Kral və vəliəhd şahzadə Camal Qaşıqçının ailəsini qəbul edib

Səudiyyə Ərəbistanı Kralı Salman və vəliəhd şahzadə Məhəmməd bin Salman Krallığın İstanbuldakı Baş Konsulluğunda öldürülən jurnalist Camal Qaşıqçının ailə üzvlərini sarayda qəbul edib.

Azadinform “Haber7”yə istinadən xəbər verir ki, görüşdə Camal Qaşıqçının oğlu Salah Qaşıqçı da iştirak edib.

Kral və vəliəhd onlara başsağlığı verib.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 23-də Ədalət və İnkişaf Partiyasının (AKP) parlamentdəki fraksiyasının toplantısında Camal Qaşıqçının öldürülməsi ilə bağlı çıxış edib. O, oktyabrın 22-də telefonla bu məsələni ABŞ Prezidenti Donald Trampla müzakirə edib.

Kral Salman isə kimliyindən asılı olmayaraq, Camal Qaşıqçının öldürülməsində əli olanların cəzalandırılacağını deyib.

Xatırladaq ki, jurnalist C.Qaşıqçı oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunun binasında öldürülüb. Krallıq onun qətlə yetirildiyi ilə bağlı açıqlama vermirdi. Ancaq oktyabrın 20-də Səudiyyə Ərəbistanı rəsmi olaraq jurnalistin konsulluğun binasında öldürüldüyünü etiraf edib. Kral Salman və vəliəhd şahzadə Məhəmməd bin Salman C.Qaşıqçının ailəsinə başsağlığı verib.

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Cina Haspel C.Qaşıqçı ilə bağlı məsələni araşdırmaq üçün oktyabrın 23-də Türkiyəyə səfər edib. O, jurnalistin öldürülməsi ilə bağlı aparılan istintaq işi üzrə bir sıra görüşlər keçirəcək. 

23.10.2018 20:05 / Baxılıb: 93 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.11.2018
    17.11.2018
     
    © 2018 All right reserved www.azadinform.az Powered by Danneo