Atəşkəs rejiminin pozulması hallarının azalmasına səbəb nədir? Ekspertlər şərh edir

Ləman Hüseynzadə / AZADİNFORM. Son günlərdə cəbhə xəttində atəşkəs rejiminin pozulması halları azalıb. Belə ki, Müdafiə Nazirliyinin yaydığı məlumatlarda bundan əvvəl atəşkəs gün ərzində ən azı 90-100 dəfə pozulurdusa, hazırda bu rəqəm 20-30 arasında dəyişir.

Məlumatlarda atəşkəsin pozulmasının səbəbkarı adətən qarşı tərəf olur və Azərbaycan tərəfi cavab atəşi açmaqla düşməni susdurur.

Cəbhə xəttində atəşkəs rejiminin pozulması hallarının hansı səbəblərdən azaldığını bilmək üçün ekspertlərə müraciət etdik.

 

Ehtiyatda olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, son vaxtlar cəbhədən verilən məlumatlarda bir qədər fərqli mənzərə müşahidə edirik: “Əslində cəbhədə gərginlik hökm sürür. Yəni erməni təxribatları davam edir. Azərbaycan Silahlı Qüvvələri isə əvvəlki vaxtlara nisbətən düşmənin daha təhlükəli təxribatlarına cavab verməyə çalışır. Şəxsi heyət, səngərlər üçün və orda yerləşən avadanlıqlara təhlükə yaranmayacağı təqdirdə bizim əsgərlər çalışırlar ki, düşmənə o qədər də əhəmiyyət verməsinlər. Amma Ermənistan tərəfindən açıq həyasızlıq olanda müdafiə nazirinin birbaşa göstərişi var ki, düşmən cəzalandırılsın. Ötən həftələrdə müdafiə naziri keçirdiyi müşavirədə birləşmə komandirlərinə belə bir göstəriş verib ki, Azərbaycan prezidenti ilə Ermənistan Baş nazirinin ayaqüstü görüşündə düşmənin nə qədər səmimi olmasını yoxlamaq, düşmənin bütün bəhanələrinə son qoymaq üçün qarşı tərəfin təxribatlarına mümkün qədər az reaksiya verilsin. Lakin bu o demək deyil ki, biz düşmənin hansısa bir hərəkətlərinə elə seyrçi mövqe tuturuq. Onlar öz təxribat əməllərini bütün cəbhə boyu davam etdirirlər və o rəqəmlər də əsla insanları çaşdırmamalıdır ki, düşmən ağıllanmağa başlayıb. Bu ermənidir. Elə ötən gün Ermənistan prezidenti Armen Sarkisyan Azərbaycanın işğal olunmuş ərazilərinə gəlib”.

Ekspert qeyd edib ki, Paşinyan Azərbaycandan vaxt istəməklə və bu kimi digər müxtəlif manevrlar etməklə bir növ özünün hakimiyyətini möhkəmlətmək üçün addımlar atır: “Amma Azərbaycan siyasi hərbi rəhbərliyi də bunu sonsuzluğa kimi davam etdirmək fikrində deyil. Çünki düşmən demək olar ki, bütün hədləri, limitləri aşıb. Azərbaycan tərəfi düşmənə qəti olaraq xəbərdarlıq edib ki, yaxın zamanlarda əgər döyüş bölgəsi ilə bağlı hər hansı bir müsbət addımlar olmasa, Azərbaycan qarşısına qoyduğu məqsədlərə tam çatmaq üçün sərt şəkildə addımlar atacaq”.

 

Politoloq Qabil Hüseynli hesab edir ki, cəbhə xəttində atəşkəs rejiminin pozulması hallarının azalması Prezident İlham Əliyev və Paşinyan arasında olan razılaşma ilə bağlıdır: “Tərəflər bir-birinə söz vermişdilər ki, sülh yaratma məsələsini sürətləndirmək və danışıqlar prosesini aktivləşdirmək üçün təmas xəttindəki silahlı toqquşmaların, atəşkəsin pozulmasının qarşısı alınsın. Bu danışıqların təsiri iki gün oldu, atəşkəs pozulmadı. Sonrakı günlərdə ermənilər yenə də köhnə siyasətlərinə uyğun olaraq atəşkəsi pozmağa davam etdilər. Bütün hallarda atəşkəs pozuntularının sayı əvvəlkilərinə nisbətən azalıb. Bu da tərəflərin sülh danışıqlarına marağından irəli gəlir. Danışıqlar prosesində də Rusiyanın müəyyən rolu olmamış deyil”.

16.10.2018 17:53 / Baxılıb: 1483 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo