Prezident İlham Əliyev bir sıra fərman imzalayıb

Samir Soltanov/AZADİNFORM. Prezident İlham Əliyev “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 504 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 fevral tarixli 111 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Fərman imzalayıb. 

Azadinform xəbər verir ki, fərmanda bildirilir: 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Mənzil Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 13 iyun tarixli 739-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 fevral tarixli 111 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, 2, maddə 118; 2016, 5, maddə 862, 8, maddələr 1373, 1384; 2017, 1, maddə 46, 7, maddə 1345, 12 (I kitab), maddə 2340) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə”yə aşağıdakı məzmunda 3.0.63-1-ci yarımbənd əlavə edilsin:

“3.0.63-1. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin tələblərinə idarəedici subyektlərin riayət etmələrinə nəzarəti həyata keçirmək, həmçinin çoxmənzilli binanın idarə edilməsi qaydasına uyğun olaraq sahə mülkiyyətçiləri (sakinlər) ilə müqavilələr bağlanılmasını tələb etmək, müvafiq qanunvericiliyin tələblərinə əməl olunması vəziyyətinin araşdırılması üçün mənzil münasibətlərinin iştirakçılarından məlumatlar almaq, onları təhlil etmək, habelə bu yarımbənddə qeyd edilən məsələlərə dair daxil olmuş müraciətlər üzrə zəruri tədbirlər görmək;”.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti hüquqi nəticə yaradan hərəkətləri dövlətin adından həyata keçirən, Azərbaycan Respublikası Prezidentinin yaratdığı publik hüquqi şəxsin (statusu Azərbaycan Respublikasının qanunu ilə müəyyən edilən, habelə dövlət orqanlarının strukturuna daxil olmayan tabeliyindəki publik hüquqi şəxslər istisna olmaqla) işlər görülməsindən və xidmət göstərilməsindən əldə etdiyi vəsaitin (o cümlədən tutulan xidmət haqlarının) həmin publik hüquqi şəxsin sərəncamında qalan hissəsindən istifadə qaydasını, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla, üç ay müddətində müəyyən etsin.

Ölkə başçısı bundan başqa, “Fövqəladə hallarda, fövqəladə vəziyyət şəraitində zəruri telekommunikasiya şəbəkələrinin, qurğularının və vasitələrinin istifadəsində üstünlük hüququna malik olan və onların istifadəsini dayandıra, məhdudlaşdıra və ya rabitədən istifadə üçün xüsusi qaydalar tətbiq edə bilən səlahiyyətli dövlət hakimiyyəti orqanlarının siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 7 iyun tarixli 417 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə də fərman imzalayıb. 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 1 may tarixli 1102-VQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram: 

“Fövqəladə hallarda, fövqəladə vəziyyət şəraitində zəruri telekommunikasiya şəbəkələrinin, qurğularının və vasitələrinin istifadəsində üstünlük hüququna malik olan və onların istifadəsini dayandıra, məhdudlaşdıra və ya rabitədən istifadə üçün xüsusi qaydalar tətbiq edə bilən səlahiyyətli dövlət hakimiyyəti orqanlarının siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 7 iyun tarixli 417 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, 6, maddə 494; 2014, 9, maddə 1027; 2017, 8, maddə 1521, 12 (I kitab), maddə 2304) aşağıdakı dəyişikliklər edilsin:

1. Adına və 1-ci hissəsinə “fövqəladə” sözündən sonra “və ya hərbi” sözləri əlavə edilsin.

2. Həmin Fərmanla təsdiq edilmiş “Fövqəladə hallarda, fövqəladə vəziyyət şəraitində zəruri telekommunikasiya şəbəkələrinin, qurğularının və vasitələrinin istifadəsində üstünlük hüququna malik olan və onların istifadəsini dayandıra, məhdudlaşdıra və ya rabitədən istifadə üçün xüsusi qaydalar tətbiq edə bilən səlahiyyətli dövlət hakimiyyəti orqanlarının siyahısı” üzrə:

2.1. adına “fövqəladə” sözündən sonra “və ya hərbi” sözləri əlavə edilsin;

2.2. 4-cü hissənin:

2.2.1. “Səlahiyyətli dövlət hakimiyyəti orqanının adı” sütununa “Azərbaycan Respublikasının” sözlərindən əvvəl “Fövqəladə hallarda və fövqəladə vəziyyət şəraitində” sözləri, “komendantı” sözündən sonra “, hərbi vəziyyət şəraitində isə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti” sözləri əlavə edilsin;

2.2.2. “Telekommunikasiya şəbəkələrinin, qurğularının və vasitələrinin növü” sütununa “fövqəladə” sözündən sonra “və ya hərbi” sözləri əlavə edilsin.

Həmçinin, Prezident “Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 29 yanvar tarixli 19 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında da Fərman imzalayıb. 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: 

“Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 29 yanvar tarixli 19 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, 1, maddə 25; 2011, 6, maddə 489; 2018, 6, maddə 1210) 1.1-ci bəndində “6.4-cü və 9.2-ci (hər iki halda) maddələrində” sözləri “9.2-ci maddəsində (hər iki halda)” sözləri ilə əvəz edilsin.

18.10.2018 18:45 / Baxılıb: 145 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.11.2018
    17.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo