DİM sədri: Gələn il keçiriləcək imtahanlarda ciddi dəyişikliklər olacaq

Samir Soltanov/AZADİNFORM. Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən noyabr ayı ərzində Gəncə, Şəki, Lənkəran, Naxçıvan şəhərlərində "Dövlət İmtahan Mərkəzinin fəaliyyəti: İmtahanlara dövlət və ictimai nəzarətin vəhdəti" mövzusunda silsilə konfranslar keçirilib. Konfransların keçirilməsində əsas məqsəd DİM-in fəaliyyəti ilə tanışlıq, 2019-cu ildə keçiriləcək qəbul və buraxılış imtahanlarının modelləri, tələbə qəbulu, dövlət qulluğuna qəbul və digər kampaniyaların idarə olunmasında dövlət, ictimaiyyət nümayəndələrinin iştirakı haqqında məlumat verməkdir. 

Azadinform xəbər verir ki, Dövlət İmtahan Mərkəzi tərəfindən növbəti konfrans noyabrın 17-də Bakıda keçirilir. 

Konfransda DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə "Dövlət İmtahan Mərkəzinin fəaliyyəti: İmtahanlara dövlət və ictimai nəzarətin vəhdəti" mövzusunda açılış nitqi ilə çıxış edib: “Gələn il Dövlət İmtahan Mərkəzi üçün gərgin keçəcək. Çünki gələn il keçiriləcək imtahanlarda ciddi dəyişikliklər olacaq. Dövlət İmtahan Mərkəzi fəaliyyəti ərzində həyata keçirdiyi bütün tədbirlərdə ictimaiyyətin məlumatlandırılmasına, ictimaiyyət nümayəndələrinin qəbul proseslərinin idarə olunmasında iştirakına, bu sahədə vətəndaş nəzarətinin təşkilinə böyük önəm verib. Həyata keçirilən tədbirlərin yüksək ictimai əhəmiyyəti nəzərə alınaraq, DİM-in fəaliyyətində şəffaflıq və ictimai nəzarət tam şəkildə təmin olunub. Sədr bildirib ki, müxtəlif kütləvilik dərəcəsinə malik və müxtəlif sahələri əhatə edən, məzmun və metodika baxımından rəngarəng imtahanların hazırlanması və idarə olunması müvafiq maddi-texniki baza ilə yanaşı, ciddi insan resurslarının cəlb olunmasını da tələb edir. DİM-in mərkəzi aparatı və regional bölmələri də daxil olmaqla ümumilikdə şəxsi heyəti 210 nəfərdən ibarətdir. Təbii ki, qeyd olunan həcmdə tədbirlərin keçirilməsi üçün bundan daha çox sayda əməkdaşa ehtiyac yaranır. DİM-in həyata keçirdiyi imtahanlarda ümumilikdə 641517 nəfər iştirak edib. İmtahanların təşkili və idarə olunmasına 48 mindən çox əməkdaş, məzmunun formalaşdırılması üçün isə 2 mindən çox mütəxəssis cəlb edilib”. 

Tədbirdə ali təhsil müəssisələrinin rektorları, müxtəlif təşkilat və səfirliklərin nümayəndələri, təhsil ekspertləri nəzarətçi-müəllimlər, imtahan rəhbərləri, ictimai şura üzvləri, qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edirlər.

17.11.2018 11:10 / Baxılıb: 101 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    14.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo