Multikulturalizmi Azərbycanın həyat devizinə çevirən Lider

Prezident İlham Əliyevin multikulturalizm sahəsində beynəlxalq təşəbbüslərə göstərdiyi dəstək son 15 ilin ən mühim nailiyyəti hesab oluna bilər. Bu il həm də Prezident İlham Əliyevin multikulturalizm hərəkatını genişləndirmək üçün imzaladığı Sərəncamın 10 ili tamam olur.

 

2008-ci il noyabrın 4-ü tarixində imzalanan və dekabrın 2-3-də keçirilən Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirlərinin Bakı konfransı bu hərəkatın coğrafi miqyasını daha da genişləndirdi. Konfransda Prezident İlham Əliyevin çıxışı zamanı irəli sürdüyü təkliflər və tövsiyələr tədbirin beynəlxalq əhəmiyyətini daha da artırdı, sivilizasiyalar arasında dialoqun inkişafını nəzərdə tutan "Bakı prosesi"nin əsası qoyuldu. Beləliklə, bu təşəbbüs Azərbaycanın himayəsi ilə qlobal bir prosesə çevrildi. Prezident İlham Əliyev konfransdakı çıxışı zamanı demişdir: "Mən çox istərdim ki, bu gün əsası qoyulan "Bakı prosesi" uzun müddətli olsun. Çox istərdim ki, bu konfransın keçirilməsindən sonra konkret mexanizmlər işlənilsin, fəaliyyət planı hazırlansın. Belə tədbirlərin keçirilməsi həm Bakıda, həm də digər şəhərlərdə ənənəyə çevrilsin".  Əlbəttə, konfransın keçirilməsində əsas məqsəd ölkəmizin həm Avropa Şurasına və həm də İSESKO-ya üzv olan yeganə dövlət olmaq imkanından bəhrələnərək, Avropa ilə İslam dünyası arasında mədəniyyət körpüsü - vasitəçisi rolunu oynamaq və fərqli mədəniyyətlər arasında dialoqun inkişafına xidmət edən "Bakı prosesi"nin əsasını qoymaq, bu fəaliyyətlərin mərkəzində duran Azərbaycanın beynəlxalq nüfuzunu daha da gücləndirmək idi.  


Son 10 ildə Azərbaycan bu məqsdələrə nə dərəcədə nail oldu? 

 

 

Müxtəlif mədəniyyətlərin və qitələrin qovşağında yerləşən Azərbaycanın həm geosiyasi vəziyyəti, həm də mədəni zənginliyi "Bakı prosesi" çərçivəsində mədəniyyətlərarası dialoq təşəbbüslərini Avropa və ona qonşu regionların hüdudları çərçivəsindən çıxarıb, daha qlobal səviyyəyə yüksəltməyə imkan verdi. Bu mənada "Mədəniyyətlərarası dialoqa dair Bakı Prosesi"nin davamı olaraq, Prezident İlham Əliyevin dəstəyi ilə 2011-ci ilin aprelində Bakıda "Ümumdünya Mədəniyyətlərarası dialoq Forumu"nun (World Forum for Intercultural Dialogue) keçirilməsi təşəbbüsü irəli sürüldü. "Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu"nun ölkəmizdə təşkili İslam və Avropa mədəniyyətini özündə ehtiva edən Azərbaycan mədəniyyətinin beynəlxalq səviyyədə təbliğ olunması, ölkəmizin nüfuzunun yüksəldilməsi və beynəlxalq proseslərdə əhəmiyyətinin artırmasına, eləcə də Azərbaycanın qitələrarası və sivilizasiyalararası  əməkdaşlıq məsələlərində çox mühüm dövlət kimi qəbul olunmasına, həmçinin, ölkəmizin dünya mədəniyyətinə inteqrasiyasına xidmət edirdi. 

Xarici tərəfdaşların və tədbir iştirakçılarının müraciətləri, ölkəmizin bu sahədə davamlı fəaliyyətinin təmin edilməsi məqsədilə Forumun hər iki ildə bir keçirilməsi ilə bağlı Prezidenti İlham Əliyev 2011-ci il mayın 27-də Fərman imzaladı. Fərmana uyğun olaraq, ölkə başçısının himayəsi və iştirakı ilə "Çoxmədəniyyətli dünyada sülh şəraitində birgə yaşamaq" şüarı altında 2013-cü ilin mayında Bakıda İkinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirildi. Forumun əsas tərəfdaşları qismində yenə də UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası, Avropa Şurasının Şimal-Cənub Mərkəzi, İSESCO, BMT-nin Dünya Turizm Təşkilatı kimi beynəlxalq qurumlar çıxış etdilər.

2015-ci il mayın 18-19-da “Bakı prosesi” çərçivəsində paytaxtımız yenidən Ümümdünya Mədəniyyətlərarası Dialoq Forumuna ev sahibliyi etdi. Forumda bir daha sübut olundu ki, "Bakı prosesi" ölkə başçısının dünya xalqları və mədəniyyətləri arasında qarşılıqlı hörmət və anlayışlı, əməkdaşlıq və dialoqu təşviq edən platforma və layihələri birləşdirən qlobal xoşməramlı çağırışıdır. Bu, həm də dünyada milli, irqi, dini və mədəni ziddiyyətlərin daha da artdığı, ekstremist düşüncə tərzinin genişləndiyi bir dövrdə Azərbaycanın multikultural resurslarının, tarixən, malik olduğumuz mehriban birgə yaşama ənənələrinin beynəlxalq səviyyədə model kimi istifadə olunması və ölkəmizin belə məsələlərdə interkultural körpü rolunun önə çıxmasına yönəlik fəaliyyətdir. Yəni, "Bakı prosesi" həm multikultural, həm də interkultural beynəlxalq və yerli fəaliyyətlərin davamlı məcmusudur.

UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası, Avropa Şurasının Şimal-Cənub Mərkəzi, İSESCO kimi beynəlxalq təşkilatlar Forumun təşkilində əsas tərəfdaş kimi çıxış ediblər. Forum öz formatına görə, ilk daimi tədbir idi ki, onun tərəfdaşları, eyni zamanda, dövlət və beynəlxalq təşkilatlar olmuşdur. Bu amil ölkəmizin beynəlxalq arenada mövqeyini möhkəmlədir və müxtəlif mədəniyyətlər arasında körpü rolu oynamasını təmin edir, həmçinin Azərbaycan dövlətinin təşəbbüsü beynəlmiləl status qazanır.


Birgəyaşayış Azərbaycan xalqının güc mənbəyidir

 

 

Bu gün Azərbaycan müxtəlif mədəniyyətlər və sivilizasiyalar arasında dialoqa dair  sanballı tədbirlər keçirilməsi üçün ənənəvi məkana çevrilmişdir. Bunun da həm coğrafi, həm tarixi, həm də mədəni əsasları var. Çünki Azərbaycanda bütün xalqlar, dinlərin nümayəndələri əsrlər boyu bir ailə kimi yaşayırlar. Prezidentin dediyi kimi, ölkədə milli və dini dözümlülüyün, tolerantlığın yüksək səviyyədə olması faktdır və bu, Azərbaycan xalqının güc mənbəyidir: "Hər bir cəmiyyətin gücü onun dini və milli müxtəlifliyindədir". Bu sözlər Prezident İlham Əliyevin strateji mövqeyini dəqiq nümayiş etdirir. Həmin mövqeyə görə, çox zəngin tarixi və mədəni irsi, dini və sosial tolerantlıq ənənələri olan Azərbaycan hazırda, mədəniyyətlərarası dialoq, dünya mədəniyyətlərinin və sivilizasiyaların qarşılıqlı təsiri məkanına uğurla transformasiya olunur, özünün zəngin təcrübəsini dünya ictimaiyyətinə təklif edir. 

2012-ci ilin noyabrın 27-də  BMT-nin Cenevrədəki Baş Qərargahında - Millətlər Sarayında İnsan Hüquqları Şurasının Azlıq məsələləri üzrə Forumunun 5-ci sessiyası keçirilmişdir. Sessiya BMT-nin 1992-ci ilin dekabrında qəbul olunmuş "Milli və ya etnik, dini və dil azlıqlarına mənsub olan şəxslərin hüquqları haqqında Bəyannamə"nin 20 illiyinə həsr edilmişdi. Sessiyada BMT-nin üzvü olan ölkələrdə milli və dini azlıqların vəziyyəti müzakirə olunmuş, Bəyannamədən irəli gələn vəzifələrin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılmışdır.

Sessiyada çıxış edən Azərbaycan Respublikası Prezidentin köməkçisi, Administrasiyanın ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov etnik və dini azlıqların müdafiəsi sahəsində milli qanunvericiliyə və beynəlxalq hüquq normalarına uyğun olaraq, ölkədə həyata keçirilən dövlət siyasəti barədə ətraflı məlumat vermiş, etnik-mədəni müxtəlifliyin qorunması, millətlərarası və dövlətlərarası münasibətlərin sivil normalar əsasında tənzimlənməsi, tolerantlığın daha da möhkəmləndirilməsi sahəsində görülən çoxsaylı tədbirlərdən bəhs etmiş, azlıqların dil və mədəniyyətinin qorunub saxlanması və inkişafına dövlətin göstərdiyi diqqət və qayğını konkret faktlarla iştirakçıların nəzərinə çatdırmışdır. 

Professor Əli Həsənov postsovet məkanında ilk dəfə olaraq Azərbaycan Respublikasında milli azlıqlar və etnik qrupların hüquq və azadlıqlarının qorunması, eyni zamanda, dilinin və mədəniyyətinin inkişafına dövlət yardımı haqqında Prezident Fərmanının imzalandığını bildirmişdir. Nümayəndə heyətinin rəhbəri, həmçinin, Azərbaycan Respublikasının Konstitusiyasında ölkəmizdə yaşayan azlıqların dil, mədəniyyət, din azadlığı, təhsil və digər hüquqlarının təsbit olunduğunu vurğulamış və bildirmişdir ki, Azərbaycan Prezidentinin Fərmanı ilə təsdiq edilmiş "İnsan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı"nda milli azlıqların mədəni irsinin inkişafı Azərbaycan hökumətinin əsas fəaliyyət istiqamətlərindən biri kimi nəzərdə tutulmuşdur. Əli Həsənov Mədəniyyət və Turizm Nazirliyi yanında Milli Azlıqların Əlaqələndirmə Şurasının fəaliyyət göstərdiyini, Azərbaycan Milli Elmlər Akademiyasında milli azlıqların dil, mədəniyyət, tarix və etnoqrafiyasının öyrənilməsi üzrə xüsusi şöbənin yaradıldığını, Bakıda katolik kilsələrin, sinaqoqların məscidlərlə yanaşı fəaliyyət göstərdiyini, bu mənada, ölkəmizin bütün dünyada multikulturalizm məkanı kimi tanındığını diqqətə çatdırmışdır.  


Bunun qarantı mənəm - Azərbaycan prezidenti…

 

 

Azərbaycanda bütün xalqların, tarixən və bu gün bərabərhüquqlu yaşaması böyük dəyər və dövlətimizin üstünlüyü olmasını Prezident İlham Əliyev 2012-ci il fevralın 16-da ölkəmizin Şimal bölgəsinə səfəri zamanı bir daha bəyan edib. Prezident vurğulayıb ki, heç vaxt heç bir yerdə ayrı-seçkiliyə yol verilməyəcək, verilmir və bunun qarantı Azərbaycan prezidentidir: "Bunun qarantı mənəm - Azərbaycan prezidenti. Azərbaycanda bütün xalqlar bir ailə kimi yaşayırlar. Bu da bizim böyük üstünlüyümüzdür, böyük dəyərimizdir. Biz bunu qiymətləndirməliyik və ölkəmizdə yaşayan bütün xalqlar arasında bu qardaşlığı, dostluğu daha da möhkəmləndirməliyik. Bu, bəlkə də bizim ən böyük sərvətimizdir. Əsrlər boyu Azərbaycanda yaşayan bütün xalqlar bərabər hüquqlara malik idilər. Bu gün də bu gözəl ənənələr yaşayır. Hər bir vətəndaş dinindən, dilindən, milliyətindən asılı olmayaraq, Azərbaycanın qiymətli, dəyərli vətəndaşıdır. Bizi bəzi başqa ölkələrdən fərqləndirən, məhz, budur. Heç vaxt Azərbaycanda milli zəmində qarşıdurma olmayıb və olmayacaq. Əksinə, bizim təcrübəmiz dünya ictimaiyyəti tərəfindən öyrənilir. Necə ola bilir ki, müxtəlif dillərdə danışan, müxtəlif dinlərin nümayəndələri olan insanlar bir ailə kimi, problemsiz yaşayırlar?! Biz öz həyatımızla və siyasətimizlə sübut edirik ki, bu, mümkündür. Bəzi hallarda bir sıra Avropa ölkələrində belə ifadələr, fikirlər səslənir ki, multikulturalizm iflasa uğrayıb. Yəni, müxtəlif millətlərə mənsub olan xalqlar bir yerdə yaşaya bilmirlər. Gəlsinlər Azərbaycana baxsınlar, bu, mümkündür! Özü də yaxşı yaşamaq mümkündür…". 

Əlbəttə, 2014-cü il 28 fevral tarixdə Prezident İlham Əliyevin Sərəncamı ilə Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyinin yaradılmasını sıradan bir Sərəncam kimi deyil, dinlərarası, millətlərarası, mədəniyyətlərarası dialoqun gücləndirilməsinə yönəlmiş tədbirlərin davamı, Azərbaycanın əsl tolerant ölkə olması, toleratnlığa xüsusi önəm verməsi kimi dəyərləndirmək daha düzgün olardı.

Bu gün baş verənləri təhlil etsək, görərik ki, istər millətlərarası münasibətlərin inkişafında, istər dini tolerantlıq sahəsində ciddi araşdırmalara, elmi yanaşma ortaya qoymağa ehtiyac yaranıb. Millətlərarası münasibətlərin inkişafına açıq olmalı və bu istiqamətdə addımlar atılmalıdır. Bu gün Azərbaycandakı hadisələr, həyata keçirilən siyasət də buna sübutdur. İstər ölkə daxilində milli azlıqlara bərabər şəraitin yaradılması, xalqçılığın inkişafı, istərsə də ətraf cəmiyyətlə isti münasibətlərin qurulması kifayət qədər mühüm məsələlərdir və bununla Azərbaycan sübut edir ki, millətlərarası münasibətlərin inkişafında öz xətti var və bu prinsiplərə sadiqdir. Təsadüfi deyil ki, bu gün Azərbaycanın beynəlxalq səviyyəli iqtisadi layihələr həyata keçirməsi, mədəniyyətlərarası ünsiyyətin yaranması, dini tolerantlığın qorunub saxlanılması istiqamətində gördüyü bütün işlərin kökündə, məhz, insani dəyərlər, millətlərarası münasibətlərin formalaşması dayanır.  

Ümummilli lider Heydər Əliyevin siyasi iradəsi nəticəsində Azərbaycan, tarixən, sahib olduğu tolerantlıq və multikulturalizm ənənələrini hüquqi və siyasi müstəvidə davam etdirir. Ulu öndər Azərbaycanın gələcək uğurlu inkişafı üçün dəqiq ideoloji hədəf seçdi və öz uzaqgörən, müdrik siyasəti ilə əsrlər boyu formalaşan çoxmədəniyyətlilik ənənəsini inkişaf etdirərək onu keyfiyyətcə yeni mərhələyə qaldırdı. Onun rəhbərliyi ilə Azərbaycan xalqının multikultural ənənələrinin qorunması sahəsində həyata keçirilən siyasi istiqamət hazırda Prezident İlham Əliyev tərəfindən inkişaf etdirilir. Dövlət başçısının IV Bakı Beynəlxalq Humanitar Forumunda dediyi kimi: "Multikulturalizmin müasir dünyada alternativi yoxdur. Çünki dünya ölkələrinin mütləq əksəriyyəti çoxmillətlidir. Əgər, multikulturalizm iflasa uğrayıbsa, onda bunun alternativi nə ola bilər? Bu da çox aydındır. Bu, ayrı-seçkilikdir, irqçilikdir, ksenofobiyadır, islamofobiyadır, antisemitizmdir".

Prezidentin çıxışından irəli gələn nəticələr həm də onu deməyə əsas verir ki, dünyada etimadsızlıq mühitinin formalaşdığı bir zamanda Azərbaycan dünya üçün tolerantlıq nümunəsi verir, multikulturalizmi bir həyat normasına çevirir. Müxtəlif din və mədəniyyətlərin daşıyıcıları Azərbaycanda sabit şəraitdə, qarşılıqlı anlaşma əsasında, bir-birinə hörmət etməklə fəaliyyət göstərir. Bu, müxtəlif mədəniyyətlərin qovuşmasının deyil, toqquşmasının arzusunda olanlar üçün unikal bir cavabdır. Həm də tək sözdə deyil, əməli işdə cavabdır.


Niyaz Niftiyev

16.10.2018 12:20 / Baxılıb: 1002 / Çap
 
    Bu bölmədə
    2.10.2018
    Bizim yollar...
     Xəbər lenti
    19.11.2018
    18.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo