Bu elektron portallar və sosial hesablar necə fəaliyyət göstərir? Monitorinq

Ləman Hüseynzadə / AZADİNFORM. Elektron idarəçiliyə keçid vətəndaşlara daha operativ xidmətlərin göstərilməsi məqsədi daşıyır. Bu yolla istənilən vətəndaş müvafiq dövlət qurumunun rəsmi internet portalına daxil olaraq ona lazım olan informasiyanı rahatca əldə edə bilər. Bu gün artıq demək olar, bütün dövlət qurumlarının, büdcədən maliyyələşən təşkilatların internet portalı mövcuddur. Eyni zamanda həmin qurumların rəsmi sosial şəbəkə hesabları da fəaliyyət göstərir.

Bu qurumlar həm də sosial şəbəkə hesabları ilə informasiyalarını ictimaiyyətlə paylaşırlar.  Bəs, görəsən bu elektron portallar və sosial hesablar necə fəaliyyət göstərir?

 

 

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının rəsmi internet səhifəsinə (e-qht.az), (cssn.gov.az) daxil olduqda açılan başlıqlar qurumun fəaliyyət istiqamətləri barədə bütün məlumatları vermiş olur. Belə ki, hər iki səhifədə “Müsabiqə elanı” və həmin elanların arxivi bölməsi yerləşdirilib. e-qht.az internet ünvanı bütünlüklə Şuranın elektron xidmətlərinə həsr olunub. Burada “E-ərizə”, “E-hesabat”, “E-növbə” və “E-müraciət” xidmətləri müraciət etmək istəyən hər kəs üçün açıqdır. “Xəbərlər” bölməsi aylar üzrə yenilənir. cssn.gov.az-da Şuranın qəbul günləri qeyd edilib. Şuranın nəşrləri barədə xüsusi bölmələr yaradılıb. Bundan başqa, Şuranın İnformasiya Portalı da (qhtxeber.az) fəaliyyət göstərir. Portalda “Elanlar” və “Xəbərlər” bölməsi yenilənib. Hər üçündə ünvan və əlaqə vasitələri qeyd olunub. e-qht.az yalnız Azərbaycan dilində, digər iki sayt isə 3 dildə - Azərbaycan, Rus və İngilis dillərində fəaliyyət göstərir. Saytdakı məlumatlar hər 3 dildə yenilənir. Şuranın “Facebook”, “Twitter” və “Youtube”da sosial hesabları var. Ən aktiv fəaliyyəti “Facebook”da göstərir. QHT-lərin və Şuranın filmləri “Youtube” hesabında yerləşdirilir. Şura sədri Azay Quliyev, qurumun icra katibi Fərasət Qurbanov və mətbuat xidmətinin rəhbəri Elməddin Behbud şəxsi “Facebook” və “Twitter” hesablarından qurumla bağlı bütün yenilikləri sosial platforma iştirakçıları ilə paylaşırlar. 

 

 

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun internet ünvanında (bilikfondu.gov.az) “Bilik evləri və filiallar”, “Proqram və layihələr” bölməsi yerləşdirilib. Həmçinin, elektron xidmətlərdən e-kataloq və e-kitabxana vətəndaşlar üçün xidmət göstərir. Sayt 3 dildə - Azərbaycan, Rus və İngilis dillərində yayımlanır. E-kataloq və e-kitabxana bölməsi yalnız Azərbaycan dilində fəaliyyət göstərir. Qalan bütün bölmələr hər 3 dildə işlənib. Qəbul günləri barədə heç bir məlumat yoxdur. “Xəbərlər” bölməsi daim yenilənir. Fond məlumatlarını “Facebook”, “Twitter”, “Youtube” və “İnstagram” vasitəsilə yayımlayır. “İnstagram”dan başqa digər sosial şəbəkələrin hər birində aktiv fəaliyyət göstərir. “İnstagram” hesabında son post 26 fevrala məxsusdur. Qurumun mətbuat xidmətinin rəhbəri Ceyhun Musaoğlu şəxsi sosial şəbəkə profilindən Fondun məlumatlarını və gördüyü işləri aktiv şəkildə paylaşır.  

 

 

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun internet ünvanında (kivdf.gov.az) elanlar, müsabiqələr və qəbul günləri barədə ayrıca məlumat yerləşdirilib. “Xəbərlər” bölməsi aylar üzrə yenilənib. “Qaliblərin yazıları” bölməsinə isə daxil olmaq olmur. Sayt 2 dildə - Azərbaycan və İngilis dillərində yayımlanır. Amma İngilis dili variantına daxil olduqda bütün bölmələr üzrə məlumatlar Azərbaycan dilində açılır. Saytda Fondun təmsil olunduğu sosial şəbəkələr qeyd olunmayıb. Lakin “Facebook”da  (KİVDF) aktiv şəkildə fəaliyyət göstərir.

 

 

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun rəsmi internet səhifəsində (sdf.gov.az) “Qrant müsabiqələri”, “Xəbərlər və Elanlar” bölmələri yaradılıb ki, burada məlumatlar daimi yenilənib. Digərlərindən fərqli olaraq burada “Tez-tez verilən suallar və cavablar” bölməsi də fəaliyyət göstərir. Eyni zamanda, “e-Qrant” bölməsində Qrant müsabiqələrində iddiaçı və ya ekspert qismində iştirak üçün sistemdə qeydiyyatdan keçmək mümkündür. Bundan başqa, saytda Fondun 2010-2015-ci illərdə keçirilmiş 26 qrant müsabiqəsinin qalib layihələri üzrə statistikası da yerləşdirilib. Sayt 2 dildə - Azərbaycan və İngilis dillərində yayımlanır, məlumatlar hər 2 dildə işlənib. Fond “Facebook”, “Twitter” və “Youtube” sosial şəbəkələrində təmsil olunur. “Facebook” və “Twitter”də eyni səviyyədə xidmət göstərir. “Youtube” hesabında son yenilənmə 5 ay öncəyə aiddir. 

 

 

Azərbaycan Respublikasının Gənclər Fondunun rəsmi internet səhifəsində (youthfoundation.az) “Xəbərlər”, “Qrantlar” və “Elan” bölməsi vətəndaşların istifadəsindədir. “Qrantlar” bölməsində bütün Qrant müsabiqələrin nəticələri yerləşdirilib. Saytda ünvan və əlaqə vasitələri qeyd edilsə də qəbul günləri ilə bağlı heç bir məlumat yoxdur. Yalnız Azərbaycan dilində fəaliyyət göstərir. Fond “Facebook”, “Twitter”, “Youtube” və “İnstagram” sosial şəbəkələrində təmsil olunur. “Youtube” hesabında son yenilənmə 7 ay əvvələ aiddir. Digər sosial şəbəkələrdə isə eyni səviyyədə olmaqla aktiv şəkildə fəaliyyət göstərir.

19.10.2018 12:32 / Baxılıb: 621 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.11.2018
    17.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo