Azərbaycan ilə Küveyt arasında sıx münasibətlər qurulub

Samir Soltanov/AZADİNFORM. Küveytdə gündəlik ərəb dilində nəşr olunan və böyük oxucu auditoriyasına malik “Əl-Cəridə” qəzetinin 17 oktyabr tarixli buraxılışında Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 27-ci ildönümü ilə bağlı məqalə dərc edilib. 

Azərbaycanın Küveytdəki səfirliyindən Azadinform-a verilən məlumata görə, məqalədə 1991-ci ilin oktyabrın 18-də Azərbaycan Respublikasının dövlət müstəqilliyinin yenidən bərpa edildiyi bildirilir. Sovet İttifaqının dağılması ilə öz müstəqilliyini bərpa edən Azərbaycan ilə Küveyt arasında sıx və güclü münasibətlərin qurulduğu və hər iki ölkədə diplomatik nümayəndəliklərin fəaliyyət göstərməyə başladığı, bu müddət ərzində iki ölkə arasında siyasi, iqtisadi-ticarət, mədəniyyət və digər müxtəlif sahələrdə əlaqələrin gücləndiyi, Küveyt şirkətlərinin Azərbaycanda müxtəlif sahələrə sərmayə yatırdığı qeyd olunub. 

Yazıda, həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin mövqeyinin dəstəklənməsi məsələsində Küveyt Dövlətinin mühüm rol oynadığı bildirilir. Ermənistanın işğalı nəticəsində öz doğma torpaqlarından didərgin düşmüş bir milyondan çox məcburi köçkün və qaçqına Küveyt tərəfindən humanitar yardımın göstərildiyi, o cümlədən beynəlxalq təşkilatların erməni təcavüzünü pisləyən bütün qətnamələrinin Küveyt tərəfindən dəstəkləndiyi diqqətə çatdırılır.

17.10.2018 15:45 / Baxılıb: 232 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo