Abort - Cəzalandırılmayan qətl cinayəti

BMT-nin araşdırmalarına görə, hər il dünyada 55 milyondan çox qadın abort olunur. Onların 20 milyondan çoxu qeyri-leqal abortlardır ki, bu da ana ölümü hallarının artmasına səbəb olur.

 

Dünya üzrə hər 1000 qadına il ərzində 35 abort düşür


Bu sahədə ən aşağı göstərici Hollandiya, Belçika, Almaniya və İsveçrədədir - il ərzində 1000 qadına 10 abort. Ən yüksək göstəricilər Vyetnam, Rumıniya və Kubadadır - hər 1000 qadına il ərzində təxminən 80 abort.

Bir çox müsəlman ölkələrində (İran, Misir, Əfqanıstan, BƏƏ, İraq, Suriya, Yəmən) abort qanunla qadağandır. Türkiyədə də abortun qadağan edilməsi planlaşdırılır. Yalnız Səhiyyə Nazirliyi mütəxəssislərinin rəyindən sonra və hamiləliyin 4-6 həftəsinədək aborta icazə veriləcək. 

Azərbaycanda isə qanunvericilik abortları qadağan eləmir. Lakin, Cinayət Məcəlləsinin 116-cı maddəsinə görə, qadını abort etdirməyə məcbur eləmək cinayət məsuliyyəti yaradır.

Rəsmi məlumatlara görə, hər il ölkəmizdə 30 min civarında abort əməliyyatı aparılır. Nəzərə alsaq ki, bizdə faktiki edilən abortların böyük hissəsi qeydiyyata alınmır, o zaman Azərbaycanda bu sahədə vəziyyət təsəvvür edildiyindən də ağırdır. Qeyri-rəsmi məlumatlara görə, ölkədə abortların sayı 100 mindən yuxarıdır.


Həkim-mamaça: “Məktəbli qızlar daha çox abort etdirirlər”


Öz təcrübəsinə istinad edən həkim-mamaça A.Məmmədovanın sözlərinə görə, abort əksər hallarda qadının öz arzusu ilə reallaşır: “Amma deməliyəm ki, onları bu addıma bəzən ailədə məcbur edirlər. Hətta, bəzi hallarda qadınlar körpəsini dünyaya gətirmək istəyində olsa da, onu zorla gətirirlər”. 

Həkim deyir ki, abort etdirənlər arasında başqası ilə cinsi əlaqədə olan və ya zorlanan məktəbyaşlı qızların sayı getdikcə artır: “Belələri, gənc oğlanlarla cinsi münasibətdə olurlar və hamilə qaldıqları məlum olanda ailələrindən xəbərsiz abort etdirirlər. Hətta, mənə 14-15 yaşlı qızlar da müraciət ediblər abort üçün, bəziləri ildə 3-4 dəfə gəlir”.

Mütəxəssis bildirir ki, burda sosial problemlərlə yanaşı, mənəvi psixoloji problemlər də mühüm roy oynayır: “Şəxsən mən hesab edirəm ki, abortların arasında ən çoxu elə bu səbəblərdən yaranan abortlardır ki, burda da cəmiyyətin əxlaqi dəyərlərinin getdikcə daha çox deqradasiya olduğunu görürük”.

  

USM müayinəsində cinsin açıqlanması qadağa edilməlidir


Müxtəlif beynəlxalq təşkilatların hesabatlarına görə, Azərbaycan dünyada ən çox selektiv abort baş verən ölkələrdən biridir. Bunu mətbuata verdiyi açıqlamalarında Milli Məclisin deputatı Musa Quliyev də təsdiqləyib: “Azərbaycanda son 5 ildə oğlan uşaqlarının sayı sürətlə artır. 5 il əvvəl qızların oğlanlara nisbəti 49:50 idisə, indi 48:52-dir. Buna səbəb qız uşaqlarının doğulmamışdan əvvəl cinsinə görə abort etdirilməsidir”.

Azərbaycanda qız uşaqlarının son illər daha çox abort etdirilməsinin səbəbi bu göstərilirdi ki, ölkədə ultrasəs müayinəsi son illərdə keçmiş dövrə nisbətən daha əlçatan olub. Lakin respublikamızda həkimlərə USM müayinəsi zamanı uşağın cinsiyyətini demək qadağan olunub, bu, yalnız abort edilmə vaxtı keçəndən sonra, doğuşa az qalmış mümkündür.

Buna baxmayaraq, selektiv abortların sayı azalmaq əvəzinə artır. Demək, valideynlər bunu öyrənməyin yolunu tapıblar. Ya rüşvət qarşısılığında həkimlər deyir, ya da hansısa yolla aydınlaşdırırlar.


Hüquqşünas: “Abortun qadağan edilməsi insan hüquqlarına zidd deyil”


Qeyd edək ki, təbii halda hər 100 qıza qarşı 105 oğlan doğulur. Amma bəzi ölkələrdə bu balans selektiv abortlarla oğlanların xeyrinə dəyişdirilir. Hazırda Çində hər 100 qıza 130-140, Gürcüstanda 118, Ermənistanda 120, Azərbaycanda isə 115 oğlan düşür.

Bu göstəricini artıq SOS siqnalı hesab edən “Sağlam Cəmiyyət” İctimai Birliyinin hüquqşünası Leyla Məhərrəmova deyir ki, abort qətl hesab olunmalı, buna görə ağır cəza tətbiq edilməlidir: “Abortun qadağan edilməsi təşəbbüslərini alqışlayıram. Bunu çoxdan etmək lazım idi. Çünki, hər il daha çox qız uşağı dünyaya gəlməmiş qətlə yetirilir. Belə getsə yaxın gələcəkdə cox ciddi demoqrafik problemlərlə qarşılacağıq”.

Hüquqşünasın sözlərinə görə, bu, insan hüquqlarına zidd deyil, tam əksinə - bu, insan hüquqlarını qorumaqdır, elm təsdiq edib ki, doğulmamiş körpə insana xas bütün əlamətlərə malikdir. Belə qadağaya qarşı etirazlar var, lakin belələri unudurlar ki, arzuolunmaz hamiləlikdən qorunma üsüllarının sayı çoxdur. Həm təbii, həm də süni üsullar var. Qanunu bilmədən pozmaq məsuliyyətdən azad etmədiyi kimi, bilmədən hamilə qalmaq da aborta haqq vermir”.

Faktiki olaraq, abort birbaşa qətl hadisəsidir, insan öldürməyə görə verilən cəzalar burada da tətbiq edilməlidir. Uşaq qatilləri ciddi cəzalandırılmalıdır, burada iştirak edən həkim də, digər ailə üzvləri də. Bizə yalnız oğlanlardan ibarət cəmiyyət lazım deyil. Əlbəttə, gələcəkdə oğlanlarımızı oğlanlarla evləndirmək istəmiriksə.


Elçin Bayramlı

12.10.2018 09:10 / Baxılıb: 319 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.12.2018
    16.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo