Almaniya səfiri Dövlət Komitəsində olub

Adəm Abbaslı/AZADİNFORM. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Almaniya Federativ Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Mixael Kindsqrabla görüşüb.

Komitədən Azadinform-a verilən məlumata görə, sədr Azərbaycanla Almaniya arasında əlaqələrin inkişaf etdiyini, Federal Kansler xanım Angela Merkelin bu ilin avqustunda ölkəmizə səfərinin tarixi əhəmiyyət daşıdığını və ikitərəfli əlaqələrə yeni təkan verdiyini qeyd edib. 

Almaniyalı diplomatlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin  nəticəsində 1 milyon 200 min azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyü bildirilib, bu humanitar fəlakətin fəsadları və  onların aradan qaldırılması üçün dövlətimizin və hökumətimizin gördüyü tədbirlər barədə ətraflı məlumat verilib.

Qeyd edilib ki, məcburi köçkünlərin sosial problemlərinin həlli, mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün məqsədyönlü və davamlı iş aparılır. Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə icra edilən Dövlət Proqramı çərçivəsində yeni yaşayış kompleksləri salınır, məcburi köçkünlər layiqli həyat şəraiti ilə təmin olunurlar. Hələ də ən ağır vəziyyətdə yaşayan məcburi köçkünlərin yeni mənzillərə ilk növbədə köçürülməsi ilə bağlı Birinci vitse-prezident xanım Mehriban Əliyevanın tapşırıqlarının  icrası davam etdirilir.

Görüşdə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) ölkəmizdə məcburi köçkünlərlə bağlı icra etməyə başladığı layihə, həmçinin bu kateqoriyadan olan vətəndaşlarımızın məşğulluğunun genişləndirilməsi imkanları barədə fikir mübadiləsi aparılıb.

7.11.2018 15:49 / Baxılıb: 329 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    12.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo