Dövlət başçısı Qubada yol tikintisinə 7,5 milyon manat ayırıb

Samir Soltanov/AZADİNFORM. Prezident İlham Əliyev Quba rayonunun Susay-Xınalıq avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. 

Azadinform xəbər verir ki, sərəncamda bildirilir: 

Son illər ərzində Bakı şəhərində və respublikanın digər bölgələrində çoxsaylı infrastruktur layihələri, o cümlədən respublika və yerli əhəmiyyətli avtomobil yolları, körpülər tikilərək əhalinin istifadəsinə verilmişdir və bu işlər ölkənin inkişaf prioritetlərinə uyğun olaraq davam etdirilməkdədir. 

Təbii amillərin təsiri, eləcə də qar uçqunları, torpaq sürüşmələrinin baş verməsi və iri qaya parçalarının yola tökülməsi ölkənin cəlbedici turizm marşrutlarından olan, 2007-ci ildə istifadəyə verilmiş Quba-Xınalıq avtomobil yolunun tez-tez uzunmüddətli bağlanmasına səbəb olur. Xınalıq kəndinin ölkəmizdə turizm üçün əhəmiyyəti və əhalinin alternativ yolla rahat gediş-gəlişinin təmin edilməsinin vacibliyi baxımından Quba-Susay avtomobil yolunun davamı olaraq əlavə 30 km uzunluğunda Susay-Xınalıq, həmçinin sözügedən yoldan 4,8 km məsafədə dağlıq ərazidə yerləşən Qrız kəndinə gedən avtomobil yolunun tikintisi zərurəti yaranmışdır. 

Əhalinin rahat gediş-gəlişinin təmin edilməsinin və turizmin inkişafının vacibliyini nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: 

1. Quba rayonunun Susay-Xınalıq avtomobil yolunun tikintisi (o cümlədən geologiyası, layihə-axtarış işləri) məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 31 iyul tarixli 373 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölüşdürülməmiş hissəsinin obyektlər və istiqamətlər üzrə bölgüsü”nün 21-ci bəndində göstərilmiş məbləğin ilkin olaraq 7,5 milyon (yeddi milyon beş yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın. 

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin. 

3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

11.10.2018 18:15 / Baxılıb: 52 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo