Sahil Babayev Şabranda 5 rayonun sakinləri ilə görüşüb

Adəm Abbaslı/AZADİNFORM. Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Şabran, Quba, Qusar, Xaçmaz və Siyəzən rayonlarının sakinlərini fərdi qaydada qəbul edib.

Nazirlikdən Azadinform-a verilən məlumata görə, Şabranda keçirilən görüşdə vətəndaşlar əsasən sosial təminat və tibbi-sosial reabilitasiya, məşğulluq, aktiv məşğulluq tədbirlərinə və özünüməşğulluq proqramına cəlb olunma, əmək hüquqlarının müdafiəsi, imtiyazlı şəxslərin dövlət hesabına mənzillə təmin edilməsi, sosial sığorta və s. məsələlərlə bağlı müraciət ediblər. Bir sıra müraciətlər sorğu xarakterli olub və vətəndaşlara aidiyyəti məsələlərlə əlaqədar hüquqi izahatlar verilib. Ayrı-ayrı müraciətlərdə qaldırılan məsələlər nazirliyin müvafiq struktur bölmələrinin məsul şəxslərinin iştirakı ilə obyektiv şəkildə yerindəcə araşdırılıb və nəticəsinə uyğun tədbirlər görülməsi üçün aidiyyəti üzrə tapşırıqlar verilib.

S.Babayev ölkəmizin bütün bölgələrində Qarabağ müharibəsi əlillərinin və şəhid ailələrinin mənzillə təminatı işlərinin uğurla davam etdirildiyini, son iki ildə bu beş rayonda 30-dan çox fərdi evin inşa etdirilərək həmin insanlara təqdim olunduğunu deyib.

Qəbul zamanı S.Babayevin göstərişi ilə bir sıra vətəndaşlara müraciətlərinə uyğun olaraq yaşadıqları ərazidəki müəssisələrdə olan vakant iş yerlərinə göndərişlər verilib, ayrı-ayrı şəxslər özünüməşğulluq proqramına və peşə hazırlığına cəlb edilmələri üçün qeydiyyata alınıblar. 

Nazir bildirib ki, Şabran, Quba, Qusar, Xaçmaz və Siyəzən rayonlarında cari ildə ötən illə müqayisədə 6 dəfədən çox olmaqla 500 nəfər özünüməşğulluq proqramına cəlb edilib.  

Vətəndaşların bir qismi müraciətlərinə əsasən, nazirliyin aidiyyəti müəssisələrində reabilitasiyaya cəlb edilmələri üçün qeydiyyata götürülüb.

12.10.2018 15:31 / Baxılıb: 136 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    14.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo