Türkiyədəki diaspor təşkilatlarının rəhbərləri DİDK-də görüş keçirib

Adəm Abbaslı/AZADİNFORM. Türkiyə Azərbaycan Dostluq Dərnəkləri Federasiyasının sədri Seyfettin Ayakyayın rəhbərlik etdiyi QHT, diaspor təmsilçiləri və jurnalistlərdən ibarət  nümayəndə heyəti Diasporla İş üzrə Dövlət Komitəsində görüş keçirib.

Komitədən Azadinform-a verilən məlumata görə, görüşdə Türkiyədəki Azərbaycan diaspor təşkilatlarının işi, iki ölkə  diasporunun birgə fəaliyyətinin perspektivləri və digər məsələlər müzakirə olunub.

Komitənin sədri Fuad Muradov 100 il öncə Azərbaycanın azadlıq mübarizəsinə Türkiyənin göstərdiyi dəstəyin bu gün də davam etdiyini vurğulayıb. Bildirib ki, iki ölkənin qardaşlıq münasibətləri diaspor təşkilatlarının fəaliyyətində də özünü göstərməkdədir. Müxtəlif ölkələrdəki Azərbaycan və türk diaspor təşkilatlarının ortaq problemimiz olan erməni yalanları ilə mübarizədə birgə fəaliyyətinin, həmrəyliyinin daha da gücləndirilməsi qeyd olunub. Yalnız birgə fəaliyyət nəticəsində bu gün dünyada gedən informasiya müharibəsində qalib gəlməyin mümkünlüyü vurğulanıb. Bu istiqamətdə yaşlıların təcrübəsindən istifadə etməklə gənclərin hazırlanmasının və jurnalistlərlə sıx əməkdaşlığın əhəmiyyəti diqqətə çatdırılıb. 

Eyni zamanda, bu gün Türkiyədə fəaliyyət göstərən 60-a yaxın Azərbaycan diaspor təşkilatının birgə fəaliyyətinin vacibliyinə də toxunulub, bu istiqamətdə atılacaq addımlarla bağlı fikir mübadiləsi aparılıb. 

Nümayəndə heyətində təmsil olunan diaspor təşkilatlarının rəhbərləri, jurnalistlər çıxış edərək Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həm də Türkiyənin problemi olduğunu ifadə ediblər. Azərbaycan həqiqətlərinin Türkiyə və dünya ictimaiyyətinə çatdırılması ilə bağlı görülən işlər haqqında məlumat verilib, bu istiqamətdə əməkdaşlığın genişləndirilməsi müzakirə olunub.

Qeyd edək ki, nümayəndə heyəti Türkiyədə və Azərbaycanda fəaliyyət göstərən QHT, diaspor nümayəndələrinin “Bir damla su” layihəsi çərçivəsində Azərbaycanda səfərdədir. Layihədə Azərbaycan tərəfdən Müharibə Veteranı Qadınlarına Sosial Yardım, Abidələrin Müdafiəsi Təşkilatı, Miqrasiya Proseslərinin Tədqiqi, Beynəlxalq İnformasiya və Regional Araşdırmalar ictimai birlikləri təmsil olunur.

19.10.2018 14:30 / Baxılıb: 356 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
18.11.2018
17.11.2018
 
© 2018 All right reserved www.azadinform.az Powered by Danneo