Terminallarda qaytarılmayan qalıq pullar hara gedir?

Aygün Nəbiyeva / AZADİNFORM. Əvvəllər poçtlarda növbədə durub kommunal borcları və digər ödənişlərimizi edirdik.

Amma bu gün demək olar ki, bütün metrostansiyaların çıxışlarında, dayanacaqlarda, market və dükanlarda ödəmə terminalları var. Ödəmə terminalları işimizi asanlaşdırsa da bəzən problemlərlə da qarşılaşırıq. Ölkəmizdə qanunvericiliyə əsasən, dövriyyədə olan dəmir və kağız əskinaslar bütün ödəniş sistemlərində istifadə edilməlidir. Lakin əksər ödəmə terminallarında bu problemlə qarşılaşırıq. Məsələn, 14 manat 30 qəpik yazılırsa məcbur 15 manat ödəməliyik, yaxud ödəmə aparatları çox vaxt qəpik və kağız əskinasları qəbul etmir, geri qaytarır. Belə halların səbəbi nədir və aradan qaldırılma üsulları varmı?

 

Bu barədə Azadinform-un suallarını cavablandıran iqtisadçı-ekspert Rəşad Həsənov bildirib ki, bununla bağlı müxtəlif layihələr həyata keçirilir: “Bu layihələrdə nəzərdə tutulur ki, ödədiyiniz artıq məbləğ başqa formada hesabınızda saxlanılsın. Vəsait sizin telefon nömrənizə və ya başqa hesablarınıza köçürülə bilsin. Bu şəkildə müəyyən proqram təminatlarının üzərində iş gedir. Bu ciddi problemdir. Düşünürəm ki, xüsusi ilə növbəti dövrlərdə ölkəyə ödəmə terminalları idxal olunarkən standartlarla bu terminal sənədlərinin dəyişdirilməsinə də ehtiyac var. Çünki bu terminalların vəsait qəbul etməməyi son nəticədə ciddi işlərə gətirib çıxarır. Eyni zamanda, bir sıra terminallar vardır ki, qalıq pulun qaytarılması ilə bağlı problemlər yaradır. Yəni, onlarda o funksiya işləmir, yoxdur. Belə olduğu təqdirdə kifayət qədər vəsait vətəndaşların cibindən hansısa qurumların hesabına köçürülmüş olur. Bu düzgün deyil. Bunun geri ödənişi ilə bağlı müəyyən mexanizmlər olmalıdır. Məsələn, DYP-nin cərimələri ödənilərkən sizin ödədiyiniz artıq vəsaiti əgər terminal qaytarmırsa qalır hesabda. Amma o, sizin fərdi hesabınızda qalmır ki, növbəti cərimələrdə silinsin. Bu, təşkilatın, birbaşa olaraq qurumun öz hesabına köçürülür və orda da hansı məqsədlərə sərf olunur onu heç kim bilmir. Çox maraqlıdır, il ərzində bəlkə də milyonlarla vəsait bu şəkildə vətəndaşların cibindən çıxır və təyinatı olmayan istiqamətlərə xərclənməsi halları da yüksəkdir”.

Bunu müasir dövrün tələblərinə uyğun model kimi görməyən ekspert belə halları ədalətsizlik kimi qiymətləndirib: “Artıq təşkilatlar və bu xidmətləri təklif edən şirkətlər qarşısında da hüquqi formada qanunvericiliklə öhdəliklərin formalaşdırılmasına ehtiyac var ki, bu xidmətləri təklif edən təşkilatlar artıq öz təqdim etdikləri və ya avadanlıqların müasir tələblərə uyğun funksiyalarla təmin olunmasını yerinə yetirsin”.

6.11.2018 16:36 / Baxılıb: 307 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    12.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo