İmişli Rayon Məhkəməsinin yeni binası istifadəyə verilib

AZADİNFORM. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 22-də İmişli Rayon Məhkəməsinin yeni binasında yaradılan şəraitlə tanış olub.

Azadinform xəbər verir ki, İmişli Rayon Məhkəməsinin sədri Qurban Hacıyev dövlət başçısına görülən işlər barədə məlumat verib.

Bildirilib ki, ümumi sahəsi 2300 kvadratmetr olan bina ikimərtəbəlidir. Bu bina da digər yeni tikilmiş məhkəmə binalarında olduğu kimi, ictimai və inzibati zonalara bölünüb, habelə əlillərin sərbəst hərəkəti üçün bütün şərait yaradılıb. Binada dövlətimizin başçısının tapşırığına uyğun olaraq “Elektron məhkəmə” informasiya sisteminin tətbiqi ilə bağlı zəruri infrastruktur qurulub. Məhkəmədə “elektron icra” sistemi tətbiq olunur və bu sistem vasitəsilə məhkəmə qərarlarının elektron qaydada icraya yönəldilməsi təmin edilir, məhkəmə ilə icra qurumu arasında sənədlərin kağızsız mübadiləsi həyata keçirilir. Dörd hakim, 30-dək məhkəmə və ədliyyə işçisinin fəaliyyəti üçün nəzərdə tutulan binada müxtəlif tədbirlər keçirməyə imkan verən konfrans zalı və təlim otağı, habelə kitabxana, arxiv, təqsirləndirilən şəxslərin saxlanması üçün kameralar, konvoy maşını üçün dayanacaq və digər sahələr mövcuddur. İmişli Rayon Məhkəməsində vətəndaşların müraciət imkanlarının asanlaşdırılması və məlumatlılığın təmin edilməsi məqsədilə məlumat nöqtələri, habelə müasir elektron informasiya daşıyıcıları quraşdırılıb.

Onu da deyək ki, son illərdə dövlət büdcəsi hesabına, habelə Dünya Bankı ilə birgə həyata keçirilən layihələr çərçivəsində paytaxtda və bölgələrdə 14 məhkəmə üçün yeni, müasir binalar və komplekslər tikilərək istifadəyə verilib, hazırda isə 7 məhkəmə üçün bina və komplekslərin inşası davam edir.

Qeyd edək ki, ölkəmizdə bütün sahələrə olduğu kimi, ədalət mühakiməsinin səmərəsinin artırılmasına xidmət edən genişmiqyaslı islahatlar aparılır, məhkəmə sistemi daha da müasirləşdirilir. İmişli Rayon Məhkəməsinin yeni binasının inşası da bu islahatların əyani təsdiqidir.

22.10.2018 23:24 / Baxılıb: 323 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo