Milli mədəniyyət və mənəvi dəyərlər üzərində inkişaf strategiyası

Ümummilli lider Heydər Əliyev: “Mədəniyyətimiz, mənəvi dəyərlərimiz təkcə milli varlığımızın yox, həm də siyasi varlığımızın, dövlət quruculuğu prosesinin mühüm atributudur”


Prezident İlham Əliyev: “Azərbaycan öz milli-mənəvi kökləri üzərində inkişaf etməlidir”

 

Tarixdən məlum olduğu kimi ta qədimlərdən indiyədək Azərbaycanda dini və etnik tolerantlıq hökm sürür. Odlar Yurdunda çoxsaylı etnik qrupların, dini konfessiyaların nümayəndələri mehriban qonşuluq şəraitində, qaynayıb-qarışmış ortaq dəyərlər əsasında yaşayıblar. Müasir inkişafımız da məhz bu dəyərlər üzərində davam etdirilir.


Mənəvi dəyərlərin yaşadılmasında Azərbaycan nümunəsi 

 

 

Mənəvi dəyərlərin meydana gəlməsi bəşər övladının öz yaşam kriteriyalarının və canlı aləmlə qarşılıqlı münasibətləri zəminində formalaşıb. İlkin dövrlərdə dinlər cəmiyyətin həyatını nizama salıb, qayda-qanunları təsbit edib, əxlaqi kriteriyaların bərqərar olunmasını təmin edib.

Sonra fərqli mədəniyyətlər formalaşıb və dünya bu sahədə də zənginliklər qazanıb. Bəzən hökmdarlar və dini rəhbərlər mənəvi dəyərlərin önünə keçərək insanlarda xof, cəhalət yaratmaq iddiasında olsa da, bir çox Şərq ölkələrində mənəvi dəyərlərin möhkəmliyi, milli dayanıqlılıq buna imkan verməyib. 

Azərbaycanda da hələ ötən əsrin 90-cı illərindən başlayaraq dini və etnik qrupları qıcıqlandırmaqla ölkədə dini qarşıdurma yaratmağa çoxsaylı cəhdlər edilib, amma bu məsələlər dövlət və cəmiyyətin birliyi fonunda Ümummilli lider Heydər Əliyevin qətiyyətli fəaliyyəti nəticəsində yüksək ustalıqla yoluna qoyulub.

Azərbaycanda indi bu sahədə vəziyyət sabitdir, ölkə rəhbəri İlham Əliyevin siyasi, mənəvi, milli, dini və mədəni istiqamətlərdə yürütdüyü çoxşaxəli uğurlu strategiya və təcrübə dini və ya etnik qarşıdurma üçün indiyədək heç bir əsas yaratmayıb. Əksinə, xalqımız qədimdən gələn ənənələrini yaşatmaqla həm ölkədə ictimai-siyasi sabitliyin qorunmasında dövlətin siyasətinə dəstək verir, həm də ölkənin bütün vətəndaşlarının respublikanın xoşbəxt gələcəyinin qurulmasına öz töhfəsini verir.


Cəmiyyətimizin inkişafında milli-mənəvi dəyərlərin rolu

 

 

Bütün dünyaya məlum olduğu kimi, Azərbaycanda milli və dini tolerantlıq hökm sürür. Heç kim dininə və əqidəsinə, irqinə, cinsinə, etnik, siyasi, sosial mənsubiyyətinə görə ayrı-seçkiliyə, təzyiqlərə məruz qalmır. Dünyəvi dövlət olaraq müasir, demokratik bir cəmiyyətə malik Azərbaycanda etnik və dini azadlıqlar maksimum təmin edilib. Ölkəmiz özünün dövlət-din, cəmiyyət-din münasibətləri modeli ilə dünyanın ən yaxşıları sırasındadır.

Ümummilli lider, dünya şöhrətli siyasətçi Heydər Əliyev uzaqgörən və müdrik fəaliyyəti nəticəsində müstəqil ölkənin vətəndaşlarına bütün bəşəri azadlıqların arasında, həm də dini etiqad azadlığını bəxş edib. Bu siyasətin layiqli davamçısı Prezident İlham Əliyev də hər zaman milli-mənəvi dəyərlərə böyük hörmət göstərib və Azərbaycanın dünyada nümunəvi tolerant ölkə imicini qazanmasında əsas rol oynayıb.

Ümummilli lider Heydər Əliyev Azərbaycanda dünyəvi dövlət quruculuğunun davam etdiriləcəyini, eyni zamanda, dövlətin milli-mənəvi dəyərlərinin qorunmasına böyük əhəmiyyət verəcəyini bildirdi: “Bizim dövlətimiz dünyəvi dövlətdir. Ancaq biz dindən ayrı deyilik”.

Azərbaycanda dövlət tərəfindən dini icmalara böyük diqqət və qayğı da göstərilir. Son illərdə ölkədə dövlət tərəfindən 500-dən yuxarı məscid, onlarla kilsə, sinaqoq və digər məbəd və ziyarətgahlar tikilib və ya yenidən qurulub.

Hazırda respublikamızda 2000-dən çox məbəd və ziyarətgah var. Azərbaycanda dini bayramlar ən yüksək səviyyədə keçirilir. Bundan başqa, Bakıda tez-tez dini tolerantlıq və sivilizasiyaların qovuşması mövzusunda beynəlxalq konfranslar təşkil olunur. 

Dövlət dini icmalara öz qayğısını əsirgəmir. Elə bu günlərdə Prezident İlham Əliyevin göstərişi ilə Azərbaycanda fəaliyyət göstərən dini icmalara avtomobil hədiyyə olunması da ölkəmizdəki mənəvi azadlığın, dini siyasətin nə qədər nümunəvi olduğunun ən yaxşı nümunəsidir. 


Milli-mənəvi dəyərlərə bağlılıq inkişafa mane olurmu?

 

 

Bu gün Avropa, Qərb dəyərləri adı altında bəzi beynəlxalq mərkəzlər tərəfindən bizə sürətlə və ardıcıl sırınan dəyərlərin mənəvi tərəfləri faciədir. Bu mənəvi deqradasiyanın Qərb cəmiyyətlərini hansı sosial-mənəvi nəticələrə gətirib çıxardığı haqda çoxsaylı faktlar və elə Qərb tədqiqatçılarının bu mövzuda ciddi əsərləri var.

Əsil inkişaf milli-mənəvi dəyərləri, qədim mədəniyyəti qorumaqla mümkündür, bunun dünyada xeyli nümunələri var. Təkcə Yaponiyanı göstərmək kifayətdir. Yəni, mənəvi dəyərlər, milli mədəniyyət elmi-texniki inkişafa heç cür mane olmur, əksinə, ona təkan verir.

Dövlətimiz də xalqımızın möhtəşəm və qədim mədəniyyəti, mənəvi və milli dəyərləri üzərindən inkişaf siyasəti yürüdür. Ümummilli lider Heydər Əliyevin formalaşdırdığı strateji inkişaf konsepsiyası konkret olaraq milli-mənəvi dəyərləri qoruyaraq dünyaya inteqrasiya etməyi özündə ehtiva edir. Bu gün həmin siyasət ölkə prezidenti İlham Əliyev tərəfindən davam etdirilir. Biz bunun nəticələrini Azərbaycanın dünyaya multikulturalizm və tolerantlıq nümunəsi kimi göstərilməsindən də görürük.


Milli-mənəvi dəyərlər üzərində inkişaf strategiyası

 

 

Prezident İlham Əliyev Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının 1-ci ilinin yekunlarına həsr olunan konfransdakı  çıxışında bu məsələləri aydın şərh etmişdi.

“Biz milli-mədəni dəyərlərimizi gələcək nəsillər üçün qorumalıyıq ki, Azərbaycanın davamlı, uzunmüddətli inkişafı təmin edilsin. Biz öz köklərimizə həmişə bağlı olmalıyıq və gənc nəsil də bu ruhda tərbiyə almalıdır. Çünki bu gün qloballaşma prosesi gedir. Düzdür, son vaxtlar bu “qloballaşma” sözü daha az çəkilir. Ancaq proses gedir. Sadəcə olaraq bəzi ölkələr qloballaşma adı altında öz təsir dairələrini genişləndirmək, xalqları bir növ öz milli köklərindən ayırmaq, qoparmaq, o tarixi bağları qırmaq istəyirlər. Budur bunun təməlində dayanan əsas məqsəd.

Əlbəttə ki, indi qloballaşma deyəndə bəziləri bunu inteqrasiya, dünyanın yeni inkişaf modeli kimi qələmə verirlər. Ola bilər, müsbət məqamlar da var, onları mən inkar etmək istəmirəm. Ancaq, eyni zamanda, açıq-aydın görünür, bu siyasətlə böyük dairəyə hakim olmaq, təsir imkanlarını genişləndirmək istəyirlər ki, xalqlar öz köklərindən ayrılsınlar, öz əcdadlarını, tarixlərini unutsunlar, sadəcə amorf, kosmopolit bir kütləyə çevrilsinlər ki, onları istənilən istiqamətə göndərmək mümkün olsun. Ona görə milli ruhda tərbiyə almaq hər bir gəncin borcudur. Bax, Azərbaycan belə inkişaf etməlidir. Bu gün Azərbaycan müasir, inkişaf edən ancaq öz köklərinə sıx bağlı olan dövlət və cəmiyyətdir. Həmişə də belə olmalıdır. Nə qədər ki, bizim hökumət iqtidardadır, bu, belə olacaq. Ölkəmizin müstəqil həyatı üçün bu, əsas şərtdir”.


Azərbaycan dünyaya ən uğurlu inkişaf modeli təqdim edir

 

 

Azərbaycan dövlətinin milli dəyərlərin qorunması fonunda inkişaf siyasəti ölkə ictimaiyyətinin rəyi ilə eynidir. Elə bu istiqamətdə aparılan siyasət də bu tezisin üzərində qurulub. Bu torpaqlarda elmə məlum olan 10 min illik qədim mədəniyyət yaradan və onu yaşadan bir xalqın öz mənəvi dəyərləri üzərində formalaşdırdığı dövlətin güclənməsi və ölkəmizin inkişafı tarixdə heç vaxt olmadığı səviyyəyə çatıb.

Azərbaycan öz qədim, möhtəşəm milli-mənəvi dəyərləri üzərində öz inkişafını davam etdirir və dövlətimiz dünyaya milli mədəniyyətini müasir elmi-texniki inkişafı bir arada tutan bir Azərbaycan modeli təqdim edir. Azərbaycan bu gün dünyaya belə nümunəni göstərə bilən çox az saylı ölkədən biridir. Dövlətimizin öz xalqının mənəvi dəyərlərini mühafizə edərək inkişafa nail olması yürüdülən siyasətin nə qədər uğurlu və düzgün olmasını təsdiqləyir. 

 

Lalə Mehralı

müstəqil jurnalist


Yazı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun “Media və mənəvi dəyərlər” mövzusunda  elan etdiyi müsabiqəyə təqdim olunur

23.10.2018 13:00 / Baxılıb: 480 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo