Bu 15 il bəzi ölkələrin keçdiyi yüz ilə bərabərdir

Nərgiz Məmməd/AZADİNFORM. “2003-cü ildə İlham Əliyevin hakimiyyətə gəlməsi ilə müasir Azərbaycan dövlətçiliyi tarixində yeni keyfiyyət mərhələsi başladı. Ötən 15 il Azərbaycan tarixində bir sıra ilklərlə yadda qalıb”.

Azadinform xəbər verir ki, bu sözləri millət vəkili, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı deyib.

Millət vəkili bildirib ki, İlham Əliyev hakimiyyətə gəldikdən sonra ölkənin müasirləşdirilməsini bir vəzifə olaraq qarşıya qoydu: “Ötən 15 il tarix baxımından qısa olsa da, inkişaf və həyata keçirilən islahatlar baxımından bir sıra ölkələrin keçdikləri yüz illərə bərabərdir. Bunu dərk etmək üçün hər şeydən əvvəl, Azərbaycanın daxili  həyatında  baş verən əsaslı dəyişikliklərə müqayisəli nəzər yetirmək faydalı olardı. Belə ki, bir zamanlar Azərbaycan qaz təchizatı sarıdan digər ölkələrdən asılı  vəziyyətdə idi. Həmin dövlətlər istədikləri vaxt Azərbaycana satdıqları qazı dayandırar və ondan siyasi təzyiq vasitəsi kimi istifadə etməyə çalışardılar. Ötən müddət ərzində Azərbaycanda yürüdülən siyasət nəticəsində bu vəziyyətə son qoyulub. Ərazisi baxımından kiçik, əhalisinin sayına görə bir çox ölkələrdən az olmasına baxmayaraq,  Azərbaycan nəinki özünün qaz təchizatını təmin etdi, eyni zamanda Avropa ölkələrinin tələbatının ödənilməsində mühüm rol oynayan bir ölkəyə çevrildi. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kəmərləri təkcə iqtisadi deyil, böyük siyasi və strateji əhəmiyət daşıyan, Azərbaycanın müstəqilliyinin möhkəmlənməsində mühüm rol oynayan kəmərlərdir. Cənub Qaz dəhlizi Azərbaycanın rolunu artıran böyük bir layihədir”.

Millət vəkili qeyd edib ki, ötən illər ərzində Azərbaycan borc alan ölkədən borc verən, kapital ixrac edən ölkəyə çevrilib: “Azərbaycan dövləti ölkəni xarici hərbi müdaxilədən qorumaq qabiliyyətində olan güclü ordu və müasir hərbi-sənaye kompleksi yaradıb. Azərbaycanda ictimai həyatın bütün sahələrində geniş islahatlar həyata keçirilib. Vətəndaşın daha yaxşı yaşayışını təmin etməyə yönələn qanunlar qəbul edilib və reallaşdırılıb. Bərabər imkanların yaradılması üçün ciddi tədbirlər həyata keçirilib. Xalqın milli ruhu yüksəlib və özünəinamı artıb. Ölkədə sabitlik hökm sürür. Beynəlxalq aləmdə Azərbaycan dövlətinin nüfuzu və təsiri genişlənib, ona maraq göstərən, əlaqələr qurmaq istəyən dövlətlərin sayı artıb, dostları çoxalıb. İlham Əliyevin hakimiyyəti dövründə qədim və zəngin Azərbaycan mədəniyyətinə yeni bir nəfəs gəlib. Azərbaycan maddi və qeyri-maddi irsinin bəzi nümunələri YUNESKO-nun siyahısına daxil edilib. Azərbaycan Prezidenti mövqeyi açıq və siyasəti çevik olan bir dövlət xadimidir. Ana dilinə qayğı ölkə başçısının fəaliyyət sahələrindən biridir. Ötən 15 ilin təcrübəsi göstərir ki, Azərbaycanda xalqın maraqlarına cavab verən bu davamlı sabit inkişaf yolunun alternativi yoxdur”.

15.10.2018 13:23 / Baxılıb: 349 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo