Müstəqilliyə gələn yolumuzda həlledici addımları Heydər Əliyev atdı

Ləman Hüseynzadə / AZADİNFORM. “1991-ci ilin bu günü Azərbaycan müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edildi. 6 fəsildən, 32 maddədən ibarət olan bu sənəd bizim üçün tarixi əhəmiyyətə malikdir. O zamandan Azərbaycan müstəqilliyi bəyan edildi. Həmin vaxt parlamentin 360 deputatından 258-i bu müstəqilliyin lehinə səs verdi”.

Bu fikirləri Azadinform-a açıqlamasında millət vəkili Elman Nəsirov deyib.

O bildirib ki, müstəqillik əldə etməyimiz çox uzun və mürəkkəb bir mübarizə prosesinin, ilk növbədə o zamankı Sovet rəhbərliyinin erməni maraqlarına xidmət edərək Azərbaycan torpaqlarının işğalına dəstək verməsi, onu müdafiə və himayə etməsinin məntiqi nəticəsi idi: “Bu, xalqın öz azadlığı uğrunda apardığı milli azadlıq hərəkatının məntiqi sonluğu idi. Ona görə də xalq ayağa qalxıb öz suverenliyini tələb edirdi, torpaqlarının işğal altına düşməsinə və Sovet hakimiyyətinin erməni xisləti siyasətinə etirazını göstərirdi. Bu etirazdan, milli azadlıq hərəkatından qorxuya düşən sovet hakimiyyəti 1990-cı ilin 20 yanvarında bir bəşəri cinayətə də imza atdı. Həmin gülləboran ilə Sovet İttifaqı özünün mövcudluğuna əsasən ölüm hökmü çıxartdı. Bu hadisə əslində Sovet İttifaqının dağılması prosesini son dərəcə sürətləndirdi. Azərbaycanın müstəqillik əldə etməsi o zaman baş verən geosiyasi proseslərin və Sovet İttifaqının tənəzzülündən doğan bir hadisə idi. 1990-cı ilin mart ayının 11-də Litva, iyunun 12-də Rusiya, avqustda Ukrayna, Belarus, Moldova, Estoniya, Latviya, avqustun 31-də Qırğızıstan, sentyabrın 1-də Özbəkistan, 9-da Tacikistan və hətta işğalçı Ermənistan dövləti sentyabrın 23-də müstəqilliyini elan etmişdi. Yəni artıq suverenliyin paradı deyilən bir hadisə baş verməkdə idi. Bu da Sovet İttifaqının çökməsindən doğan məntiqi proses idi”. 

Deputat qeyd edib ki, Cümhuriyyət dövründə olduğu kimi ilk dəfə müstəqilliyimizi noyabrın 9-da Türkiyə tanıdı: “Daha sonra Rumıniya, Pakistan kimi dövlətlər də analoji addım atdı. Bununla da dünyanın siyasi xəritəsində Azərbaycan Respublikası deyilən dövlət meydana gəldi. Amma əslində müstəqilliyə gələn yolumuzda həlledici addımları Ulu öndər Heydər Əliyev atdı. O, 1990-cı ilin noyabrın 7-də Naxçıvan Muxtar Respublikasının parlamentinin binasında ilk dəfə Cümhuriyyətdən bizə miras qalmış bayraqları dalğalandırdı. Eyni zamanda, Naxçıvan Muxtar Sovet Sosialist Respublikası adından Sovet və Sosialist sözlərini çıxartdı. Hətta, o vaxt Rusiyanın bəzi siyasi dairələri Heydər Əliyevi Sovet sözünü çıxardığına görə ittiham etmək istəyirdilər. Ulu öndər isə onların çox müdirikcə, diplomatik şəkildə cavabını verərək dedi ki, “Heç bir zaman Azərbaycan xalqının milli yaddaşında Sovet sözü olmayıb. Bizdə Məclis sözü olub. O ki qaldı Sosialist sözünə, Sovet İttifaqının rəhbərliyi, Qorbaçov başda olmaqla hər yerdə bəyan edirlər ki, əslində bizdə düzgün sosializm olmayıb”. Heydər Əliyevin Naxçıvanda atdığı bu addımlar faktiki olaraq müstəqilliyə gedən yolda çox mühüm, həlledici idi”.

“Müstəqillik elan edilməsi nə qədər mürəkkəb proses olsa da əslində ən çətin, əsas məsələ bu müstəqilliyi qoruyub saxlamaq idi”, - deyən E.Nəsirova əlavə edib ki, Cümhuriyyətin böyük səylərinə baxmayaraq onlar cəmi 23 ay bu müstəqilliyi qoruyub saxlaya bildilər: “Lakin Ulu öndər Heydər Əliyev elə bir Azərbaycan qurmaq istəyirdi ki, o əbədi, daimi olsun və buna da nail oldu. 1993-2003-cü illər Azərbaycan tarixinə məhz sabitlik və təhlükəsizlik illəri kimi daxil oldu. Bu gün də Azərbaycanda Ulu öndərin müəyyən etdiyi siyasi kurs davam etdirilir. Azərbaycan dünya miqyasında çox etibarlı tərəfdaşa çevrilib. Bizim mövqelərimiz kifayət qədər möhkəmlənib”.

18.10.2018 15:40 / Baxılıb: 473 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo