Ağla, kişi, ağla...

Bəzən bütöv bir millətin faciəsini görmək, bir ölkənin keçmişinin və indisinin heç də  xoş olmayan təzadlı fərqini bilmək üçün sadəcə bir fotoqrafın anı ustalıqla yaxalayaraq çəkdiyi fotoşəkil də kifayət edir. 

Deməli, bu kişi Bağdaddan durub Parisə gedib və təsadüfən Luvr muzeyinə də baş çəkib. Muzeydə İraqdan talan edilmiş, oğurlanmış qədim və qiymətli eksponatları görəndə, özündən biixtiyar ağlamağa başlayıb...

Burada ani olaraq 15 il əvvələ - özünü az qala bütün ərəb dünyasının "xaç atası" elan etmiş Səddam Hüseynin dövrünə qısa ekskurs edək. Gurultulu Amerika tankları düz 15 il bundan əvvəl qorxunc nərilti ilə Bağdada girdi və beləliklə də İraqın - 20-ci  əsrin əvvəllərində Osmanlı imperiyasının xarabalıqları üzərində meydana çıxan bu yöndəmsiz ölkənin tarixində yeni fəslin başlanğıcını qoydu. Başlanğıc da nə başlanğıc?! 

Uzun onilliklər boyu Britaniyanın de-fakto müstəmləkəsi olan, lakin bu müstəmləkəçilik qandallarını öz üzərindən atıb yenidən müstəqil ölkəyə çevrilməyi bacaran İraq  Səddam Hüseynin dövründə həqiqətən də özünün ən qüdrətli çağlarını yaşayırdı. Lakin Amerika müdaxiləsi qəddar və qüdrətli Səddam Hüseynin bütün iqtisadi-siyasi uğurlarını bir göz qırpımında məhv etdi. Əvəzində isə İraq xalqına şirin nağıl kimi vəd etdiyi azadlığı gətirmədi. Əksinə, İraq hakimiyyətsizlik xaosuna girdi və bu hakimiyyətsizlik illəri də sonda İŞİD-in amansız və dağıdıcı həmləsiylə başa çatdı. Həm ABŞ-ın hərbi müdaxiləsi, həm də İŞİD-in törətdiyi amansız kütləvi qırğınlar nəticəsində yüzminlərlə dinc və günahsız ərəbin qanı axıdıldı, milyonlarla insan öz yurd-yuvalarından qaçqın düşdü. Dönəmin ABŞ dövlət katibi Madlen Olbraytın etirafına görə, İraqda öldürülən uşaqların sayı hətta 500 min nəfərə çatırdı... 

Amerikan tanklarının lülələri üzərində gətirilən "yeni başlanğıc"ın acı nəticələri sadəcə bundan ibarət idimi? Yox, əsla, yox! Yalnız sadəlövhlər belə məsum ovqatda düşünə bilərlər. Reallıqda isə ABŞ və müttəfiqləri İraqı böyük bir xarabazarlığa çevirdilər. İndi Bağdadın özü də açıq müharibə muzeyini xatırladır... Amerikan əsgərləri əllərindəki silahı atıb özlərini bu "muzey"in yeganə ağası kimi aparmağa başladılar. Bəli, bəli, adını hərbçi qoyan ABŞ "kommandos"ları Səddamın prezident saraylarında və Bağdad muzeylərində sözün əsl mənasında açıq talançılığa başladılar. Əllərində qiymətli suvenirlər və ya muzey eksponatlarıyla fotomüxbirlərin obyektivlərinə tuş gəlmiş işğalçı əsgərlərin fotoşəkilləri o dövrün dünya mediasının da gündəmindən düşmürdü. Bu, ABŞ kimi bir superdövlətin qalib ordusunun adına gerçəkdən də böyük bir rüsvayçılıq idi. Lakin bu talançılıqda ABŞ tək deyildi. 2003-cü ildə İraq muzeylərini ən çox talan edən ölkələr sırasında Fransa və İngiltərənin də adı keçir. Bəli, böyük dövlətlər (Rusiya da daxil olmaq şərti ilə) qoşunla girdikləri ölkələrə yalnız fəlakət və talan gətirirlər...

Hər kəsə məlumdur ki, Bağdaddakı muzeylər dünyanın ən qədim və nadir əşyalarına malik idi. Qədim Şumer və Mesopotamiya mədəniyyətlərinin bütün arxeoloji tapıntıları məhz Bağdad muzeylərində toplanmışdı. Onların qiyməti milyardlarla ölçülürdü. Yəni ki, neftdən də baha idi...

Mən Bağdadı çox sevirdim. Hərçənd ki, bu əsrarəngiz şəhərdə heç vaxt olmamışam. Bağdad mənim hələ lap uşaqlıq illərindən haqqında çoxlu kitablar oxuduğum bir qədimlik və əzəmət ünvanı idi. Lakin bundan sonra Bağdad bir daha heç vaxt əvvəlki Bağdad olmayacaq... Bir zamanlar Səddam Hüseynin nikbinliklə  söylədiyi sözlər indi acı istehza kimi səslənir: “İraq böyük ölkədir. Artıq dəfələrlə bu cür olub. Millətlər zirvələrə, adətən, yalnız bir dəfə qalxır. İraq isə orada dəfələrlə olub: İslama qədər və İslamdan sonra. Bu hədiyyə İraq xalqına Allah tərəfindən verilib. İraqlılar çöksələr, yenidən qalxacaqlar”. 

Bəli, İraq həqiqətən də çöküb. Lakin bu yaxın gələcəkdə onun dirçəlişi nə görünmür, nədəki gözlənilmir. Hələ eramızın VI əsrindən “əl-İraq” söz birləşməsi ilə adı tarixi qaynaqlarda keçən İraq əraziləri indi sadə iraqlıların gözündə sadəcə mərsiyyə və agı məkanına çevrilib. Hətta Luvr muzeyini ziyarət edən bu iraqlı da millətinin oğurlanmış tarixi qarşısında ağlamaqdan özünü heç cürə saxlaya bilmir. 

Ağla, kişi, ağla...


Bəybala Mirzəyev

17.10.2018 11:05 / Baxılıb: 837 / Çap
 
    Bu bölmədə
    2.10.2018
    Bizim yollar...
     Xəbər lenti
    19.11.2018
    18.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo