Bizim mətbuat, xüsusən də yazılı media dil məsələlərində daha həssasdır Ekspert

Aygün Nəbiyeva / AZADİNFORM. KİV-də Azərbaycan dil normalarını qorumaq əsas vəzifələrdən biridir. Bu gün mediada kifayət qədər dil normalarının pozulması halları ilə qarşılaşırıq. Xüsusən radio və televiziya kanallarında şou tipli proqramlarda bunu daha çox görmək olar. Aparıcılar kamera və mikrofon qarşısında danışarkən bir çox səhvlərə yol verirlər. Efirdə ədəbi dillə bağlı problem hələ də aktual mövzulardan biridir.

Bəs KİV-lər dil normalarının qorunması üçün nə edilməlidir?

Məsələ ilə bağlı Azadinform-un suallarını cavablandıran Mətbuat Şurasının İdarə Heyətinin üzvü Azər Həsrət bildirib ki, Azərbaycan dövləti dilin qorunmasından ötrü lazımi addımlar atır: “Məsələ ilə bağlı cənab prezident özü müvafiq Fərman imzalayıb. Mənə elə gəlir ki, bizim üzərimizə düşən bu Fərmana uyğun olaraq addımların atılmasıdır. Daha doğrusu, öz fəaliyyətimizi ona uyğunlaşdırmalıyıq. Bizim KİV-lərimiz xüsusən, də yazılı mediamız dil məsələlərində daha həssasdır. Amma təəssüflər olsun ki, radio və televiziya haqqında o qədər də yaxşı danışa bilmirik. Bilmirəm, bu saat bəlkə təsadüfü adamlar, yaxud dil bilgiləri zəif olanlar, ya da indiki dövrdə bədii ədəbiyyat oxumağa tənbəllik edənlər aparıcılıq edirlər. Ona görə də belə arzuolunmaz, xoşagəlməz durumlar yaranır”.

Məsələ ilə bağlı monitorinqlər aparıb müvafiq təqdimatlar vermək, qüsurların aradan qaldırılmasını göstərməklə problemləri aşkara çıxartmalı, həllinə çalışmağın vacib olduğunu vurğulayan ekspert qeyd edib ki, Mətbuat Şurasında KİV-nin dilinin monitorinqi ilə məşğul olan komissiya fəaliyyət göstərir: “Düzdür, komissiya mərhələli şəkildə öz rəylərini açıqlayır. Amma mən düşünürəm ki, bu yetərli deyil. Buna görə də cənab prezidentin Fərmanında monitorinq mərkəzinin yaradılması ilə bağlı məqamı xüsusi alqışlamaq lazımdır. Çünki, o mərkəz yaradılacağı təqdirdə, dövlətin bu problemlə daha sistemli şəkildə məşğul olacağı haqqında danışa bilərik”.

7.11.2018 16:17 / Baxılıb: 408 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    12.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo