UEFA Millətlər Liqasında növbəti oyunların NƏTİCƏLƏRİ

Adəm Abbaslı/AZADİNFORM. UEFA Millətlər Liqasının dördüncü turu çərçivəsində növbəti oyunlar keçirilib.

Azadinform xəbər verir ki, turun maraqla gözlənilən oyunu “A” liqasının 3-cü qrupunda Polşa və İtaliya yığmaları arasında baş tutub. Qarşılaşma oyunun favoriti sayılan beşqat dünya çempionu İtaliya millisinin hücumları ilə başlayıb. İtalyanlar ilk dəqiqələrdən rəqibin qapısı qarşısında bir neçə təhlükəli vəziyyət yaratsa da, ilk hissədə hesab dəyişməyib.

Fasilədən sonra da oyunun ssenarisi eyni məcrada davam edib. Matçın taleyi isə hakimin əsas vaxta əlavə etdiyi dəqiqələrdə müəyyənləşib. Oyunun əsas vaxtına artırılmış 2-ci dəqiqədə Kevin Lasanyanın ötürməsini Kristian Biraqi dəqiq zərbə ilə tamamlayıb.

Beləliklə, görüş “Skuadra adzurra”nın minimal hesablı qələbəsi ilə başa çatıb.

Bu qələbədən sonra xalların sayını 4-də çatdıran İtaliya millisi turnir cədvəlində ikinci yerini möhkəmlədib. Qrupa 6 xalla Portuqaliya seçməsi başçılıq edir, Polşa isə 1 xalla üçüncü yerdə qərarlaşıb.

Turun digər maraq doğuran oyunu “B” liqasının 2-ci qrupunda Rusiya ilə Türkiyə yığmaları arasında olub. Soçidə keçirilən matç meydan sahiblərinin 2:0 hesabı ilə qələbəsi ilə başa çatıb. Rusların heyətində Roman Noyştadter və Denis Çerışev fərqləniblər.

Azərbaycan milli komandası yer aldığı “D” liqasının 4-cü qrupunda isə Kosovo seçməsi Farer Adaları yığmasının qonağı olub və görüş 1:1 hesabı ilə başa çatıb.

“C” liqasının 1-ci qrupunda yer alan İsrail yığması qrupun autsayderi Albaniya seçməsini 2:0 hesabı ilə məğlub edib.

Bu liqanın 4-cü qrupunda isə Monteneqro futbolçuları səfərdə Litva millisini böyük hesabla məğlub ediblər - 4:1.

Rumıniya - Serbiya oyununda isə hesab açılmayıb.

15.10.2018 09:30 / Baxılıb: 561 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo