Aİİ 9 Noyabr Dövlət Bayrağı Gününü qeyd edib Fotolar

Samir Soltanov/AZADİNFORM. Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) 9 Noyabr - Azərbaycanın Dövlət Bayrağı Gününə həsr olunmuş tədbir keçirib. 

Azadinform xəbər verir ki, tədbirdə İnstitutun müəllim-tələbə heyəti, Milli Məclisin deputatı, politoloq Elman Nəsirov və digər qonaqlar iştirak ediblər. 

Aİİ rektoru Ceyhun Məmmədov 9 Noyabr - Dövlət Bayrağı  Günü münasibətilə tədbir iştirakçılarını təbrik edərək bildirib ki, bu gün xalqımızın həyatında əlamətdar və müqəddəs bir gündür. “Bayraq tariximiz, keçmişimiz, bu günümüz, müqəddəs dövlət rəmzimizdir”, – deyən rektor Azərbaycan xalqının zaman-zaman öz azadlığı və müstəqilliyi uğrunda fədakar mübarizə apardığını, canı, qanı hesabına müstəqil dövlət qurduğunu, öz üçrəngli bayrağını ucaltdığını söyləyib və qeyd edib ki, bu gün bu bayrağın ətrafında birləşmişik. 

C. Məmmədov Ümummilli Lider Heydər Əliyevin həyata keçirdiyi uzaqgörən və müdrik siyasət nəticəsində Dövlət Bayrağımızın dünyanın müxtəlif mötəbər və nüfuzlu beynəlxalq təşkilatlarında, elm, mədəniyyət mərkəzlərində dalğalandığını xüsusi vurğulayıb. Bildirilib ki, Prezident İlham Əliyevin uğurla gerçəkləşdirdiyi mütərəqqi siyasət ölkəmizin beynəlxalq siyasi nüfuzunun yüksəlməsini, dünya birliyində öz layiqli yerini tutmasını təmin edib. 

Milli Məclisin deputatı politoloq Elman Nəsirov Dövlət Bayrağımızın Azərbaycan Respublikasının suverenliyinin rəmzi olduğunu vurğulayaraq, Dövlət Bayrağı Gününün yaranması haqqında ətraflı məlumat verib. Millət vəkili bildirib ki, bayrağımız 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasında qəbul edilib və 1920-ci ilin aprelinədək dövlət statusuna malik olub. 17 noyabr 1990-cı ildə Müstəqil Azərbaycan Respublikasının memarı və qurucusu, görkəmli dövlət xadimi Hydər Əliyvin təşəbbüsü və rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisində keçirilən sessiyada məsələ qaldırılıb və üçrəngli bayrağımız ilk dəfə olaraq Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilib. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikası Ali Soveti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsatətinə baxıb və üçrəngli bayrağın Azərbaycanın Dövlət Bayrağı kimi qəbul edilməsi haqqında qərar verib.

E. Nəsirov diqqətə çatdırıb ki, müstəqilliyimizin rəmzi olan bayrağımız həmişə uca tutulub, onun qorunması və mühafizəsi ilə bağlı bir çox qanun və sərəncamlar verilib. Belə ki, Ulu Öndər Heydər Əliyevin 1998-ci il 13 mart tarixli “Azərbaycan Respublikasının dövlət atributlarının təbliği işinin gücləndirilməsi haqqında” Sərəncamı dövlət atributlarının, o cümlədən bayrağımızın təbliği baxımından mühüm əhəmiyyət daşıyıb. Bundan əlavə, 8 iyun 2004-cü ildə “Azərbaycan Respublikası Dövlət Bayrağının istifadəsi qaydaları haqqında” qanun imzalanmış, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev 17 noyabr 2007-ci ildə Bayraq Meydanının yaradılması, 17 noyabr 2009-cu ildə isə Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında sərəncamlar vermişdir.  

Qeyd edək ki, Aİİ-nin kollektivi və tələbələri Azərbaycan Respublikası Dövlət Bayrağı Gününün qeyd edilməsi münasibətilə sabah Cəbrayıl rayonunun işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndinə səfər edəcək. Səfərdə Cocuq Mərcanlı kənd orta məktəbi, Şuşa şəhərindəki Gövhər Ağa məscidinin bənzəri olan kənd məscidi, “Aprel şəhidləri xatirəsinə ucaldılmış abidə-kompleksi” ziyarət ediləcək və ərazidə inşa olunmuş Mədəniyyət evində milli-vətənpərvərlik mövzusuna həsr olunmuş tədbir keçiriləcək. Səfərin təşkilində əsas məqsəd tələbələrin vətənpərvərlik ruhunun gücləndirilməsi və milli ruhda yetişməsi, milli təəssübkeşliyin, torpağa bağlılığın, dövlətə sevginin aşılanmasıdır.   

8.11.2018 18:30 / Baxılıb: 80 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
19.11.2018
18.11.2018
 
2018 All right reserved www.azadinform.az Powered by Danneo