Gülən üzünə qurban a Qoşqar...

Müharibədə çıxan gözünə kaprondan süni göz taxdırır qazinin biri. Ölümcül yaralanır, xəstəxanadan yarı canını salamat çıxarıb evinə aparır. Onu qapıda qarşılayan balaca qızı atasının qollarına atılmaq əvəzinə qorxub ağlayır. Qazini evə buraxmır. Bilmir ki, atası gözünü məhz onun yolunda qurban verib. Onun və onun kimi dünyadan xəbərsiz gül balaların...

İmkanı olmayan ailə məsələdən çıxış yolunu ucuz, plastikdən hazırlanmış materialda görür. Qızı atasının qucağına ancaq ondan sonra gəlir. Öz balaca dünyasında yalançı gözün onu gördüyünə inanır.  

Mən ölmüşdüm bu xəbəri oxuyanda. Özümü o balaca qızın, həm də atasının yerinə qoymuşdum. Gücüm çatmazdı... Nə atamı kor görməyə, nə də balamın qarşısına kor çıxmağa...

Sosial şəbəkələrin üzü ağ olsun, suyun gətirdiyi çiləkəndə ilişib qalan nə varsa hamısını gözümüzə soxur. Allahdandı, bəndədəndi, bilmirəm, havalı vaxtlarımın birində qarşıma bizim Qoşqarın xəstəxanada çəkilən şəkli çıxdı. Qazi Qoşqarın... Başının yarısı yox idi... O balaca qız kimi gözlərimi bərk-bərk sıxıb, qorxmadan baxmağa çalışdım. Bir də dua elədim, Allah, sən məndən al, ona ver, dedim. Günlərcə dərdini hərlədim içimdə. Ərimədi, udulmadı, boğazıma tıxanıb qaldı. 

Müharibə hamını məhv eləyir. Oğlu öləni, qızı ərdə olanı, gəlin köçəni, geridə qalanı... Yaşayan, yaşamayan hamı ölür. Balası qabağına yarımcan gələn anasını fikirləşdim əvvəlcə. Axı o doğanda əyri doğmamışdı. Heç bir əskiyi yoxuydu, yarmaça kimi oğul vermişdi Vətənə. Bu dərdin təsəllisi olmur, atam balası. O dərd azalmır, o dərd xərçəng kimi adamın hücrələrini sarıb hər gün bir az öldürür. 

Qoşqarı özümlə Türkiyəyə apardım. İzmirə getdim, mənimləydi, Ankaraya yol aldım, yanımdaydı, İstanbulda Boğaza baxdım, o da baxdı. Nə gizlədim, çəkdim dərdini. Nəinki apreldə, Qarabağ müharibəsinin başından bəri orada olan hər kəsin ağrısını çəkdiyim kimi çəkdim. Özümlə də Vətənə qaytardım. İmkanlı adam deyiləm mən, gücüm zadım yoxdur, amma Tanrının məni sevdiyini, özü də çox sevdiyini bilirəm. O könlümü görüb, Xızırı yetirəndi həmişə. Qoşqarın gülən üzünü gördüm. Başı da düzəlmişdi, müalicəsi  üçün hərəkətə keçmişdilər. 

Sevincdən ağladım bu dəfə. Ümidlər ölməmişdi, dualar eşidilmişdi, bir qazimiz özünə gəlmişdi. Birinin daha yaralarını sarmışdılar, ruhuna məlhəm olmuşdular. Mən başda dövlətim olmaqla səbəb olan hər bir şəxsə minnətdaram. Adamın dövləti kişinin başındakı papaq kimidir. Papağımıza şükür!  

Gəlin, dualarımızı, sevgimizi bu Vətənə çox görməyək. Əl-ələ verib onu qoruyaq, Qarabağ müharibəsinin dəhşətli izlərini qəhrəmanlarımızın ruhundan silək. Hamımızın buna ehtiyacımız var. Sağımızın da sayrımızın da... 

Gülən üzünə qurban a Qoşqar. Tanrı bizdən ötrü canından keçən səni, səndən və sizdən ötrü Allaha əl açan bizə bağışlasın! 

Sağal, nə olar...


Nigar İsfəndiyar

2.11.2018 13:10 / Baxılıb: 283 / Çap
 
    Bu bölmədə
    2.10.2018
    Bizim yollar...
     Xəbər lenti
    19.11.2018
    18.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo