Veysəloğlu daim xalqın və dövlətin yanında olub - İlham Məmmədov

Elə şirkətlər, istehsalat və biznes qurumları var ki, onlar sadəcə istehlakçılara təqdim etdikləri məhsullar, həyata keçirdikləri nəhəng biznes layihələri, dövlət büdcəsinə ödədikləri böyük vəsaitlərlə deyil, həm də milli maraqlarımızın qorunması, vətənpərvərlik əhval-ruhiyyəsinin artırılması, aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi, əlil, veteran və şəhid ailələrinin üzləşdikləri sosial problemlərin həlli və s. kimi humanitar yönümlü addımları ilə də diqqət çəkir, qayğıya möhtac insanlar üçün sözün həqiqi mənasında ümid və xilas mənbəyinə çevrilirlər. Biznes sektorundakı uğurlarını xeyirxahlıq üçün vəsiləyə çevirən bu cür şirkətlərdən biri də“Veysəloğlu” şirkətlər qrupudur.

“Veysəloğlu” şirkətlər qrupunun İctimaiyyətlə əlaqələr departamentinin müdiri İlham Məmmədovla söhbətimizdə, şirkətin son vaxtlar həyata keçirdiyi bəzi sosial poqramlarla yanaşı, yaxın gələcəyə yönəlik plan və layihələr haqqında da məlumat almağa çalışdıq.

 

-İlham bəy, bir neçə ay bundan öncə Mətbuat Şurası və “Veysəloğlu” şirkətlər qrupunun əməyi sayəsində ərsəyə gələn, aprel şəhidi Raquf Orucova həsr olunan “Ruhun həsrəti” filminin təqdimatı oldu. Maraqlıdır, təmsil etdiyiniz şirkətin gələcəkdə də oxşar layihələr həyata keçirmək, Azərbaycanın müstəqiliyi, suverenliyi uğrunda şəhid olan insanların xatirəsini əbədiləşdirməklə bağlı hansısa addımlar atmaq niyyəti varmı?

 

-İlk öncə müsahibəniz üçün təşəkkür edirəm. Bəli, doğru buyurursunuz “Veysəloğlu” şirkətlər qrupu özünün Korporativ Sosial Məsuliyyət (KSM) Proqramı çərçivəsində bir neçə istiqamətdə layihələr icra edir ki, bunlardan da biri “Unudulmayanlar” layihəsidir. Bu layihənin də əsas məqsədi Azərbaycanın müstəqiliyi, Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə tanıdılması, ölkəmizin suverenliyi uğrunda şəhid olan insanların xatirəsinin əbədiləşdirilməsi və bu yolda canlarını qurban vermiş insanların ailələrinə dəstək olmaqdır. Onu da deyim ki, unudulmaz əfsanəvi xalq qəhramanı Raquf Orucovla bağlı daha bir layihəyə dəstək olmağa qərar vermişik ki, gələn il bu layihə ictimaiyyətə təqdim olunacaq. Bu istiqamətdə fəaliyyətimizi 2019-cu ildə də davam etdirməyi qarşımıza hədəf qoymuşuq və strateji planlamamızda bunlara xüsusi yer ayırmışıq.

 

-”Veysəloğlu” şirkətinin əməkdaşları hər zaman olduğu kimi, cari tədris ili ərəfəsində də bəzi dağ kəndlərinə səfər edərək, ucqar kəndlərdəki şagirdlərə çantalar, məktəb ləvazimatları hədiyyə etdilər. Hansı ki, bu addım mediada da təqdirlə qarşılandı.  Şirkətinizin təhsil sektorunda həyata keçirdiyi başqa layihələr də mövcudurmu və ya perspektivdə belə layihələr nəzərdə tutulubmu?

 

-“Veysəloğlu” şirkətlər qrupunun Korporativ Sosial Məsuliyyət Proqramı çərçivəsində icra etdiyi layihələrdən biri də “İstedadlı gənclər” layihəsidir. Gənclərin cəmiyyətdə layiqli yer tutması, bunun üçün lazımi şəraitin yaradılması, onların bilik və bacarıqlarının artırılması, potensialının reallaşdırılması daim bizim diqqət mərkəzimizdə olub. Azərbaycanın qida sektorunda xüsusi rolu və yeri olan Şirkətlər Qrupunda 2018-ci ilin birinci yarısına çalışan 17-35 yaş aralığında olan işçilər 80% təşkil edib. Bu dövrdə şirkət əməkdaşlarının 64%-i 17-29 yaş aralığında olan gənclərdən ibarət olub. Bu isə o deməkdir ki, “Veysəloğlu” Şirkətlər Qrupunda çalışan əməkdaşların yarıdan çoxu gənclərdir. Hər zaman inkişaf etməkdə olan şirkət daim gənclərə dəstək olub və gənclərlə birlikdə inkişaf edib.

Bilirsiniz ki, şirkət respublikanın ali təhsil müəssisələrinə yüksək bal toplayaraq qəbul olmuş işçilərinin və ya onların övladlarının təhsil haqqı ödənişlərinə, eyni zamanda əməkdaşlarının xarici ölkələrin ali təhsil müəssisələrində təhsil alan övladlarının təhsil almalarına da daim yardımçıdır. “Veysəloğlu” Şirkətlər Qrupu 2013-cü ildən etibarən “Veysəloğlu Tələbə Təqaüd Proqramı”nı (VTTP) həyata keçirməkdədir. Təqaüd proqramına əsasən, şirkət əməkdaşlarının ölkə daxilində və xaricdə ali təhsil müəssisələrinə qəbul olmuş övladlarına təhsilə dəstək məqsədilə aylıq və illik təqaüdlər ödənilir. Hazırda 100 nəfərə yaxın tələbə VTTP üzvüdür və inanırıq ki, yaxın gələcəkdə bu proqrama qoşulanların sayı artacaqdır.

Bundan başqa şirkətlər qrupu xüsusi istedadlı savadlı gənclərin Avropada təhsilində də bir sıra layihələr icra etməkdədir. Qrupumuz savadlı və xüsusi istedadlı gəncləri aşkar edilməsi istiqamətində ölkənin ali təhsil müəssisələri ilə mütamadi yarışların, konkursların və məntiq olimpiadalarının keçirilməsinə də dəstək olur. Eyni zamanda şirkətlər qrupu Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin dəstəyi ilə reallaşan “Gələcəyini Qur!” Gəncliyə Dəstək layihəsində də aktiv iştirakçıdır. Ümumiyyətlə, “Veysəloğlu”nun bu istiqamətdə icrasını həyata keçirdiyi çoxsaylı layihələri vardır.

Onu deyə bilərəm ki, insan kapitalı, təhsilə yatırım, savadlı, xüsusi istedadlı gənclərin yetişdirilməsi, onların qayğı ilə əhatə olunması və inkişafı “Veysəloğlu” şirkətlər qrupunun KSM strategiyasının əsas prioritetidir.

 

-Azərbaycan cəmiyyətində biznes və ya istehsalatla məşğul olan şirkətlər haqqında adətən belə bir təsəvvür mövcuddur ki, sanki onları pul qazanmaqdan, öz gəlirlərini artırmaqdan başqa heç nə düşündürmür. Halbuki, “Veysəloğlu” şirkətlər qrupunun istər hərbi-vətənpərvərlik, istər təhsil sektoru, istərsə də digər humanitar sahələrdə həyata keçirdiyi xeyriyyə aksiyaları bu stereotipi əhəmiyyətli dərəcədə dağıtmaqdadır.  Sizcə ölkəmizdə fəaliyyət göstərən digər şirkət və müəssisələrin də bu cür aksiyalarda iştirak etməsi nə dərəcədə arzu ediləndir?

 

-Bir qədər arxaya nəzər salaraq, Veysəloğlunun tarixinə baxsanız görmək olar ki, şirkət 1994-cü ildə Azərbaycanın müstəqliyyini qazandığı ilk illərdə, birinci Qarabağ müharibəsindən yenicə çıxmış bir dönəmdə yaradılmış və ölkə iqtisadiyyatına özünün töhvəsini verərək il-ildən sürətlə inkişaf etmişdir. Bu inkişafın kökündə bir tərəfdə güclü iradə, əzm və zəhmət, digər tərəfdən isə bu sahəyə dövlət dəstəyi və diqqəti olmuşdur. Ötən dövr ərzində sahibkarlığın, biznes sektorunun sürətlə inkişaf etməsində əlverişli iqtisadi mühit və möhkəm hüquqi bazanın rolu danılmazdır. Bütün bunlarla yanaşı, dövrün tələblərinə uyğun fəaliyyət göstərən “Veysəloğlu” şirkəti ölkəyə xarici ölkələrin tanınmış fabrik və zavodlarından məhsul idxalını həyata keçirdərək respublika ərazisində dağıtımını həyata keçirmişdir. Bununla kifayətlənməyən şirkət yerli iqtisadiyyatda istehsalata önəm verərək qida sənayesinə, qənnadı sektorunda Avropanın ən müasir avadanlıqları ilə təchiz olunmuş Ulduz Şokolad Fabrikini qurmağa, bu sahəyə ciddi yatırım etməyə qərar verir. Çox keçmir ki, Ulduz Fabrikinin məhsulları dünyanın 20-ə yaxın ölkəsində “Made in Azerbaijan” brendi ilə respublikanı uğurla və qürürla təmsil etməyə başlayır.

Özünü hər zaman cəmiyyətin bir parçası hiss edən Veysəloğlu həm biznes fəaliyyəti, həm də sosial fəaliyyəti ilə daim xalqın yanında olub, dövlətçilik maraqlarından çıxış edib və hər zaman ictimaiyyəti narahat edən məsələlərdə öz üzərinə düşən dəstəyini göstərib. Bu üzdən də biz bu istiqamətdə fəaliyyətimizi davam etdirməyi düşünürük. İnanıram ki, ölkəmizdə fəaliyyət göstərən digər şirkət və müəssisələr də bu sahədə aktiv fəaliyyət göstərməkdə maraqlıdılar.      

 

-Prezident İlham Əliyev cari ili “Cümhuriyyət ili” elan edib və bununla bağlı çoxsaylı tədbirlər həyata keçirilib. Hansı ki, təmsil etdiyiniz şirkət də AXC-nin 100-cü ildönümünə həsr olunan, Türkiyədə keçirilən “Bir millət, iki dövlət” adlanan sərgisinə dəstək verdi. Həmçinin, Cümhuriyyətin 100 illik yubileyinə həsr olunan universitetlərarası “Nə? Harada? Nə zaman?” intellektual yarışı keçirdi. İlin sonuna kimi “Cümhuriyyət İli” çərçivəsində daha hansısa tədbirlərin həyata keçirilməsi planlaşdırılırmı?

 

-Bəli, qeyd etdikləriniz doğrudur. “Veysəloğlu” şirkətlər qrupu ölkəmizdə 2018-ci ilin “Cümhuriyyət ili” elan olunması məqsədilə bir sıra silsilə tədbirlər həyata keçirmişdir. Sizin sadaladığınız tədbirlərlə yanaşı, “İstiqlal düşüncələri-Cümhuriyyətə aparan yollar” kitabının nəşr olunması, həmin dövrü özündə əks etdirən “Cümhuriyyətin 9 şəkli” bədii-sənədli filminin çəkilməsinə də yaxından dəstək olmuşdur. Lakin missiyamız bunlarla bitmir. Xalqın milli-mənəvi dəyərlərini əks etdirən, tarixini yaddaşlarda yaşadan bu kimi bir sıra yeni layihələrə də imza atmağı düşünürük. 

 

-”Veysəloğlu” şirkətlər qrupu tərəfindən istehsal edilən məhsullar yüksək keyfiyyəti ilə beynəlxalq bazarda da uğurla təmsil olunmaqdadır. Son illər ölkə başçısının qeyri-neft sektorunun inkişafına verdiyi dəstək  şirkətin istehsal və ixrac potensialında müsbət mənada hansısa yeniliklərə səbəb olubmu? Şirkət məhsullarının ixrac bazarının genişləndirilməsi, istehsalatın şaxələndirilməsi istiqamətində hansısa yeniliklər varmı?

 

-Öncə qeyd etdiyim kimi onu deyə bilərəm ki, Veysəloğlu qrupun inkişaf edərək ölkə iqtisadiyyatına öz töhvəsini verməsinə başlıca səbəb sahibkarlığın inkişafına dövlət qayğısı və diqqəti, bu sahənin daim ölkə başçısının nəzarətində olması olub. Bilirsiniz ki, respublikada ÜDM-nin bökük hissəsi qeyri-neft sektorunun, özəl sektorun, sahibkarlığın payına düşür. Son illər ölkədə qeyri-neft sektorunun, o cümlədən sahibkarlıq subyektlərinin inkişaf etdirilməsi, bürokratiya, əsassız yoxlamalardan azad edilməsi, ixrac əməliyyatlarının stimullaşdırılması və idxal rüsumunun azaldılması ilə bağlı prezident İlham Əliyev tərəfindən imzalanan fərman və sərəncamlar bu sahəyə böyük dəstəkdir. Bütün yaradılan bu imkanlardan istifadə edərək biz də xalqın təlabatına uyğun yeni istehsal sahələri yaradaraq rəqabətə davamlı, ixracyönümlü yeni müəssisələrin açılmasını hədəfləmişik.   

 

-Dünyanın  bir çox ölkələrində, eləcə də qonşu Türkiyədə vətəndaşlar milli şirkətlər tərəfindən istehsal edilən məhsulun istehlakına daha çox maraq göstərir. Sizcə Azərbaycan istehlakçılarında da yerli məhsullarla bağlı belə bir həssaslıq mövcuddurmu? Daxili bazarda şirkətinizə məxsus məhsulların satışı ilə bağlı vəziyyət sizi qane edirmi?

 

-Bu yaxınlarda qonşu ölkə olan Gürcüstanda səfərdə idim. Bizimlə milliyyətcə gürcü yol yoldaşı olan Gürcüstan vətəndaşı marketdən alış-veriş edən zaman aldığı iki məhsuldan biri yerli istehsal məhsulu idi. Bunun səbəbini o, yerli istehsala dəstək olduğunu göstərməklə izah etdi. İnanıram ki, bizim istehlakçılarımız da yerli məhsul alaraq yerli istehsala dəstək olduqlarını nümayiş etdirməkdə qonşularımızdan geri qalmırlar. Yetər ki, keyfiyyətli, rəqabətə davamlı məhsul istehsal olunsun.  

 

-Ərzaq məhsullarının qiymətindəki artım və azalmalar hər zaman istehlakçılar tərəfindən həssaslıqla izlənilir. Yaxın gələcəkdə ”Veysəloğlu” şirkətlər qrupunun istehsal etdiyi məhsulların qiymətinin artma ehtimalı varmı?

 

-Bazarda qiyməti sahibkar deyil, bazarın özü tənzimləyir. Azərbaycan dünya iqtisadiyyatının bir parçasıdır və dünya iqtisadiyyatında baş verən iqtisadi və siyasi hadisələr ölkəmizdən də yan keçmir. Dünya neftinin qiymətinin oynaması, birjalarda valyutaların məzənnəsinin dəyişməsi bazara qiyməti diqtə edir. O səbəbdən də dünyada, o cümlədən Azərbaycanda qiymət siyasətini bazar tənzimləyir. (moderator.az)

23.10.2018 19:07 / Baxılıb: 114 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo