Sürüşən və çökən Bakı: paytaxtı necə xilas etməli?

Eskpertlər: “Paytaxtda əhali sıxlığını azaltmaq, yeni binaların tikintisini dayandırmaq, bütün boş ərazilərdə yaşıllıq salmaq lazımdır”

 

Son vaxtlar Bakının Bayıl və Badamdar ərazilərində sürüşmə prosesinin güclənməsi paytaxtı gözləyən təhlükəni yenidən aktuallaşdırıb. Mütəxəsislərin və aidiyyatı hökumət nümayəndələrinin verdiyi açıqlamalardan vəziyyətin təhlükəli olduğu aydın olur. Yağış yağdıqdan sonra Bakını su basması isə son vaxtlar daha tez-tez müşahidə olunur. Bəs bu problemlərin səbəbi nədir, onları necə həll etmək olar?


Landşaftşünas: “Bakı sürüşür, daha doğrusu çökür”.

 

 

“Artıq torpaq sürüşə-sürüşə altının yeyildiyini bizə xəbər verir. Bakıda, Abşeron yarmadasında əhalinin yaşadığı yerin altı ovulur. Bir gün görəcəyik ki, hansısa ərazi çöküb. Bunun effekti yerin üstündə yaşayan insan üçün 9-10 bal gücündə zəlzələ qüvvətindədir”. Bu sensasion açıqlamanı  yenicağ.az-a müsahibəsində landşaftşünas Şəbnəm Karslı səsləndirib. Mütəxəssis fikirlərini bu cür əsaslandırıb: “Sürüşmə və çökmə təhlükəsi olan ərazilərdə insanlar yaşamamalıdır. Ərazidə torpağı gücləndirdib, işləri yekunlaşdırdıqdan sonra onun üzərində gəzə bilərsiniz. Mütəxəssislər gəlib ərazidə torpağın altında, üstündə, hansı qatının necə olmasını araşdırmalıdır. Onun üzərindəki inşaat bu gün dayandırılmalıdır”.

Ekspert deyir ki, Bakıda bina tikilərkən bünövrə qazılır, nasos vurulur, yerdəki qurunt su kanalzasiyaya axıdılır: “Bəs, gələcəkdə bu qurunt suları necə olacaq? Bu suyun qarşısı necə alınacaq? 2015-ci ildə qurunt sularının xəritəsinə baxanda bilirdik ki, onlar hansı istiqamətdə axır. 2016, 2017, 2018-ci ildə binalar tikilir və beləcə qurunt sularının istiqaməti dəyişdirilir. Artıq alimlərin də işi çətinləşib. Mütəxəssis 2 gün qabaq verdiyi qərara bu gün əmin ola bilmir. Çünki orada başqa işlər görülüb, antropogen lantşafta dönülüb. Drenaj şəbəkəsi quraşdırılmalıdır və kanalizasiyaya qoşulmalıdır, kanalzasiya sistemi gücləndirilməlidir. Qurunt sularının axınının güclü olduğunu bildiyimiz, xəritədə yeraltı çay kimi gördüyümüz ərazidə yaşayan insanlar mütləq mənada köçürülməlidir”. Landşaftşünas qeyd edib ki, vətəndaşlar bir minanın üzərində yaşadığının fərqində deyil.


Alim: “Sürüşmə arealının genişlənmə ehtimalı var”

 

 

“Orada sürüşmə yeni hadisə deyil. Biz 2015-ci ildə elmi iş məqsədilə ərazidə tədqiqat aparmışdıq. Şərq qanadında üç dəfə qədim sürüşmənin baş verdiyini müəyyən etmişdik. Deyilən ərazidə sürüşmənin olması gözlənilən idi. Ərazidə yağıntıların miqdarı artan kimi sürüşmə prosesinin inkişafı sürətlənib”. Bu açıqlama ilə Elmlər Akademiyasının Geologiya və Geofizika İnstitutunun şöbə rəhbəri Əvəz Salamov çıxış edib.

Onun sözlərinə görə, hazırda ərazidə sürüşmə davam edir: “Evlər tikilib və heç bir kanalizasiya sistemi yoxdur. Həmin ərazidə ev tikmək olmazdı. Çünki üst hissə əhəng daşı, aşağı isə gilli qumdur. Əhəng daşı yağış sularını özündə toplayır və gil qatı ilə suyu yamac boyu aşağıya doğru tökür. Bu da sürüşməni aktivləşdirir”.

Mütəxəssis bildirib ki, ərazinin daha çox sürüşməsi ehtimalı çoxdur. Böyük bir ərazidə evlər tikilib. Sürüşmənin ölçüsü heç vaxt kiçilmir. Həmişə böyümə istiqamətində inkişaf edir. Burada sürüşmə ərazisi daha çox böyüyəcək. Bu cür yerlərdə ancaq bağ salmaq, ağac əkmək olar. Tikinti əsla olmaz. Zığ qəsəbəsində də sürüşməyə meyilli ərazilər var. Həmin yerlər insanlara satıldı və ev tikildi. İndi onların da əksəriyyətinin evi uçub. Sürüşmənin qarşısını almaq üçün kompleks elmi araşdırma aparılmalıdır”.

Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli isə qeyd edib ki, ərazi hazırda sürüşməkdə davam edir: “Dünən gecə yuxarıdakı istinad divarının biri də aşıb. Yenə təhlükə gözlənilir. Proses dayanmır. Bir silkələnmə olsa, hamısı dərənin içinə tökülər”.


Bakıda əhali sıxlığını və tikintiləri azaltmaq lazımdır

 

 

Son 30 ildə böyük demoqrafiq axına və sürətli tikinti bumuna məruz qalan Bakıda artıq sözün əsl mənasında bina, adam və maşın əlindən təprənmək olmur. Qeyri-rəsmi məlumatlara görə, Bakıda faktiki olaraq 5 milyonadək insan yaşayır.  Şəhərin mərkəzi hissəsi isə daha çox yüklənib. Artıq küçələrdə piyada və maşınla getmək də müşkülə çevrilib. 

Bundan başqa, mövcud kommunikasiya sistemləri, kanalizasiya sistemləri həddən artıq yüklənir və çatdırmır. Buna görə də, yağış yağarkən şəhərin çox hissəsini su basır.

Bakı şəhərində əhalinin getdikcə artan sıxlığının və sürətli tikinti prosesinin qarşısının alınmasının vacibliyi ilə bağlı artıq uzun müddətdir müzakirələr aparılır. Problemdən çıxış yolu kimi bəzi idarə və təşkilatların digər şəhərlərə yerləşdirilməsi, şəhərin kənarlara doğru genişləndirilməsi, paytaxtın başqa əraziyə köçürülməsi variantları var. Lakin paytaxtın köçürülməsi real görünmədiyindən, heç olmasa yükünün azaldılması vacibdir.

Hələlik, bu istiqamətdə tədbirlər yoxdur, əksinə Bakı və Abşerondakı yeni layihələri - şəhərciklərin və sənaye zonalarının salınması ilə bağlı layihələri nəzərdən keçirəndə məlum olur ki, yaxın 10 ildə şəhər əhalisi daha 1-2 milyon nəfər arta bilər. Regionlardakı insanlar bu iri layihələrdə işləmək üçün paytaxta axışacaq. Paytaxtımız isə bu qədər ağır yükü qaldırmaq iqtidarında deyil.


Memar: “Bakı bu qədər yüklənməyə davam gətirə bilmir”

 

 

Bəs çıxış yolu nədədir - şəhəri genişləndirmək və mərkəzdən yüklənməni azaltmaq üçün irəli sürülən təkliflər nə dərəcədə realdır? Memar Rasim Süleymanov deyir ki, Bakını Şıxov və Lökbatan  istiqamətində  genişləndirmək daha düzgün olar: “Digər ərazilərdə şəhər mərkəzdən xeyli uzaqlara qədər uzanıb, lakin Şıxov istiqaməti paytaxtın mərkəzinə ən yaxın məskunlaşmamış ərazidir. Bakının mərkəzində yeni tikilərə icazə verilməməsi, bəzi tikililərin sökülməsi ilə paralel olaraq şəhərin yükünün mərkəzi hissələrdən nisbətən kənarlardakı (Dərnəgül, Böyükşor, Ağşəhər, Şıxov və s.) boş ərazilərə doğru paylanması ilə bugünkü problemlərin bir hissəsi həll edilə bilər. 

Bu istiqamətlərdə şəhəri genişləndirmək, gözəl prospektlər yaratmaq, bir-birinə yaxın olmamaq şərtilə yeni binalar tikmək mümkündür. Lakin həmin binalar hazırda tikilənlər kimi hündürmərtəbəli olmalı deyil. Göydələnlər Bakıya məxsus olan memarlıq deyil. Bakı belə ağırlığa davam gətirə bilməz. Bakıda ancaq 5-10 mərtəbəli gözəl binalar tikmək olar”. 

Memar hesab edir ki, iri dövlət və özəl müəssisələri, idarələri, universitetləri şəhər mərkəzindən kənarlara, hətta digər şəhərlərə köçürmək lazımdır: “Bundan başqa, iş səbəbi ilə Bakıda məskunlaşan yüz minlərlə vətəndaşın rayonlara qaytarılması üçün işlər görülməlidir. Bu da, regionlarda iş yerlərinin artırıması ilə mümkün ola bilər”.


Elçin Bayramlı

 

 

17.10.2018 14:45 / Baxılıb: 604 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo