Star NEZ uzaqvuran artileriya xarakteri daşıyan bir layihədir Ekspert şərhi

Samir Soltanov/AZADİNFORM. “Ötən həftə “Star” NEZ-in açılışı ilə baş verən bu hadisə, kökü xeyli əvvələ gedən uzun bir prosesin sonunu təşkil edirdi. Belə ki, “Star” zavodunun təməli 7 il bundan qabaq, 2011-ci ildə qoyulmuşdu. Zavod İzmir şəhərinin Əliağa rayonunda, “Petkim” neft-kimya kompleksinin ərazisində inşa edilib. Hansı ki, 10 il əvvəl, yəni 2008-ci ildə isə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Türkiyə neft-kimya sənayesinin nəhəngi sayılan həmin bu şirkətin, yəni “Petkim”in nəzarət-səhm paketini özəlləşdirilmə yolu ilə alıb və ötən müddət ərzində “Petkim”ə 100 milyonlarla dollar əlavə sərmayə yatırıb”.  

Bu barədə Azadinform-a iqtisadçı-ekspert Pərviz Heydərov bildirib. O qeyd edib ki, SOCAR dövlət şirkətidir. Xaricdə investisiya yatırımı istər dövlət olsun, istər özəl şirkət tərəfindən olsun, ilk növbədə gəlir əldə etmək və onu genişləndirmək məqsədi daşıyır: “Yəni, əsas hədəf budur. “Star”a qədər isə heç bir nə özəl, nə də dövlət şirkətimiz ölkədən kənarda 6,3 milyard dollarlıq həcmində iş görməmişdi”. 

Ekspert vurğulayıb ki, zavodun hər iki tərəf üçün böyük xeyri olacaq: “Türkiyə bu zavodun işə düşməsi ilə bir sıra mühüm enerji daşıyıcıları məhsullarının kənardan idxalından asılılıqdan yaxa qurtaracaq. Elə SOCAR-ın nəzarət-səhm paketinə sahib olduğu “Petkim”-in əsas xammal tələbi olan nafta da burada istehsal olunacaq ki, adı çəkilən məhsulu Türkiyədən kənardan gətirmək zərurəti xeyli azalacaq. 

Zavodda 5 milyon ton dizel yanacağı istehsal etmək imkanı olacaq. Nəticədə dizel sarıdan Türkiyəyə idxalın həcmi 40%-ə qədər düşəcək. Həmçinin mayeləşdirilmiş qaz, ildə üstəlik 1,6 milyon ton təyyarə yanacağı da istehsal olunacaq. Və sonuncu Türkiyənin tələbatını tam ödəyəcək. Ümumiyyətlə, “Star” neftin qiymətindən asılı olaraq ildə 6-8 milyard ABŞ dolları həcmində ticarət formalaşdıracaq”. 

P. Heydərovun sözlərinə görə, ölkəmizə gəldikdə isə, birincisi, xaricə ixrac etdiyimiz neftimizin bir hissəsi üçün stabil alış yeri qazanacağıq: “Star” neft emalı zavodunda hər il 10 milyon ton xam neft emal olunacaq. Bu, qiymətlərdən asılı olaraq ildə 300-400 milyon dollar arası təmiz gəlir deməkdir. İkincisi, istehsal olunacaq neft məhsullarının satışından əlavə gəlir əldə olunacaq. Və bu sahədə qardaş ölkənin daxili bazarında söz sahibi olacağıq. Üçüncüsü, SOCAR-ın istənilən halda gəlirləri artacaq ki, bu da ölkəmizin dövlət büdcəsinə ödəmələri genişləndirəcək. Ümumiyyətlə, Türkiyə tərəfinin neft məhsulları idxalında hər il 1,5 milyard dollar məbləğində qənaətə nail olacağı bilavasitə SOCAR-ın gəlirinin artması ilə müşahidə olunacaq”. 

P. Heydərov qeyd edib ki, ümumiyyətlə, "Star" uzaqvuran artileriya xarakteri daşıyan bir layihədir və bunu yaxın gələcək daha parlaq göstərəcək: “Türkiyə regionda böyük və mühüm bazardır. Azərbaycanın burada söz sahibinə çevrilməsi strateji baxımdan böyük əhəmiyyət daşıyır. Unutmayaq ki, söhbət, enerjidaşıyıcıları bazarından gedir. Sözün qısası, ölkəmizdən kənarda 6,3 milyard dollarlıq vəsait yatırılaraq, ilk nəhəng emal müəssisəsinin bilavasitə Türkiyədə yaradılması heç də təsadüfi deyil”.

22.10.2018 15:23 / Baxılıb: 379 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
18.11.2018
17.11.2018
 
2018 All right reserved www.azadinform.az Powered by Danneo