Bütün məktəblər üzrə bir növbəli və beş günlük təhsil həftəsinə keçmək lazımdır Ekspert

Ləman Hüseynzadə / AZADİNFORM. Bəzən şagirdlər, eyni zamanda valideynlər ikinci növbə dərslərin effektiv olmadığından şikayət edirlər. Şagirdlər ikinci növbə dərslər bitdikdən sonra növbəti günün dərslərini hazırlamağa yetərincə vaxt qalmadığını bildirirlər. Nəzərə alsaq ki, məktəblərin böyük əksəriyyətində ikinci növbə 6 yaxud 7 fənn tədris olunur, o zaman şagirdlərin bu çətinliyini anlamaq bir qədər asan olar.

Dünya ölkələrində də təcrübə göstərir ki, ikinci növbə dərslər birinci növbə ilə müqayisədə əlverişli deyil. Bu səbəblə Rusiya da 2020-ci ilədək məktəblərdə ikinci növbə dərsləri ləğv etməyi planlaşdırır. Bütün şagirdlər vahid dərs növbəsində təhsil alacaqlar. Bəs bizdə necə? Dərslərin iki növbəli tədrisini zəruri edən səbəblər nədir?

 

Mövzu ilə bağlı olaraq Azadinform-a açıqlama verən təhsil məsələləri üzrə ekspert Kamran Əsədov bildirib ki, şagirdlərin sayının çox olması iki növbəli təhsili zəruri edir: “Amma dünya təhsil təcrübəsinə görə deyə bilərəm ki, birinci növbədə təhsil almaq uşaqlar üçün daha faydalıdır. Bu həm də onların təhlükəsizliyi baxımından əlverişlidir. Valideynlər səhər saatlarında işə gedir. Uşaqların dərsə təhlükəsiz aparılması və gətirilməsi kimi məsələlərə də öz təsirini göstərir. Pedaqoji araşdırmalara əsasən isə qeyd edim ki, səhər dərsə gedən uşaqlar müəllimin izah etdiyi dərs proqramını daha tez qavrayır, nəinki günorta vaxtı. İbtidai siniflər üzərindəki uzunmüddətli müşahidələrim əsasında deyə bilərəm ki, səhər növbəsində oxuyan uşaqların əlavə təlimə, məşğuliyyətə marağı olur. İkinci növbədə isə məktəbdə şagirdlər üçün müəyyən kurslar, təlimlər, valideyn və müəllim heyəti üçün iclaslar təşkil oluna bilər. Bu baxımdan tədris müəssisələrinin bir növbəli olması daha məqsədəuyğundur”.

“Ümumilikdə tədrisin iki növbəli olmasının mənfi tərəfləri çoxdur”, - deyən ekspert əlavə edib ki, belə olan halda şagird üçün gün yarıya bölünür: “İkinci növbə dərs həm uşaqlara, həm də valideynlərə xoş təsir bağışlamır. Çünki valideynin iş qrafikində qarma-qarışıqlıq yaranır. Statistik göstəricilər əsasında deyə bilərəm ki, məktəbdən yayınma halları əsasən ikinci növbədə təhsil alan şagirdlər arasında müşahidə olunur. Valideyn həmin ərəfədə işdə olur və övladına nəzarət edə bilmir. Düzdür, uşaqların, əsasən də ibtidai siniflərdə təhsil alan şagirdlərin səhər saat 8 də dərsdə olması, onların oyanmasında çətinliklər yaradır. Amma bu müvəqqəti olaraq baş verir. Şagirdlərin inkişafı üçün onların erkən oyanması vacibdir”.

K.Əsədov hesab edir ki, sıxlıq yaşayan məktəblər bu problemi illər üzrə növbəli etməklə həll edə bilərlər: “Belə ki, bir tədris ilində səhər saatlarında oxuyan şagirdlər, növbəti ildə günorta saatlarında dərsə getsinlər. Azərbaycanın ümumtəhsil məktəbləri yeni məktəblərin tikilməsi hesabına iki növbəli təhsil sistemindən imtina etməlidir. Düşünürəm ki, respublikanın bütün məktəbləri üzrə bir növbəli və beş günlük təhsil həftəsinə keçmək lazımdır. Bu həm şagirdlərin asudə vaxtlarının yaranmasına, həmdə vahid tədris müddətinin formalaşmasına gətirib çıxaracaq. 

Qeyd etdiyim məsələnin həll olunması üçün bu sahədə uzun müddətdir ki araşdırma apardım. Və qeyd olunun problemin həll olunması üçün 6500 yeni məktəb, 730 məktəb üçün korpuslar, 2000 məktəbin isə təmir etdirilməsi lazımdır. Son 10 il ərzində 3 min məktəbin tikiləsi və ya təmir edilməsi şagird sıxlığın kəskin şəkildə azaldıb”.

12.10.2018 16:46 / Baxılıb: 246 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.10.2018
    19.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo