Küləkli Bakının havasız metrosu Sərnişinlər niyə boğulur?

Ləman Hüseynzadə / AZADİNFORM. “Havasızlıqdan ürəyimiz sıxıldı”, “çatsaydı düşərdik”, “boğuldum” və bu kimi digər şikayətlər... Yəqin ki, gün ərzində metrodan istifadə edən sərnişinlər belə fikirləri tez-tez həm eşidir, həm də səsləndirirlər. Xüsusilə pik saatlarda yaranan sıxlıqda havasızlıq problemi özünü o qədər büruzə verir ki, sərnişinlərdən halı pisləşənlər də olur.

Dəfələrlə “28 May” və “Elmlər Akademiyası” metrostansiyalarında qatardan tələsik bir nəfər sərnişinin düşürüldüyünü və ilkin müdaxilə tədbirləri görüldüyünün şahidi oluruq. Səbəb isə birdir – havasızlıq. Hətta “Ulduz” stansiyasında düşüb havasını dəyişənlər də az deyil. Son vaxtlar həmin stansiyada insanların çoxalması ilə bağlı fikirlər səslənir. Amma həmin şəxslər bir az hava aldıqdan sonra yenidən qatara minib yollarına davam edirlər. Bəs yüzlərlə sərnişinin əziyyət çəkdiyi havasızlıq probleminə səbəb nədir? 

 

Problemin yaranma səbəbləri ilə bağlı Azadinform-a danışan nəqliyyat məsələləri üzrə ekspert Azər Allahverənov qeyd edib ki, havalandırma sistemi metropolitenin vacib komponentlərindən biridir: “Bu gün kimsə desə ki, metropolitendə ümumiyyətlə havalandırma sistemi yoxdur, o fikir bu sahədə məlumatı olan şəxslərdə gülüş yarada bilər. Çünki havalandırma olmadan metropolitenin fəaliyyət göstərməsi mümkünsüzdür, bu, təhlükəsizlik baxımından da vacibdir. Havalandırma sisteminin necə işləməsi, hansı amillərin təsiri olduğu isə başqa bir məsələdir. Beynəlxalq praktikada da faktiki olaraq havalandırmanın mahiyyəti odur ki, təmiz havanı metropolitenə daxil etsin və metro stansiyaların daxilində olan artıq zərərli havanı udsun. Yəni havalandırma 2 cür hava axınını özündə təmin edən sistemdir. Amma çox zaman şahid oluruq ki, metropolitenin pik saatlarında təmiz havanın içəriyə daxil olması lazımı səviyyədə olmur. Belə pik saatlarda bu məqama xüsusi diqqət yetirmək lazımdır. Həmin o vaxtlarda havalandırma sisteminin effektiv işləməsi və əlavə qurğuların işə salınması olduqca vacibdir. Bizim metropolitendə daha çox insanın olduğu saatlarda belə vəziyyətlər müəyyən gərginliyə gətirib çıxarır. Amma istənilən halda həmin o sistemin 3 elementi var. Daimi, müvəqqəti və qəza şəraitində işləyən. Daimi əsaslarla işləyən ventilyator 24 saat işlək olan sistemdir. Amma müvəqqəti işləyənlər müəyyən prosedur zamanı, xüsusilə də tunellərin qurudulmasında istifadə olunur. Qəza şəraitində ventilyator sistemləri daha çox yanğın, qısaqapanma zamanı istifadə olunur. Həm də o, zərərli tullantıların havada olduğu bir vaxtda işlək olur, çünki onu tez bir zamanda çəkib çıxara bilir”. 

Ekspert bildirib ki, şaxtalar əlverişli yerlərdə quraşdırılmayıb: “Meqapolislərdə metropolitenin havalandırma sistemlərinin, şaxtaların çıxdığı məkanlar var. Mən “Əhmədli”, “28 May” və “Memar Əcəmi” metrostansiyalarının yanında belə şaxtalar görmüşəm, var. Mütləqdir ki, həmin şaxtaların ətrafında çox geniş park massivi olsun. Çünki park massivlərində nisbətən daha təmiz hava olur və havada olan zərərli tullantıları uda bilir. Bu baxımdan həmin o ventilyator sistemlərinin ətrafında yaşıllaşdırma yüksək səviyyədə olmalıdır. Müəyyən saatlarda avtomobillərin havaya buraxdığı maddələr nəticəsində hava zəhərlənir, yaxud son günlərdə tozlu hava axınının şahidi oluruq. Belə olduğu təqdirdə lazım olan həcmdə təmiz havanın metropolitenə daxil olması müəyyən mənada problemə çevrilir. Ona görə də metropolitenin şaxtaları olan yerlərdə parklar salınması olduqca vacib məsələdir. Sadaladığım stansiyalarda yalnız “Əhmədli”də belə bir park var”. 

“Digər məsələ də metropolitendə tibb məntəqələrinin fəaliyyət göstərməsidir”, - deyən A.Allahverənov  əlavə edib ki, metropolitendə müəyyən sayda əməkdaşlar işləyir və onlar ilkin tibbi yardım göstərməklə bağlı təlimlərdə yəqin ki, iştirak ediblər: “Amma bu təlimlərə xüsusi diqqət yetirmək lazımdır ki, bu bacarıqlar zaman-zaman təkmilləşdirilsin. Bir dəfə keçirilən təlimlə yox. Bunun üçün dünya praktikasında olan işlək proqramlara baxmaq olar. Metropoliten işçilərinin zəruri tibbi yardım göstərmə bacarığına malik olmasının vacibliyi qədər tibb məntəqələrinin də fəaliyyəti vacibdir. Birinin halı pisləşdikdə ən pis halda 2 dəqiqə ərzində tibbi yardım göstərilməsi üçün ora briqada çatdırıla bilər. İstənilən halda metropolitenə, hətta pik saatlarda belə təmiz havanın maneəsiz daxil olması insan sağlamlığı və sərnişinlərin təhlükəsiz daşınması baxımından olduqca vacibdir. Metropolitenə aid olan digər strateji məsələlər kimi bu da daim diqqət mərkəzində saxlanılmalıdır”. 

 

Məsələ ilə bağlı “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədova müraciət etdik. Qurumun rəsmisi bildirib ki, metropolitendə havalandırma sistemi ilə bağlı böyük işlər aparılır: “Stansiya və tunellərdə bununla bağlı çox iş görülüb və davamlı olaraq əsaslı tədbirlər aparılır. Məsələn, bu ildən ventilyatorlar fəsli rejimə keçirilib və daimi monitorinqlərlə tənzimlənir. Müqayisəli təhlillər aparılır. Gələcəkdə yeniliklər olacaq. Vaqonlarla bağlı məsələ belədir ki, istehsal zamanı nəzərdə tutulmuş sistemləri yeniləmək faktiki mümkün deyil. QSC yaranandan bu istiqamətdə çox araşdırma aparılıb. İstehsalçı müəssisənin mühəndis-kondtruktor heyəti ilə də müzakirələr, təhlillər olub. Təkliflər nəzərdən keçirilib”.

B.Məmmədov qeyd edib ki, bu, adi məişət səviyyəsində həlli mümkün məsələ deyil: “Sadə və kobud müqayisə. Sovet istehsalı olan maşınlarda hər şeyi yeniləyirik, hətta mühərriki də. Amma kondisioner və mikroiqlim nəzarəti tətbiq edə bilmirik. Təsəvvür edin ki, avtomobilin tarazlığını pozub ön hissəsini aşağı-yuxarı edib sürə bilirik. Amma vaqonda bu qətiyyən olmaz. Mikroiqlim və kondisioner sistemi üçün vaqonun müvafiq sistem və avadanlıqları onun konstruksiyasını dəyişdirməyi tələb edir. Tavan və döşəmədə də konstruktiv iş görülməlidir. Kanallar və xətlər üçün sahələr olmalıdır. Gərginlik xətti üçün texniki qaydaların tələblərinə çatdırmaq üçün yenə konstruktiv həll variantı seçilməlidir. Hermetiklik olmalıdır ki, bu da bütün qapı-pəncərə və s. dəyişməlidir. Biz vaqonları tam yeniləyə bilirik. Müvafiq sex fəaliyyətə başlayıb. Həmin vaqonlar hətta kompüterləşdirilir. Amma qaldırılan məsələ tam fərqlidir”.

6.11.2018 13:00 / Baxılıb: 1317 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.11.2018
    18.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo