Bu layihələr gücümüzə güc qatır

AZADİNFORM. “Ötən həftə Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının, strateji tərəfdaşlığının daha bir parlaq nümunəsinin şahidi olduq. Türkiyənin İzmir şəhərində “Star” neft emalı zavodunun açılış mərasimi keçirildi.

Məhz 2011-ci il oktyabrın 25-də Azərbaycan və Türkiyə dövlət başçılarının iştirakı ilə bu zavodun təməli qoyulmuşdu. Göründüyü kimi,  ölkəmizin və qardaş Türkiyənin təşəbbüskarı olduqları bütün layihələr uğurla reallaşdırılır və xalqlarımızın, dövlətlərimizin inkişafına, gələcək rifahına xidmət edir. Bu baxımdan “Star” neft emalı zavodunun istifadəyə verilməsi onu deməyə əsas verir ki, Azərbaycan və Türkiyə qarşıda duran bütün hədəflərə uğurla çatırlar.” Azadinform xəbər verir ki, bu fikirləri YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib. 

Vüqar Rəhimzadə qeyd edib ki, Azərbaycan Prezidentinin “Star” neft emalı zavodunun açılış mərasimində səsləndirdiyi fikirlər bir daha bu əminliyi ifadə edir ki, belə nəhəng layihələrin icrasında ölkələrimizin liderlərinin güclü siyasi iradəsi, eyni zamanda, dostluq, qardaşlıq amilləri xüsusi yer tutur: “Star Rafineri”nin açılışı timsalında biz birliyimizin, həmrəyliyimizin, dostluğumuzun əlamətini görürük. Əminəm ki, bundan sonra da Türkiyə və Azərbaycan yalnız uğurlar yolu ilə gedəcək” deyən möhtərəm Prezidentimiz vurğulayıb ki, Türkiyə və Azərbaycan birgə səylərlə güclü siyasi iradə nümayiş etdirərək Avrasiyanın enerji və nəqliyyat xəritəsini yenidən cızır. Sözsüz ki, biz bunu Bakı-Tbilisi-Ceyhan, “Cənub Qaz Dəhlizi”, o cümlədən TANAP layihələrində də görürük. Doğrudan da belə qlobal layihələr region ölkələri üçün böyük fayda gətirməklə yanaşı, Avropanın enerji xəritəsini yenidən tərtib edir.” 

“İki sahil” qəzetinin baş redaktoru əlavə edib ki, bu layihələrin gerçəkləşməsində SOCAR-ın böyük rolu var: “Möhtərəm Prezidentimizin tapşırığına uyğun olaraq SOCAR öz səmərəli və çoxşaxəli fəaliyyəti ilə artıq beynəlxalq şirkətə çevrilib. Şirkət ölkə daxili ilə yanaşı, xaricdə də mühüm investisiya layihələri gerçəkləşdirir. Təbii ki, bu sırada Türkiyə xüsusi yer tutur. Elə bunun nəticəsidir ki, bu gün SOCAR Türkiyənin ən böyük investoruna çevrilib.”

Vüqar Rəhimzadə onu da əlavə edib ki, Azərbaycan-Türkiyə əlaqələri bu gün ən yüksək səviyyədədir: “Bu birlik əbədidir, sarsılmazdır. Ölkələrimiz dünya miqyasında dostluq, qardaşlıq nümunəsi nümayiş etdirirlər. Hesab edirəm ki, “Star” neft emalı zavodu kimi böyük layihələr gücümüzə güc qatır, birliyimizi daha da möhkəmləndirir.”

22.10.2018 15:02 / Baxılıb: 354 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo