Prezident İlham Əliyev Slovakiyanın Baş naziri ilə görüşüb

AZADİNFORM. Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 13-də Slovakiyanın Baş naziri Peter Pelleqrini ilə görüşüb.

Azadinform xəbər verir ki, dövlət başçısı Peter Pelleqrinini Slovakiyanın Baş naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib.

Prezident İlham Əliyev Peter Pelleqrininin Baş nazir kimi ilk dəfə Azərbaycana səfər etməsindən və bu yüksək vəzifəyə təyin olunduğu az vaxtdan sonra ölkəmizə gəlişindən məmnunluğunu bildirib. Dövlət başçısı qeyd edib ki, Peter Pelleqrininin Azərbaycana səfəri ikitərəfli münasibətlərimizin inkişafı üçün əlverişli imkan yaradır. Prezident İlham Əliyev bildirib ki, Azərbaycan-Slovakiya münasibətləri ölkəmizin Avropa İttifaqı ilə əməkdaşlığının inkişafı baxımından da önəmlidir. Dövlət başçısı bu ilin iyulunda Azərbaycan ilə Avropa İttifaqı arasında Brüsseldə paraflanmış “Tərəfdaşlıq prioritetləri” sənədini Avropa İttifaqı tərəfindən Azərbaycanla əlaqələrə verilən önəmin göstəricisi kimi dəyərləndirib.

Slovakiya Respublikasının Baş naziri Peter Pelleqrini xoş sözlərə və göstərilən yüksək qonaqpərvərliyə görə minnətdarlıq edib. O, Baş nazir kimi Azərbaycana birinci dəfə səfər etməsindən məmnunluğunu bildirərək bundan əvvəl parlament spikeri vəzifəsində çalışarkən Avropa Oyunları zamanı ölkəmizə gəldiyini vurğulayıb. O, bu mötəbər beynəlxalq tədbirin böyük uğurla təşkil olunduğunu deyib. Qonaq ölkələrimiz arasında ikitərəfli münasibətlərə toxunaraq bu səfəri zamanı Bakıda keçirilən Azərbaycan-Slovakiya biznes forumunun önəmini qeyd edib və bunun iqtisadi sahədə əməkdaşlığımızın genişlənməsi işinə öz töhfəsini verəcəyini vurğulayıb.

Bundan əvvəl Azərbaycan və Slovakiyanın baş nazirlərinin görüşü olub.

13.11.2018 21:48 / Baxılıb: 74 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    15.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo