Milli vandamınız xeyirli olsun...

ARB TV-də yayımlanan “Canım sizə desin” adlı proqramın ötən günkü buraxılışı həm mediada, həm də müxtəlif sosial platformalarda geniş müzakirələrə səbəb olub. Əməkdar artist Mehriban Xanlarovanın aparıcılıq etdiyi verilişin qonağı “Virtual küçə”də özünü  “Azəri Vandam” kimi təqdim edən sosial şəbəkə “qəhrəmanı” olub. 

Onun verilişdə aparıcı ilə göstərdiyi yüngül hərəkətlər sosial şəbəkələrdə tənqidlərə məruz qalıb. Məsələyə Milli Televiziya və Radio Şurasında da açıqlama özünü çox gözlətmədi. Qurumun Monitorinq şöbəsinin müdiri Təvəkkül Dadaşov bildirdi ki, verilişdə qanun pozuntusu olmayıb: “Proqramda şou göstəriblər, problem hesab olunacaq bir şey yoxdur. Şounu bəyənən də, bəyənməyən də var.”

Doğrudur, qanun pozuntusu yoxdur. Bəs efir məkanımız "Azəri Vandam"larin  küçə şousu kimi proqramlarla kütləni arxasınca hara aparır?! Artıq xeyli vaxtdır Azərbaycan telekanallarındakı nöqsanlı hallar, aparıcıların qeyri-peşəkar davranışları cəmiyyətdə narazılıqla qarşılanır. Xəbər aparıcılarından fərqli olaraq şou aparıcılarının məqsədi izləyicini maarifləndirmək deyil, əyləndirməkdir. Yəni onlar özlərini daha çox sərbəst ifadə etməlidirlər. Amma bəzi şou aparıcısının müstəqilliyi o mərhələyə gəlib çatıb ki, efirdə qonağa təpik də ata bilir. 

Aparıcının efir qaydalarına riayət etməməsi, normadan kənara çıxması şou kimi qəbul edilir. Nəticədə şou aparıcıları efirə hazırlıqsız çıxır və efirə hakim ola bilmirlər.

Təəssüf ki, tamaşaçıların istəyi, zövqü də artıq bu mərhələyə gəlib çatıb. Facebookda paylaşılan “Azəri Vandam” videosu 8.000 “like”, xəbər saytlarında isə 18.000 baxış alaraq özünü yüngül hərəkətləri ilə təqdim edən birini fenomen edir. 

Media insanların nəyi izlədiyini və nədən izlədiyini öyrənir. İzləyicilər hansı proqrama və aparıcıya daha çox reytinq verirlərsə, kanal da o proqramı və aparıcısını daima efirdə saxlayır. 

Milli vandamınız xeyirli olsun əziz izləyicilər!


Elçin Eyvazalı 

19.10.2018 10:04 / Baxılıb: 240 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.11.2018
    18.11.2018
    17.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo