Bağça problemi: Məktəbəqədər təhsil sahəsində vəziyyət hansı səviyyədədir?

Körpələr evi - bağçaların əsas təyinatı uşağın ətraf aləmlə tanışlığını təmin etmək, ibtidai təhsilə dəstək üçün ilkin məlumatlar vermək, normal ünsiyyət qaydalarını öyrətmək, fiziki və zehni sağlamlığını qorumaqdır. Bəs Azərbaycanda bu sahədə vəziyyət necədir, hansı problemlər var?

25-30 il əvvələdək bütün uşaqlar məktəbəqədər tərbiyə müəssisələrinə - bağçalara qəbul olunurdu. Lakin son dövrlər bu məsələdə ciddi problemlər yaranıb. Belə ki, mövcud bağçalar və onların ümumi tutumu bağça yaşlı uşaqların sayına adekvat deyil. Çünki, son 25 ildə respublikada xeyli uşaq bağçası, körpələr evi bağlanıb, bəziləri isə özəlləşdirilərək bir neçə ildən sonra təyinatı dəyişdirilib. 

Düzdür, ölkə prezidentinin Sərəncamı, Dövlət Proqramları çərçivəsində son illərdə bir sıra yeni uşaq bağçaları tikilir və köhnələr təmir olunur. Amma hələ ki, bu tərbiyə ocaqları tələbatın heç yarısını da ödəyə bilmir.

 

 

“Övladımı heç bir bağçaya götürmürlər - yer yoxdur”


Uzun illərdir ki, bağçaların çoxunda uşaq qəbulu dayandırılıb. Hansı bağçanın qapısını döyürsən qapıdakı elanı göstərirlər: “Bütün qruplar normadan artıq yükləndiyindən uşaq qəbulu dayandırılıb”.  

Valideyn Kəmalə Qarayeva övladını bağçaya qoya bilməməsindən şikayətlənir: “5 yaşlı uşağımı bağçaya verə bilmirik. Hansına getmişəm deyirlər yer yoxdur. Bəzilərinə özüm baxmışam, həqiqətən 20 nəfərlik qrupda 40 nəfərə yaxın uşaq var, tərpənməyə, yatmağa belə yerləri çatmır. Həm deyirlər, məktəbdən əvvəl uşaq mütləq bağçaya getməlidir, həm də bağçalarda yer yoxdur. Amma bəzən rüşvət ödəyənlərin uşaqlarına haradansa yer tapılır”. 

Valideyn deyir ki, dövlət bağçalarında yer olmasa da özəl bağçalarda var: “Xüsusi bağçalarda qiymətlər 300 manatdan 1000 manatadək dəyişir. Mənim də maaşım 300 manatdır. Çoxları da mənim kimi, 300-500 manat maaş alır. Bu halda insanlar uşaqlarına həmin bağçaya necə qoya bilərlər? Bütün maaşımızı ora verib özümüz nə ilə yaşayaq? Yaxşı olar ki bu məsələyə bir əncam çəksinlər”.

 

 

“Bağçaların çoxu normativlərə cavab vermir”


Sosial şəbəkələrin birində “Valideyn Komitəsi” səhifəsinin admini Əhməd Rəhmanov deyir ki, uşaq bağçalarının yerləşmə məkanları və personalı mövcud normativlərə cavab vermir: “Azərbaycanda ümumi təhsil müəssisələrinin maddi-texniki təchizatına dair vahid normalar, ümumi sanitariya-gigiyena tələbləri, şagird yerləri ilə təminat normativləri mövcuddur ki, bu normativlərə əsasən, təkcə elə Bakı şəhərində olan uşaq bağçalarının çoxunu bağlamaq olardı. Çünki, məktəbəqədər tərbiyə üçün nəzərdə tutulmayan tikililər uşaq bağçasına çevrilib, köhnə bağçalarda isə mövcud normativlər yerinə yetirilməyib. Sovet dövründə tikilən məktəbəqədər tərbiyə müəssisələrində isə bu normativlər hamısı nəzərə alınırdı.  Hazırda həmin bağçaların bəzilərində öz doğma yurdunu 30 ilə yaxındır ki, tərk etmiş insanlar yaşamaq məcburiyyətindədir”. 

Problemin başqa tərəfində diqqət çəkən mütəxəssis bağçalarda yoluxucu xəstəliklərin yayılma riski barədə məqsədli informasiyalar yayılmasının və bundan çıxış yolunu bütün uşaqlara çoxsaylı peyvəndlər vurulmasında görülməsini mənfi qiymətləndirir: “Biz də uşaq vaxtı bağçaya getmişik. Mən özüm Bakının 96 nömrəli uşaq bağçasında tərbiyə almışam və məndən 6 yaş kiçik qardaşım da ora getdiyindən bu günə kimi yadımdadır ki, bağçada “texniçka” dediyimiz dayə işə gələn kimi ilk növbədə ağ xalat geyinərdi, uşaqlarda qrip təhlükəsi olduqda uşaqları tərbiyəçi ilə birgə bağçanın həkimi qarşılayıb, hər uşağı vizual da olsa yoxladıqdan sonra içəri buraxardılar”. 

Ə.Rəhmanov deyir ki, hazırda Bakının mərkəzində yeni bağça tikməyə yer tapılmır, mövcud bağçalarda isə yer tapılmır. 15 nəfərlik sinif otaqlarında 30 uşağın saxlanması ciddi problem yaradır. Düzdür, bu gün də gözə gəlimli, qanun-qayda ilə işləyən bağçalar var, amma onlar  özəl sektora aid olduğundan sadə müəllimin öz övladını o uşaq bağçasına qoymağa maddi imkanı yoxdur. Gələcək nəsil bağçadan yetişdirilir, bu gün bu müəssisələrə münasibətimiz də gələcəyimizə olan münasibətimiz deməkdir”.

 

 

15 nəfərlik qrupda 30 uşaq tərbiyə etmək olmaz


Pedaqoqların fikrincə, məktəbəqədər təlim-tərbiyə uşaqların gələcəyi üçün vacib başlanğıcıdr. Övladlarımızın bu dövrdə ilkin bilikləri öyrənməsi, vacib təlimləri görməsi, müsbət tərbiyədən keçməsi çox əhəmiyyətlidir. Ona görə də, uşağın məktəbəqədər təhsil almasına çalışmaq lazımdır. 

Pedaqoq Aidə Eyyubova hesab edir ki, bağçalarda 2-3 yaşlı uşaqların qrupunda hər 5 uşağa bir müəllim nəzarət etməlidir: “İndi bağçalarda yer çatışmazlığından, 15 nəfərlik qrupda 25-30 nəfər uşaq tərbiyə edilir. Bu da təbii olaraq müəllim üçün əlavə iş və əziyyət deməkdir. Belə olduqda, vaxt çatışmazlığından pedaqoq uşaqlara lazımi qədər diqqət ayıra bilmir. 3-6 yaşlı uşaqlara nəzarət edən müəllimin öhdəsinə isə 12 uşaq vermək olar, amma köməkçi müəllimin olması şərti ilə”.

Mütəxəssisin sözlərinə görə, məktəbəqədər təhsil müəssislərinə getməyən uşaqların orta məktəbdə problemləri yaranır. Öna görə də, övladlarımızın məktəbəqədər təhsilinə ciddi əhəmiyyət verilməlidir.


Bəsit, eyni zamanda dolğun dərs proqramı tədris edilən bağça seçin


Beləliklə, dövlət bağçalarında yer olmasa da, özəllərdə var. Lakin onların çoxunun şəraiti normal deyil, belə ki, çoxu çoxmərtəbəli binaların 1-ci mərtəbəsində sahəsi az olan yerdə fəaliyyət göstərir, nə həyətləri, nə oyun meydançaları var. Uşaqlar bütün günü havasız otaqlarda qalır ki, bu da uşaqların sağlamlığına uyğun deyil. Bəs bahalı özəl müəssisəyə uşaq qoymağa imkanı çatan ailələr bağça seçərkən nələrə diqqət etməlidirlər?

Pedaqoq Hüsniyyə Əmiraslanova valideynləri bağça seçərkən aşağıdakı məsələlərə fikir verməyə çağırır:

1. Müəllim faktoru - bağça seçərkən diqqət edilməsi vacib olan məsələlərin ən birincisi pedaqoq məsələsidir. Müəllimdə diqqət yetirilməsi vacib olan əsas amillər: uşaqla ünsiyyəti, iş yoldaşları ilə münasibəti, təhsili, təcrübəsi və şəxsiyyəti.

2. Proqramın keyfiyyəti - Son zamanlar əksər bağçalarda Avropa proqramı tətbiq edilir. Bu da uşaqların zehni və fiziki yüklənməsinə səbəb olur. Mümkün qədər bəsit, eyni zamanda dolğun dərs proqramı tədris edilən bağça seçin.

3. Əməkdaşlıq - Valideynlər mütləq qaydada pedaqoqlarla əməkdaşlıq etməlidirlər. Uşağın gün ərzində nə etdiyini, nə yediyini, nə dediyini hər gün müəllimindən soruşmaq lazımdır. 

4. Bağçanın şəraiti - Bağça gigiyenik qaydalara cavab verməli, təhlükəsiz yerdə yerləşməli, otaqların və həyətin quruluşu uşağa zərər verməməli, oyuncaqlar keyfiyyətli olmalı, otaqda yıxılacaq stol, şkaf, həmçinin kəsici, deşici və iti əşyalar olmamalıdır. Normal idman zalı, oyun meydançası olmalıdır. Magistral yol kənarında yerləşməməlidir. Yanğın təhlükəsizliyi və zəlzələyə davamı olmalıdır.


Lalə Mehralı

22.10.2018 15:12 / Baxılıb: 372 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo