Lənkəran Dövlət Aqrar İnkişaf Mərkəzi istifadəyə verilib

AZADİNFORM. Oktyabrın 15-də Kənd Təsərrüfatı Nazirliyinin Lənkəran Dövlət Aqrar İnkişaf Mərkəzi istifadəyə verilib.

Azadinform xəbər verir ki, ölkəmizdə əsas kənd təsərrüfatı regionlarından olan Lənkəranda son illərdə bu sahədə görülən işlər əhəmiyyəti ilə seçilir.

Bu baxımdan Kənd Təsərrüfatı Nazirliyinin Lənkəran Dövlət Aqrar İnkişaf Mərkəzinin fəaliyyəti böyük maraq doğurur. Burada Kənd Təsərrüfatı Nazirliyi və onun tabeli qurumları tərəfindən bitkiçilik, heyvandarlıq və texniki nəzarət xidmətləri üzrə ümumilikdə 63 növ xidmət göstərilir. Mərkəzdə 58 nəfər çalışır.

Qeyd edək ki, Dövlət Aqrar İnkişaf mərkəzlərinin yaradılmasında məqsəd Kənd Təsərrüfatı Nazirliyinin yerli bölmələrinin vahid mərkəzdən idarə olunmasını təşkil etmək, fermerlərlə işin gücləndirilməsi, elektron xidmətlər və innovativ texnologiyadan istifadə ilə bağlı maarifləndirmə işləri aparmaqdır. Mərkəzlərin təşkili aqrar sektorda xidmətlərin göstərilməsində bir sıra üstünlüklər yaradır. Bu üstünlüklərdən “vahid pəncərə” prinsipinin tətbiqini, şəffaflığın artırılmasını, fermerlərlə əlaqələrin qurulması mexanizminin təkmilləşdirilməsini qeyd etmək olar.

Mərkəz Lənkəran şəhərində qeydiyyatda olan vətəndaşlara xidmət göstərəcək. Lənkəran Regional Toxum Sertifikatlaşdırma Mərkəzi Lənkəran, Masallı, Lerik, Yardımlı və Astara rayonlarını əhatə etməklə bu rayonlarda toxum və ting istehsalçılarının əkinlərinin qeydiyyatının təşkili, kənd təsərrüfatı bitkilərinin toxumluq əkinlərinin və tinglərin sort eyniliyinin və təmizliyinin, xəstəlik və zərərvericilərlə yoluxmanın müəyyənləşdirilməsini, habelə onların sertifikatlaşdırılmasının təşkilini, toxum və ting istehsalı ilə məşğul olmaq istəyən fiziki və hüquqi şəxslərin attestasiyası məqsədilə müvafiq rəy verilməsini təşkil edir.

Lənkəran Regional Aqrokimya Laboratoriyası torpaq mülkiyyətçiləri və sahibkarlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə yaradılıb, müasir cihaz və avadanlıqla təchiz edilib.

15.10.2018 23:08 / Baxılıb: 278 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.11.2018
    17.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo