ABŞ-ın siyasətini bəyənməyən dövlətlərin sayı artır Politoloq

Ləman Hüseynzadə / AZADİNFORM. “İranın güclənməsinin səbəbi bilavasitə ABŞ-ın bu dövlətə qarşı tutduğu mövqedən asılıdır, yəni ondan qaynaqlanır. Çünki İran 1979-cu ildə inqilabdan sonra dərhal İraq müharibəsinə qatıldı.

8 il sürən bu müharibədə İran çox ağır bir vəziyyətdə ayaqda qala bildi. İran gördü ki, İraqın 20-dən artıq müttəfiqi olduğu halda, onun yalnız 1 müttəfiqi var. İran anladı ki, onun həlli proqramı olmalıdır, gərək özünü müdafiə etməkdən ötrü müxtəlif vasitələrdən istifadə etsin. Öz elmi, texniki potensialını gücləndirsin. Həmin o müharibə dövründə də ABŞ İranı təzyiqlərə məruz qoymuşdu. Hətta müharibənin son anlarında ABŞ-ın hərbi gəmiləri Fars körfəzindən, İran mövqelərindən atəşə tutulmuşdu. İran başa düşdü ki, gələcəkdə əgər öz müqəddəratını özü həll etmək istəyirsə güclənməyi vacibdir”.

Bu fikirləri Azadinform-a açıqlamasında politoloq Tofiq Abbasov deyib.

O bildirib ki, ABŞ-da İrana qarşı tətbiq olunan sanksiyalarla bağlı münasibət bildirən qüvvələr Amerikanı qınayırlar: “Onlar ABŞ-ı qınayaraq deyirlər ki, həmişə dialoq əvəzinə diktatdan istifadə etməklə İranla münasibətlər qurmaq istəyir, bununla rəsmi Tehranı qorxudur və bu səbəblə də Tehran öz siyasətinə müxtəlif düzəlişlər edir. İran anlayır ki, heç bir dövlətdən, o cümlədən Amerikadan asılı olmasın. Bu baxımdan əminəm ki, İran dövlətini diz çökdürmək çox çətindir. Bəlkə də praktiki olaraq mümkünsüzdür. Amerika bunu başa düşə-düşə yenə də təzyiqlərini artırır və bu dəfə sanksiyalara edilən əlavələr göstərdi ki, ABŞ-ın bu siyasətini bəyənməyən dövlətlərin sayı artır. Burda yaxın müttəfiqlərdən Britaniya, Fransa, Almaniya və digər Avropa dövlətləri İranla münasibətlərdən vaz keçmək istəmirlər. Ona görə də Avropa İttifaqının xarici əlaqələr blokuna mənsub olan Federika Moqerini açıq şəkildə bəyan edib ki, onlar Amerikadan asılı olmayan maliyyə əməliyyatlarını həyata keçirən mexanizmi işləyiblər və sanksiyalara məhəl qoymadan İranla iqtisadi, ticari münasibətlərini davam etdirəcəklər”. 

Politoloq qeyd edib ki, Çin, Rusiya, Türkiyə, Hindistan, hətta Yaponiya və Cənubi Koreya da İranla münasibətlərini kəsmək niyyətində deyillər: “ABŞ-ın çox böyük səs-küylü bir kampaniyaya başlamağına baxmayaraq dünyada İran siyasətinə müttəfiq tapa bilmir. İsraili və bir-iki dövləti kənara qoysaq burda Amerika təklənir. Hesab edirəm ki, bu münasibətlərin sonu yoxdur və Amerika sərt qarşıdurma siyasətindən istər İran, istər Kuba, Venesuela, istərsə də Rusiya, Çin ilə başqa bir tərzdə münasibət qurmağa başlasın, dialoqa geniş yer versin, çünki belə olmasa onda qlobal nizam da böyük təhlükələrlə üz-üzə qalacaq”.

7.11.2018 13:48 / Baxılıb: 391 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    12.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo