərinin dəyişdirilməsi və onların erməniləşdirilməsi kimi siyasətin aparılmasıdır.

17.11.2018 11:45 / Baxılıb: 74 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    13.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo