Əfqanıstanda parlament seçkiləri keçirilir

Samir Soltanov/AZADİNFORM. Əfqanıstanda Xalq palatasına (parlamentin aşağı palatası) seçkilər yüksək təhlükəsizlik tədbirləri şəraitində keçirilir. Səsvermə günü seçicilərin təhlükəsizliyinin təmin olunmasına 50 min polis və hərbçi cəlb edilib. 

Azadinform xəbər verir ki, oktyabrın 20-də yerli vaxtla saat 07:00-da ölkənin 34 əyalətindən 32-də 5 mindən çox səsvermə məntəqəsi açılıb. Qəndəhar və Qəzni regionlarında isə təhlükəsizlik səbəbindən seçkilər təxirə salınıb. “Taliban” hərəkatının oktyabr seçkilərini pozacağı barədə təhdidləri fonunda güc strukturları yüksək döyüş hazırlığı səviyyəsinə gətirilib. 

Səsverməyə qədər bir neçə terror hücumu nəticəsində 100-dən çox insan, o cümlədən deputatlığa 10 namizəd həlak olub. 

Əfqanıstanın Müstəqil Seçki Komissiyasının məlumatına əsasən, ölkədə 8,8 milyon seçici siyahıya salınıb. Ali qanunverici orqanın 249 yerlik aşağı palatasına üzvlük uğrunda 2,7 min namizəd mübarizə aparır. Seçkilərə yerli hüquq-müdafiə təşkilatları, həmçinin beynəlxalq təşkilatlar, o cümlədən BMT-dən 234 min müşahidəçi nəzarət edir. 

Qeyd edək ki, ölkədə qeyri-sabitlik səbəbindən iki illiyə təxirə salınmış parlament seçkiləri bu il oktyabrın 20-nə, prezident seçkiləri isə 2019-cu il aprelin 20-nə təyin olunub. Əfqanıstan parlamentinə seçkilər sonuncu dəfə 2010-cu ildə keçirilib.

20.10.2018 13:45 / Baxılıb: 69 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.11.2018
    18.11.2018
    17.11.2018
     
    © 2018 All right reserved www.azadinform.az Powered by Danneo