Cümhuriyyət dövrünün ədəbiyyat və mətbuatı ADU-da müzakirə olunub

AZADİNFORM. Azərbaycan Dillər Universitetində (ADU) Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş silsilə tədbirlər çərçivəsində “Cümhuriyyət dövründə ədəbiyyat və mətbuat” mövzusunda dəyirmi masa keçirilib.

ADU-dan Azadinform-a verilən məlumata görə, kafedra müdiri akademik Muxtar İmanov 100 illik yubiley ilə əlaqədar həm ölkəmizdə, həm də ölkəmizin hüdudlarından kənarda tədbirlər keçirildiyini sözlərinə əlavə edib.

Azərbaycan Jurnalistlər və Yazıçılar Birliyinin üzvü, Əməkdar jurnalist Qərənfil Quliyeva deyib ki, Cümhuriyyət dönəmində ilk dəfə senzuranın ləğvi ilə cəmiyyət azad fikrin qələmin dadını hiss edib: “Cümhuriyyət sözün qüdrətini, mətbuatın cəmiyyətdə rolunu və yerini mətbuata bəxş eləməklə oxucu ilə ünsiyyət yaradıb. Mətbuat haqqında nizamnamə qəbul olunub ki, bu, Azərbaycan mətbuatının öz fəaliyyətini nizamlayan ilk hüquqi sənəd idi”.

Milli Azərbaycan Ədəbiyyatı muzeyinin dissertantı, Nəcibə Bağırzadə Məhəmməd Əmin Rəsulzadənin Məhəmməd Əli ilə birgə milləti oyatmaq üçün çağırışlar etdiyindən söz açıb: “Məhəmməd Əmin Rəsulzadənin bacısı Ümgülsüm yeganə istiqlal şairəsi olub. Bu baxımdan böyük məhrumiyyətlər yaşayan Ümgülsümün İçərişəhərdəki evinin önündə xatirə lövhəsinin asılması zəruridir”.

Ədəbiyyat İnstitutunun baş elmi işçisi, filologiya üzrə elmlər doktoru, professor Cavanşir Yusifli  Cümhuriyyət dövrü ədəbiyyatının əsas istiqamətləri haqqında məlumat verib. 

ADU-nun Azərbaycanşünaslıq ETL-ın elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Elçin İbrahimov bildirib ki, Cümhuriyyət dövründə bütün qanun və bəyannamələrin milli dildə çapı barədə verilən qərar olduqca mütərəqqi idi.

ADU-nun rektoru Kamal Abdulla bildirib ki, Azərbaycan ədəbiyyatı kafedrası və Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyası tərəfindən mütəmadi olaraq bu tip tədbirlər keçirilir və bu, tələbələrin maariflənməsi baxımından mühüm əhəmiyyətə malikdir.

17.10.2018 10:45 / Baxılıb: 190 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.11.2018
    18.11.2018
    17.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo