Azərbaycançılıq əsl milli ideya mənəvi dəyərlərin universallıq kontekstində

Müstəqilliyimizin ilk illərində Azərbaycanın düşdüyü dərin böhran, təkcə, Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü, Qarabağdakı aqressiv erməni separatçılığı ilə bağlı deyildi. Həmin dövrdə bütövlükdə respublikada milli-etnik ixtilaf, bölücülük tendensiyası cücərməkdə idi və bu, ayrı-ayrı bölgələrdə özünü göstərirdi. Bu baxımdan, Ulu öndər Heydər Əliyevin  azərbaycançılığı ümummilli ideologiya olaraq irəli sürməsi onun Azərbaycan dövlətçiliyi naminə göstərdiyi ən böyük tarixi xidmətlərindən biridir. Məhz, azərbaycançılıq Azərbaycana qarşı bir çox istiqamətlərdən yönələn təhdidlərin, ölkəmizi etnik bölücülük əsasında parçalamaq cəhdlərinin qarşısında güclü ideoloji və siyasi sipər oldu. Çünki azərbaycançılıq bizim keçmişimizdən süzülüb gələn mənəvi dəyər olaraq, vahid Azərbaycanın ideya əsası, ölkədə bütün konfessiya və etnosların həmrəylik və anlaşma içində birgəyaşayışının tarixi təcrübəsidir. Ümummilli lider öz çıxışlarında bir vacib məqamı hər zaman diqqətə çatdırıb ki, Azərbaycanın çoxmillətli, tolerant ölkə olması bizim böyük sərvətimizdir və biz bunu qoruyub saxlamalı, dünyada ən yüksək səviyyədə təbliğ etməliyik.

 

Akademik Ramiz Mehdiyev 9 noyabr 2007-ci il tarixdə, "Azərbaycan" qəzetində çap olunan "Azərbaycançılıq - milli ideologiyanın kamil nümunəsi" adlı məqaləsində yazır ki, "azərbaycançılıq" anlayışı milli siyasi diskursda, nisbətən, yaxın vaxtlardan işlədilir: "O, ölkədə yaşayan bütün etnik qrupları və millətləri ümumdövlət mənafeləri və dəyərləri əsasında real surətdə birləşdirmək ideyasının verballaşdırılması kimi, 1992-1993-cü illərdə, xüsusilə, geniş yayılan şovinist və separatçılıq əhval-ruhiyyəsinə qarşı mübarizə ideyası kimi meydana gəlmişdir. Yeni anlayış ictimaiyyət tərəfindən kifayət qədər tez dəstəklənmiş, təzə, məzmunlu elementlərlə dolğunlaşmışdır. Düşünürük ki, indi "azərbaycançılıq" artıq milli ideologiyanın ilk nümunəsi hesab edilə bilər". 

 

Tarix elmləri doktoru, professor Əli Həsənov "Heydər Əliyev və milli dövlətçilik təlimi - azərbaycançılıq" məqaləsində yazır ki, 1993-cü ildən Ulu öndərin siyasi rəhbərliyə gəlişi ilə bütün Azərbaycan vətəndaşlarının - dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, ölkənin istiqlaliyyətini dəstəkləyən insanların vahid dövlətçilik ətrafında birləşdirilməsi üçün ciddi iş aparıldı. Cəmiyyətdə hakim olan istiqlal arzusu, azərbaycançılığın müstəqil dövlətin bütün əhalisinin ali ideologiyasına çevrilməsi, ümummilli birliyin təmin olunması zərurəti tezliklə ictimai-siyasi və mənəvi dairələrin gündəliyinə çıxarıldı.

 

Professor Səlahəddin Xəlilovun "Heydər Əliyev və azərbaycançılıq məfkurəsi" kitabı da Ulu öndərin ideyaları əsasında formalaşan müasir azərbaycançılıq təliminin elmi-nəzəri və ideoloji bir sistem kimi şərhinə həsr olunmuşdur. Müəllif Ümummilli liderin hakimiyyətə qayıdışından sonra ölkədə formalaşmağa başlayan milli inkişaf strategiyasının ideya-siyasi əsaslarını təhlil edir, azərbaycançılıq ideyasının birləşdirici rolunu elmi əsaslarla araşdırır. Əsərdə azərbaycançılığın əsasları kimi, söhbət təkcə, milli dildən, dindən, adət-ənənədən, mədəni-mənəvi dəyərlərdən, habelə, bu dəyərlərin normativ hüquqi aktlarla təsbit olunmasından getmir. Müəllifin mövqeyi belədir ki, bu milli sərvətlərin ayrı-ayrılıqda öyrənilməsi, dəyərləndirilməsi, sadəcə, qorunub saxlanması azdır, bu dəyərlər ictimai miqyasda, Vətən miqyasında, məhz, dinamik bir proses kimi saxlanılmalı və inkişaf etdirilməlidir. 

Əlbəttə, azərbaycançılıq ideyası Azərbaycanda yaşayan və onu özlərinin ümumi Vətəni hesab edən bütün etnik qrupların ideyası kimi çıxış etmişdir. Məna və məzmunca bir-birini tamamlayan bu ideyanı, eyni zamanda, zamanın və ölkə ərazisində yaşayan bütün xalqların arzularına rəğmən birlik tələbi kimi də dəyərləndirmək olar. Bu, elə bir zamanda irəli sürüldü ki, həqiqətən, Vətənin də buna dərdinə ehtiyacı yaranmışdı. 

 

Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, milli məsələlər üzrə ekspert Niyaz Niftiyev bizimlə söhbətində bildirdi ki, Ümummilli lider Heydər Əliyevin ölkəmizdə yaşayan bütün xalqlara, milli azlıqlara azərbaycançılıq kontekstindən yanaşma tərzi də diqqətçəkən məqamlardandır: “Ulu öndər ölkənin etnik rəngarəngliyini dövlətimizin tarixi-siyasi nailiyyəti hesab edir, bu nailiyyətin qorunub saxlanılmasına xüsusi diqqət və qayğı ilə yanaşır, dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, Azərbaycanın burada yaşayan hər kəsin doğma ata-baba yurdu, Vətəni olduğunu dönə-dönə vurğulayırdı”.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Tural Vəlizadə yazılarının birində son dövrlər dünyada baş verən neqativ hadisələrə nəzər salaraq maraqlı bir analogiya aparır: “Şübhəsiz, dinə bu cür qayğının təməlində milli-mənəvi dəyərlərimizin qorunması, qloballaşan dünyada milli özünəməxsusluğun itirilməsinin qarşısının alınması, Azərbaycançılıq məfkurəsinin təbliği və gəncləri milli ruhda yetişdirmək istəyi durur. Dövlətimiz ölkədə yaşayan digər dinlərin nümayəndələrinə də qayğı göstərərək onların problemlərinin həllinə şərait yaradır, bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirir. Xüsusilə, din sahəsində sabitliyin, o cümlədən dini dözümlülük və multikultural ənənələrin qorunub saxlanılması, radikalizm meyllərinin qarşısının alınması istiqamətində ciddi işlər görülür”.

 

Ümummilli lider Heydər Əliyev Azərbaycanın dövlət başçısı kimi, azərbaycançılıq ideologiyasını formalaşdırarkən çoxəsrlik milli-mənəvi dəyərlərin qorunmasına, dövlət siyasətində ehtiva olunmasına ciddi diqqət yetirirdi. Hələ çox-çox əvvəl, 13 avqust 2001-ci ildə verdiyi məlum bəyanatında ölkədəki demokratiyadan sui-istifadə edənlərə müraciətlə deyirdi: "Hər xalqın öz adət-ənənəsi var, öz milli-mənəvi və dini dəyərləri var. Biz öz milli-mənəvi dəyərlərimizlə, öz dini dəyərlərimizlə, adət-ənənələrimizlə fəxr edirik. Əgər, insan mənsub olduğu millətin milli-mənəvi dəyərlərini anlaya bilmirsə, yaxud, onları qəsdən təhrif edirsə, əgər, vəziyyət o dərəcəyə çatırsa ki, hətta, Azərbaycanın dini rəhbəri təhqir olunur, onda təbiidir ki, bu, bizi narahat etməlidir. ...Biz Azərbaycanda demokratiyanın bütün tələblərini tətbiq  etmişik, edəcəyik də. Ancaq Azərbaycanın milli-mənəvi dəyərlərinə qarşı, Azərbaycanın milli mentalitetinə qarşı yönəldilmiş hərəkətlərin hamısının qarşısı alınacaqdır". 

Ümummilli lider Heydər Əliyev ölkənin etnik mənzərəsini belə görürdü: milli adət və ənənələrimizin etnik kökü, genetik fondu beynəlxalq dövriyyəyə nöqsansız buraxılsın. Azərbaycançılığın dəyəri digər dövlətçilik dəyərlərinin zirvəsində dayansın. Çünki azərbaycançılıq əsl milli ideyadır. Milli ideya mənəvi dəyərlərin universallığıdır. Bütün etnik fərdlərin, dinlərin, etnosların, məzhəblərin bir ölkənin sərhədləri daxilində, vahid mənəvi məkanda, beynəlmiləlçilik adlı ortaq milli səma altında birliyidir, Vətən adlı vahid kökə bağlılığıdır, milliliyin beynəlmiləlçiliklə sintezidir. 

 

Bu ideyaların davamçısı Prezident İlham Əliyev də Bakıda keçirilən "Dinlərarası dialoq: qarşılıqlı anlaşmadan birgə əməkdaşlığa doğru" mövzusunda keçirilən beynəlxalq konfransdakı çıxışında Azərbaycanda hökm sürən yüksək tolerantlıq mühiti barədə fərəhlə söz açmışdır. Azərbaycanı səmavi dinlərin birgəyaşayış məkanı, çoxmillətliliyi ölkəmizin əvəzedilməz sərvəti hesab edən Prezident İlham Əliyev bu gün dini inancları bütün siyasi proseslərdən uca tutan milli ruhlu bir nəsil yetişdirilməsi, zəngin mənəvi aləmə malik azərbaycanlı obrazının dünyaya tam dolğunluğu ilə tanıdılması üçün bütün bilik və bacarığını sərf etməkdə, dini konfessiyalar arasında heç bir qüvvənin sarsıda bilməyəcəyi məhəbbət və sədaqət körpüləri qurmaqdadır. Belə də olmalıdır. Çünki "öz tərkibində, təkcə, etnosları deyil, hətta məzhəbləri, dini konfessiyaları vahid mənəvi məkanda birləşdirəndə yaranır azərbaycançılıq ideyasının təkrarsızlığı, milliliyi, bəşəriliyi".

 

 

Göründüyü kimi, azərbaycançılıq heç bir xalqın humanist (milli) ideallarına qarşı çıxmamışdır, bu gün də çıxmır və gələcəkdə də çıxmayacaqdır. Bu, elə bir sarsılmaz ideologiyadır ki, bütün zamanlarda Azərbaycanı özünə doğma yurd, Vətən hesab edən hər kəsi əbədi qardaşlıq və qırılmaz məhəbbət telləri ilə bir-birinə bağlayacaqdır.

 

 

Bu gün Azərbaycanda mövcud olan etnik-dini tolerantlıq hazırda bəzi inkişaf etmiş ölkələrə də örnək göstərilir. İnsan hüquqları üzrə ixtisaslaşmış beynəlxalq təşkilatların hesabatlarında Azərbaycanda müxtəlif dini sivilizasiyalar arasındakı münasibətlərin yüksək səviyyədə olduğu, dini azlıqların maraq və mənafelərinin qorunduğu razılıqla bildirilir.  

Bütün bunlar bir daha sübut edir ki, Ümummilli liderin banisi olduğu azərbaycançılıq ideyasının nəinki daxildəki milli azlıqların, eyni zamanda, dünya azərbaycanlılarının konsolidasıyasında, milli mənlik şüurunun tamamlanmasında və milli özünüdərk qabiliyyətinin yüksək mərhələyə gəlib çatmasında önəmli rolu danılmazdır. Millətimiz Ulu öndərin azərbaycanlıları bir amal uğrunda birləşdirən bu nəhəng azərbaycançılıq missiyasını lazım olduğu qədər qiymətləndirir, onun əhəmiyyətini zaman keçdikcə daha aydın və dərindən dərk edir. Bu gün də Prezident İlham Əliyevin rəhbərliyi altında və uzaqgörən siyasəti ilə Ümummilli liderin millətimiz üçün qoyduğu bu sarsılmaz yolu inamla irəliləməkdəyik.  


Adəm Abbaslı

Azadinform İnformasiya Agentliyinin müxbiri


Yazı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun “Media və mənəvi dəyərlər” mövzusunda  elan etdiyi müsabiqəyə təqdim olunur

8.11.2018 09:00 / Baxılıb: 971 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.11.2018
    18.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo