Bədniyyət bayquş, yoxsa xeyirxah bəy quşu?

Aygün Nəbiyeva / AZADİNFORM. Ötən əsrlərdən bəri “bayquş uğursuzluq simvoludur, fəlakət rəmzidir” düşüncəsi cəmiyyət arasında formalaşıb.

Özümüzü “hansı evin bacasında bayquş ulasa o evdən cənazə çıxar” fikrinə inandırmışıq. Evimizin ətrafında görəndə daş atıb qovmuşuq, səsini eşidəndə “bayquş kimi ulama”, “öz başını ye” demişik, kimisə qaş-qabaqlı görəndə isə bayquşa oxşatmışıq. Ancaq bayquş heç bir kimsəyə zərər verməz, məskən olaraq xarabalıqları seçər, deyilənə görə davamlı (xüsusən gecələr) Cənabı Haqqın zikri ilə məşğul olar... Ancaq bayquşda heç bir uğursuzluq yoxdur. 

Dinimizdə də İmam Rza əleyhissalamdan bayquş barədə nəql olunmuş hədis var. Hədisdə deyilir ki, qədim zamanlarda bayquş evlərdə yaşayırdı və nahar zamanı masanın kənarına qonub ev sahibləri ilə birgə yemək yeyərdi. İmam Hüseyn əleyhissalamı şəhid etdiklərinə görə insanlara etimadı azaldı və onlardan ayrılaraq xarabalıqlarda özünə yuva qurdu, orada yaşamağa başladı. Allahın yaratdığı bu heyvan insanlardan vəfasızlıq gördü. Çünki onlar peyğəmbər övladını şəhid etdilər. Belə bir insanı öldürdüklərini görüb bir gün onu da öldürəcəklərini güman etdi. Beləliklə, onlardan ayrılıb tənhalığa üstünlük verdi. Bu günə qədər də tənha yaşayıb heç bir kəslə ünsiyyət yaratmır. Gündüzlər özünü heç kimə göstərmir. Yalnız gecələr öz ruzisini arayır, sonra öz xarabalığında oturub səhərə qədər İmam Hüseyn əleyhissalamı yad edərək ağlayır, naləsi hər tərəfi bürüyür.

 

 

Bəs yaşlı insanlar bu haqda nə düşünür?

 

82 yaşlı Veysal Məmmədovun mövzuyla bağlı danışdıqları da təxminən hədisdə rəvayət olunanlarla üst-üstə düşür. Bayquş haqqında yaranmış mənfi fikirlərə təəccüblə yanaşan Veysəl kişi Bayquşun adi quş olmadığını deyir: “Bizim zamanımızda bu fikir necə yarandı bilmirəm. Bayquşun ulaması həmişə pis tərəfə yozulub. Əvvəllər bizim kənddə onu “bəy quşu” kimi tanıyırdılar. Mən öz nənəmdən eşitmişəm ki, bayquşun əsl adı “bəy quşu”dur. O İmamımızın öldürüləcəyini əvvəlcədən hiss etdiyi üçün kənara çəkilir, tənha yaşayır və o gündən ağlamağa başlayır. Yəqin ki, həmin vaxtdan onun vahiməli səsi, ulaması xalq arasında bədniyyətli, qorxulu quş kimi tanınmasına səbəb olub”.

 

Doğurdanmı bayquş uğursuzluq rəmzidir?

 

 

Bu barədə Azadinform-a fikirlərini bildirən sosioloq, Sağlam Cəmiyyət İctimai Birliyinin sədri Lalə Mehralı qeyd edib ki, hələ qədimdən nənə-babalarımız bayquşu əslində evdə bərəkət və sabitlik rəmzi kimi sayıb, onu “bəy quşu” kimi adlandırılıblar: “Qədimdə hansı evin damına bayquş qonursa onu firavanlıq, ruzi, bolluq, sabitlik rəmzi kimi xarakterizə edərdilər. Xeyrə gəliblər deyərək, qabağına duz çörək qoyurlarmış. Zamanla dəyərlər aşınıb, insanlar nəyisə fərqli yozublar və beləcə gələcək nəsillərə dəyərlər fərqli şəkildə ötürülüb. Ona görə də bayquşun bədbəxtlik gətirdiyinə, nəhs quş olduğuna inanmıram. Belə əlamətlər mənə görə absurd şeylərdir”.

Sosioloq bildirib ki, ümumiyyətlə, qara pişik keçdi, tək ya cüt asqırmaq kimi fikirlər uydurmadan və yozumdan başqa bir şey deyildir: “Heç vaxt tək-cüt səbrə də, bayquşun uğursuzluğuna da inanmamışam. Belə şeylər mənim üçün əhəmiyyətsiz şeylər olub. Zənnimcə, elə şeylərə əhəmiyyət vermək normal deyil”.

7.11.2018 12:35 / Baxılıb: 568 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo