Avstriya şirkəti AzMİU-da laboratoriya stendləri açıb

AZADİNFORM. Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Avstriyanın Herz Armaturen şirkəti tərəfindən universitetə hədiyyə olunmuş laboratoriya stendlərinin açılışı olub.

AzMİU-dan Azadinform-a verilən məlumata görə, açılış mərasimində  Herz Armaturen şirkətinin prezidenti Gerhard Glinzerer, Avstriyanın ölkəmizdəki səfirinin müavini, Herz şirkətinin Azərbaycan nümayəndəliyinin rəhbəri və əməkdaşları iştirak edib.

Tədbirdə AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova qonaqları salamlayıb,  AzMİU-nun “fəxri professoru”, Herz şirkətinin prezidenti cənab Gerhard Glinzereri rəhbərlik etdiyi universitetdə görməkdən məmnun olduğunu dilə gətirib. Sözügedən şirkətlə ikitərəfli əlaqələrin faydalı əməkdaşlığa çevrildiyini deyən rektor, şirkətin AzMİU-nun maddi-texniki bazasının möhkəmlənməsinə göstərdiyi dəstəyi yüksək qiymətləndirərib. O, bugünkü tədbirin də universitet, eləcə də Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültəsinin tələbələri üçün böyük əhəmiyyət daşıdığını vurğulayıb və buna görə qonaqlara dərin təşəkkürünü bildirib.  

Səmimi görüş üçün rektora dərin təşəkkürünü bildirən cənab Gerhard Glinzerer AzMİU ilə qurulan işgüzar əlaqələrin Azərbaycanla Avstriya arasındakı əməkdaşlığa, dostluğa mühüm töhfə verdiyini qeyd edib. O, şirkətin öz fəaliyyətində beynəlxalq əməkdaşlığa daim yüksək dəyər verdiyini, bu istiqamətdə təhsilin prioritet olduğunu, AzMİU-da gördükləri işin onlar üçün böyük önəm daşıdığını diqqətə çatdırıb. “Mən fəxr edirəm ki, bu gün biz belə bir mühüm stendi bu universitetdə açırıq” deyən şirkət rəhbəri əməkdaşlığın bundan sonra daha da inkişaf etdirilməsi üçün lazımi köməkliyi edəcəyini bildirib. 

Açılış mərasimi rəmzi qırmızı lentin kəsilməsi ilə davam edib. Universitet rəhbərliyi və qonaqlar laboratoriyaya daxil olub, avadanlıqlar və stendlə tanış olublar. Mühəndis sistemləri və qurğularının tikintisi kafedrasının müdiri Nurməmməd Məmmədov laboratoriya barədə məlumat verərək qeyd edib ki, bu gün təqdim olunan stend sayca Herz şirkətinin universitetə hədiyyə etdiyi 4-cü stenddir. O, təqdim olunan stendin istilik sistemlərinin quraşdırılması istiqaməti üzrə mütəxəssis hazırlığı işində böyük yardımçı olacağını vurğulayıb, şirkətin rəhbərliyinə təşəkkürünü bildirib.

22.10.2018 17:00 / Baxılıb: 373 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
19.11.2018
18.11.2018
17.11.2018
 
2018 All right reserved www.azadinform.az Powered by Danneo