Beyin iltihablaşmasına gətirib çıxaran xəstəlikdən uşaqları necə qoruyaq?

Ləman Hüseynzadə / AZADİNFORM. Qızılca yoluxduruculuq qabiliyyəti baxımından digər infeksion xəstəliklərə nisbətən daha təhlükəlidir. Mütəxəssislər bildirir ki, bir qızılcalı xəstə otaq yaxud binada asqırıb-öskürərsə, içəridəkilərin onda doqquzu bu xəstəliyə tutulacaq.

Avropa ölkələrində də 2017-ci ildə qızılca epidemiyalarının sayı artıb. Rumıniyada 5500, İtaliyada 5000, Ukraynada 4700 qızılca aşkarlanıb ki, bunlardan da 35-i ölümlə nəticələnib. Bu il isə Ukraynada 30 mindən çox insan qızılca xəstəliyinə yoluxub. Onlardan 14 nəfər ölüb. Pediatrlar tövsiyə edir ki, xarici ölkələrə səfər edib gələn şəxslərlə uşaqları təmasdan qoruyun. Bəs qızılcanın bu cür təhlükəli hallarının qarşısını necə almaq olar?

 

 

Bu barədə Azadinform-un suallarına cavab verən pediatr Günay Rəsulova bildirib ki, qızılca peyvəndlə qarşısı alına biləcək bir infeksion xəstəlikdir: “Qızılcanın 1 və 6 yaşda peyvəndi var. 1 yaşda vaksinasiya olur, amma tam qoruyuculuq üçün 6 yaşda təkrar revaksinasiya olur. Qızılca ona görə vaksinasiya ilə peyvənd olunur ki, həmin xəstəlikdən pnevmaniya ilə ağırlaşma və ölüm riski uşaqlarda çox yüksəkdir. Bundan başqa, hamilə qadın qızılcaya yoluxarsa döldə qüsurlar əmələ gələ bilər. Bu baxımdan xüsusən qız uşaqları üçün qızılca peyvəndi çox vacibdir. Qızılca xəstəliyi səbəbi ilə baş verən ölüm hallarının qarşısını almaq üçün peyvəndlənmə, vaksinasiya tam olmalıdır. Bu peyvəndlər dövlət tərəfindən poliklinikalarda tətbiq edilir. Hər bir ana mütləq uşağına vaksini vaxtında etdirməlidir. Qızılca peyvəndi canlı vaksindir. Bəzən immuniteti zəif olan uşaqlar xəstəliyi yüngül formada keçirdə bilərlər. Bundan narahat olmaq lazım deyil. Amma peyvəndlər körpələri həm bu infeksiyadan, həm də infeksiyanın ciddi ağırlaşmalarından qoruyur”.

Pediatr qeyd edib ki, qızılcanın çox nadir görünən ağırlaşmalarından biri (subakute sklerosierende panenzephalitis) çox təhlükəlidir: “Belə olan halda xəstəlik get-gedə beyin iltihablaşmasına (beyin ensefaliti) gətirib çıxarır. Bu infeksiyadan sonra uzun illər içində yavaş-yavaş beyində zədələnmələr də əmələ gələ bilər. Ona görə bu infeksiyanı keçirmək çox təhlükəlidir. Qarşısı yalnız və yalnız peyvəndlə alınır”.

16.10.2018 13:56 / Baxılıb: 545 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.11.2018
    17.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo