ADU-nun rektoru Perunun Azərbaycandakı ilk səfiri ilə görüşüb

AZADİNFORM. Azərbaycan Dillər Universitetinin rektoru, AMEA-nın həqiqi üzvü Kamal Abdulla Perunun Azərbaycandakı ilk fövqəladə və səlahiyyətli səfiri Mariya Milaqros Kastanyon Seoane ilə görüşüb.

ADU-dan Azadinform-a verilən məlumata görə, Perunun ölkəmiz tərəfdən dərin hörmətə sahib ölkələrdən olduğunu deyən akademik Kamal Abdulla xanım diplomatı universitetdə görməkdən məmnun olduğunu bildirib. Rektor ona universitet haqqında məlumat verib. Bildirib ki, təhsil ocağında bir çox dillər tədris olunur. Rektor, həmçinin universitetdə ispan dilinin yüksək səviyyədə tədrisindən və universitetdə İspan dili mərkəzinin fəaliyyətindən danışıb. Akademik Kamal Abdulla ADU ilə İspaniya və Argentina universitetləri arasında əlaqələrin mövcudluğunu qeyd edib və bu əlaqələrin daha da güclənəcəyinə ümidvar olduğunu bildirib. ADU-da həyata keçirilən “Səfir saatı” klubu barəsində ətraflı məlumat verən rektor qonağı bu layihə çərçivəsində tələbələrə mühazirə deməyə dəvət edib. 

Dillər Universitetinin rektoru Azərbaycanın multikulturalizm sahəsində gördüyü işlərdən danışaraq bu istiqamətdə də birgə əməkdaşlığın mümkünlüyündən söz açıb. Azərbaycandakı multikultural mühit haqqında danışan rektor vurğulayıb ki, hazırda “Azərbaycan multikulturalizmi” fənni bir çox ölkələrdə tədris olunur.

Səmimi qəbula görə ADU rəhbərliyinə öz təşəkkürünü bildirən səfir Mariya Milaqros Kastanyon Seoane Bakıya və buranın əhalisinin yüksək qonaqpərvərliyinə heyran qaldığını söyləyib. Azərbaycan qadınlarının şücaətini və mübarizliyini xüsusi vurğulayan səfir onlarla işləməkdə maraqlı olduğunu deyib. O, mövcud əlaqələrin, qarşılıqlı-faydalı əməkdaşlığın bundan sonra daha yüksək səviyyəyə çatacağına əminliyini ifadə edib.

Daha sonra qarşılıqlı əməkdaşlıq, tələbə və müəllimlərin təkmilləşməsi istiqamətində aparılacaq işlər və gələcək perspektivlər müzakirə olunub.

14.11.2018 14:29 / Baxılıb: 362 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    12.12.2018
    11.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo