Sosial şəbəkələr enerji qəbiristanlığına çevrilməməlidir Cəlilabadda müzakirə

AZADİNFORM. “Müasir İnformasiya Cəmiyyəti və İnnovasiyalar” İctimai Birliyi  Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə həyata keçirdiyi “İdarəolunan dezinformasiya siyasətinin qarşısının alınmasına və sosial şəbəkələrdə milli maraqların qorunmasına dəstək” adlı layihənin icrasını davam etdirir.

Birlikdən Azadinform-a verilən məlumata görə, layihə çərçivəsində Cəlilabadda təşkil olunan tədbirdə yerli icra hakimiyyətinin nümayəndələri, jurnalistlər, gənclər və bloggerlər iştirak ediblər.

Cəlilabad rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Loğman Hüseynov təmsil etdiyi qurumun vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıqda maraqlı olduğunu bildirib. Deyib ki, QHT-lərin iştirakı ilə keçirilən ictimai müzakirələr hər iki tərəf üçün faydalıdır. Onun sözlərinə görə, sosial şəbəkələrdə milli maraqların qorunması ümummilli məsələ olduğu üçün cəmiyyətin bütün təbəqələri bu prosesdə fəal iştirak etməlidirlər.

Layihənin eksperti, tanınmış jurnalist Seymur Verdizadə qeyd edib ki, məqsəd informasiya resurslarında, xüsusən sosial şəbəkələrdə gənclərin milli-mənəvi dəyərləri qorumasını təmin etmək, dezinformasiya xarakterli məlumatların yayılmasının qarşısını almaqdan ibarətdir: “Hazırda uşaqların internetdən istifadəsi say etibarilə yüksək səviyyədədir. Amma keyfiyyət məsələsi təəssüf ki, bizim istədiyimiz səviyyədə deyil. Bu kimi tədbirlərin keçirilməsində də məqsəd bu cür problemlərə qarşı həssas yanaşmağımızdır. Ümumiyyətlə, bütün sosial platformalar “virtual küçə” adlandırılır. Amma bura nəzarət mexanizmi demək olar ki yoxdur. Sosial şəbəkələr yeniyetmə və gənclərimiz üçün enerji qəbiristanlığına çevrilməməlidir. Gənclərimizin öz vaxtlarını daha səmərəli keçirmələrinin qayğısına qalmalıyıq”.

Seymur Verdizadə daha sonra bildirib ki, internet əsrinin müasir çağdaşlarından olan sosial media artıq ənənəvi medianı üstələməkdədir: “Klassik mediadan fərqli olaraq sosial mediada informasiya mübadiləsi daha sürətlə reallaşır, paylaşılan informasiyalar daha geniş oxucu auditoriyası tərəfindən oxunur. Ölkəmizdə söz və ifadə azadlığı ilə yanaşı, azad internet mühitinin də olması, sosial media üzərində vahid nəzarət mexanizminin olmaması bir sıra fanatik və radikal dini qrupların bu platformada təbliğat və cəlbetmə kampaniyaları aparmasına rəvac verir. Buna görə də hər bir sosial şəbəkə iştirakçısı diqqətli olmalı, təxribat meyllərinin qarşısının alınmasına çalışmalıdır”.

12.10.2018 13:06 / Baxılıb: 421 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
14.12.2018
 
2018 All right reserved www.azadinform.az Powered by Danneo