Əlillərin məşğulluğunun dəstəklənməsində BP ilə əməkdaşlıq genişləndiriləcək

Adəm Abbaslı/AZADİNFORM. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qari Counzla görüş olub.

Nazirlikdən Azadinform-a verilən məlumata görə, görüşdə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev əhalinin məşğulluq imkanlarının artırılmasının, sosial cəhətdən həssas qrupların, o cümlədən əlilliyi olan şəxslərin əmək bazarına çıxışının dəstəklənməsinin Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu sosial siyasətinin əsas prioritetlərindən olduğunu vurğulayıb. Nazir bu istiqamətdə aparılan işlər barədə məlumat verib. S.Babayev Azərbaycan iqtisadiyyatında önəmli rolu ilə seçilən BP şirkəti ilə nazirlik arasında əməkdaşlıq təcrübəsini qeyd edib. O, yerli işçi qüvvəsindən istifadənin genişləndirilməsinin, vakant iş yerləri barədə qanunvericiliyə uyğun qaydada məşğulluq orqanlarına məlumatların təqdim olunmasının, işçi qüvvəsinə tələblə bağlı çevik məlumat mübadiləsi aparılmasının, həmçinin əlilliyi olan şəxslərin məşğulluğuna şərait yaradılmasının bu əməkdaşlıqda mühüm istiqamətlər olduğunu deyib.

S.Babayev ƏƏSMN və BP – “British Council”in birgə layihəsi olan “Əlilliyi olan şəxslərin məşğulluq qabiliyyətlərinin artırılması proqramı” çərçivəsində görülən işlərin əhəmiyyətini qeyd edib. Nazir bildirib ki, proqram çərçivəsində 90 nəfərədək əlilliyi olan şəxsin ingilis dili, kompüter bacarıqları və sosial bacarıqların inkişaf etdirilməsi istiqamətində təlimlərə cəlb olunmaları həmin əlilliyi olan insanların gələcək məşğulluğunun təminatında mühüm dəstəkdir.

Digər tərəfdən, müvafiq sahələrdə fəaliyyət göstərən qərarverici tərəflər və biznes müəssisələri də tərəfdaş qismində layihəyə cəlb ediliblər. Proqram iştirakçılarına psixoloji dəstəyin göstərilməsi və məşğulluq üzrə müvafiq məsləhətlərin verilməsi də nəzərdə tutulub. Nazir gələcəkdə belə dəyərli layihələri əhatə edən əməkdaşlığın daha geniş müstəvidə qurulmasının məqsədəuyğun olacağını vurğulayıb.

Q.Counz BP şirkətinin öz layihələrinin icrası zamanı məşğulluq amilinə xüsusi önəm verdiyini deyib. O, sosial cəhətdən həssas qrupların, əlilliyi olan şəxslərin məşğulluğunun dəstəklənməsi üçün onların bacarıqlarının artırılmasına xidmət edən layihə üzrə aparılan işlərdən bəhs edib, bu yöndə layihələrin davam etdirilməsinin və daha da genişləndirilməsinin diqqətdə saxlanacağını bildirib.

Görüşdə əmək, məşğulluq və sosial müdafiə sahəsində ölkəmizdə aparılan islahatlar, icra olunan aktiv əmək bazarı proqramları barədə də Q.Counza ətraflı məlumat verilib. “Əlilliyi olan şəxslərin məşğulluq qabiliyyətlərinin artırılması proqramı” çərçivəsində görülən işlər, birgə fəaliyyətin gələcək istiqamətləri, əlilliyi olan şəxslərin məşğulluğunun dəstəklənməsi sahəsində əməkdaşlığın genişləndirilməsi məsələləri nəzərdən keçirilib.

17.10.2018 10:15 / Baxılıb: 220 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo