Ekspert avtomobillərin texniki baxışı ilə bağlı dəyişikliyi şərh edib

Nərgiz Məmməd/AZADİNFORM. “Avtomobillərin texniki baxışı ilə bağlı gözlənilən dəyişikliklər oldu. “Yol hərəkəti haqqında” Qanuna iyun ayında edilən dəyişikliklər Nazirlər Kabinetinin 40 saylı qərarına da daxil edildi”.

Azadinform xəbər verir ki, bu sözləri nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov bildirib. O, 3 əsas yeniliyi nəzərə çatdırıb. Qeyd edib ki, kağızda (şüşəyə yapışdırılan) texniki baxış talonu ləğv edilib. Bundan sonra yalnız elektron talon tərtib olunacaq, DYP-nin mərkəzi informasiya sisteminə və sürücünün elektron kabinetinə yerləşdiriləcək: “2-cisi, baxışın vaxtı dəyişdi. Əvvəllər olduğundan fərqli olaraq, nəqliyyat vasitəsi növünə və istehsal ölkəsinə görə baxışa təqdim edilməyəcək. Yeni qaydaya əsasən, nəqliyyat vasitəsi axırıncı dəfə hansı gün baxışdan keçibsə, gələn il (gələn dəfə) də həmin gündən gec olmayaraq baxışdan keçirilməlidir. Həmin gündən sonra 20 gün ərzində baxış olmasa, belə avtomobili idarə edən sürücü cərimələnəcək. Məsələn, əvvəlki il 10 mayda baxışdan keçən avtomobil növbəti texniki baxış ili 30 mayadək baxışdan keçirilməsə, onu yolda idarə edən sürücü 50 manat cərimə olunacaq, özü də elektron qərarla. 3-cüsü, minik avtomobilləri və 3,5 tonadək olan yük avtomobilləri, onların qoşquları və motosikletlər istənilən nasazlığı olsa da, texniki baxışdan keçirilməli və texniki baxış talonu tərtib edilməlidir. Texniki baxış zamanı nasazlıqlar aşkar edildikdə nəqliyyat vasitəsinin sahibinə həmin nasazlıqlar barədə sadəcə bildiriş verilir və həmin nasazlıqların aradan qaldırılması tövsiyə olunur. Həmin nəqliyyat vasitəsi növbəti, yəni gələn ilki və ya iki ildən sonrakı texniki baxışdan keçirilərkən bildirişdə qeyd edilən nasazlıqlar təkrar aşkar edilərsə, həmin nasazlıqlar aradan qaldırılmayanadək nəqliyyat vasitəsinin texniki baxışdan keçməsi barədə elektron talon verilməməlidir. Bu o deməkdir ki, qeyd olunan nəqliyyat vasitələrinə hər bir halda, ən ciddi nasazlıq olsa da, baxış talonu verilməli, sürücü buna görə geri qaytarılmamalıdır”.

Ekspert bildirib ki, 3-cü yenilik paradoksal sayıla bilər: “Loru dildə bu o deməkdir ki, məsələn, siz avtomobilinizi 3 təkər üstündə baxışa gətirirsiniz. Təkərinin biri olmasa da , ona baxış talonu verilməlidir və sizə məsləhət görülməlidir ki, gedin 4-cü təkəri də maşının altına qoyun. Siz də gələn ilki texniki baxışa gələnədək 4-cü təkəri də tapmalısınız, tapmasanız gələn il avtomobilinizi baxışdan keçirə bilməyəcəksiniz. 3-cü dəyişiklik icazə verilən maksimal kütləsi 3,5 tondan artıq yük avtomobillərinə, avtobuslara, onların qoşqularına, bəzi xüsusi təyinatlı nəqliyyat vasitələrinə aid deyil. 3-cü qeyd etdiyim düzəliş olsa da, İXM-in 342.2-ci və 342.5-ci maddələri qüvvədə qalır. Yəni 3 təkərli avtomobilinizi baxışdan keçirməlidirlər, amma onu küçədə saxlayanda bu nasazlığı aradan qaldıra bilməsəniz, cərimələnə bilərsiniz”.

22.10.2018 16:00 / Baxılıb: 240 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo