Kaliforniyada Azərbaycanın Müstəqillik Günü elan edilib

Adəm Abbaslı/AZADİNFORM. ABŞ-ın Kaliforniya ştatının San Xose şəhəri 18 oktyabr 2018-ci il tarixini “Azərbaycanın Müstəqillik Günü” elan edib. Bununla bağlı şəhər meri Səm Likkardo (Sam Liccardo) və Şəhər Şurasının üzvləri tərəfindən müvafiq bəyannamə imzalanaraq qəbul edilib.

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan Azadinform-a verilən məlumata görə, bəyannamədə Azərbaycan Demokratik Respublikasının davamçısı olan Azərbaycan Respublikasının yaradılması ilə ölkəmizin azadlığının və müstəqilliyinin bərpa edildiyi vurğulanır.

Qeyd edilir ki, sənəddə müstəqilliyin bərpasından sonra ölkəmizin öz suverenliyini və azadlığını gücləndirdiyi və hazırda ABŞ-ın strateji müttəfiqi və Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşı olduğu bildirilir.

Bəyannamədə həmçinin qeyd olunur ki, Azərbaycan beynəlxalq səviyyədə müsəlman, xristian və yəhudilərin birgə sülh və harmoniya şəraitində yaşadığı uğurlu ölkə modeli kimi tanınır.

Qeyd edək ki, Şimali Kaliforniyanın ən böyük şəhəri olan San Xose yüksək texnologiyalar, innovasiya və sosial media üzrə qlobal mərkəz hesab olunan Silikon Vadisinin (Silicon Valley) əsas siyasi, iqtisadi və mədəniyyət mərkəzidir. “Silikon Vadisinin paytaxtı” adlandırılan şəhər ABŞ-ın və dünyanın ən zəngin şəhərlərindən biridir və nüfuzlu Brukinqs İnstitutunun (Brookings Institution) araşdırmasına əsasən, adambaşına düşən ÜDM-nin həcminə görə dünya şəhərləri arasında üçüncü yeri tutur.

17.10.2018 10:05 / Baxılıb: 248 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo