Avtobus qəzalarının səbəbləri

Aygün Nəbiyeva / AZADİNFORM. Ölkəmizdə avtobus qəzaları hələ də aktual mövzu olaraq qalır. Demək olar ki, hər gün, hətta gün ərzində bir neçə dəfə bu tip qəzalarla bağlı xəbərlər oxuyur, eşidir və görürük.

Məsələ ilə bağlı bir sıra tədbirlər görülsə də vəziyyət hələ də ürəkaçan deyil.

 

Mövzu ilə əlaqədar olaraq Azadinform-a fikirlərini bildirən nəqliyyat məsələləri üzrə ekspert Azər Allahverənov avtobus qəzaları ilə bağlı məsələnin hər zaman gündəmdə olduğunu qeyd edib: “Bəzi hallarda bu qəzalar avtobus sürücüsünün səriştəsizliyi ucbatından baş verir. Başqa səbəb isə digər sürücülərin hər hansı inzibati xəta törətmələri avtobus sürücüsünün də qəzaya uğramasına gətirib çıxarır. Amma istənilən halda vacib məsələ ondan ibarətdir ki, avtobus idarəetmə bacarığı kifayət qədər yüksək bilik və bacarıq tələb edir. Təəssüflər olsun ki, bizdə avtobus sürücülərinin kateqoriyaları olmasına baxmayaraq onlar öz vərdişlərini uzun zaman istifadə etməyəndə bir qədər zəifləmiş, peşəkarlığı azalmış olur. Düşünürəm ki, Azərbaycanda avtobus sürücüləri ilə bağlı məsələ gündəmdə saxlanılmalı və tədrisi yenidən nəzərdən keçirilməlidir. Çünki bəzi Skandinaviya və Avropa ölkələrinə nəzər salsaq ictimai nəqliyyatı idarə edən sürücülər ən azı 3 illik təhsildən, praktikadan keçirlər və daha sonra xidmətə buraxılırlar. Bizdə isə tədris müddəti çox azdır. Bəzi yerlərdə 3 ay, bəzi yerlərdə 6 ay kurs olur. Bütün hallarda bu çox az müddətdir. Avtobus sürücüsü kimi çalışmaq istəyən şəxs digər keyfiyyətlərlə yanaşı, həm də peşənin tam incəliklərinə yiyələnməlidir. Bu isə daha uzun müddətli tədris tələb edən məsələdir”. Ekspert avtobus sürücülərinin psixoloji məsələlərinə də diqqət yetirməyin lazımlı olduğunu bildirib: “Bəzən sürücülər münaqişədən çıxmış və ya depressiv vəziyyətdə ola bilər. Belə olduğu halda avtobusun idarə olunması müəyyən problemlərə gətirib çıxarır. Xüsusi ilə də adekvat olmayan sürücülük vəziyyətinin yaranması baş verə bilər. Hesab edirəm ki, psixoloji testlər zamanı avtobusun idarə olunmasına buraxılan şəxsin psixoloji durumu ilə də bağlı testlərin keçirilməsi olduqca vacibdir. Mən bildiyim qədər bu baş verir. Amma bu bir dəfə yox, davamlı olmalıdır”.

Digər tərəfdən bu məsələdə sərnişin daşıma xidmətlərini həyata keçirən şirkətlərin də müəyyən öhdəlikləri olduğunu,  faktiki olaraq onlar istifadəyə yararlı avtobusları xəttə buraxmalıdır, - deyən ekspert əlavə edib ki, avtobusun idarə olunmasında texniki problemlər varsa bu da qəzalara yol açmış olur: “Məsələn, əyləc sisteminin normal işləməməyi, yaxud avtobusun mexaniki hissəsində digər problemin olması məsələyə birbaşa olaraq təsir göstərən bir haldır. Avtobusların çoxu kart sisteminə keçməyib, nağd ödəniş hələ də qalmaqdadır. Belə olan halda avtobus sürücüləri gündəlik plandan asılı bir vəziyyətdə olurlar. Və nəticədə sürücülər avtobusu daha tez idarə etməyə, maksimum müştəri götürməyə çalışırlar. Çünki onların da məvacibi bundan formalaşır. Avtobusların hamısı kart sisteminə keçməli və sürücülər aylıq məvaciblə təmin olunmalıdır. Belə olduğu halda sürücünün diqqəti daha çox sərnişin götürməyə deyil, daha təhlükəsiz idarə etməyə yönələcək”.

 

Mövzu ilə bağlı və görülən işlərdən danışan Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib ki, hələ də bu sahədəki vəziyyət qənaətbəxş deyil: “Sürücülərin peşəkarlığının artırılması üçün BNA tərəfindən sürücü təlim mərkəzi yaradılıb. Hazırda sürücü kimi çalışan şəxslər orda təlimlərə cəlb olunublar. Bütün bunlara baxmayaraq vəziyyət bizi də qane etmir”.

12.11.2018 14:25 / Baxılıb: 552 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    14.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo