Aİİ-də Fələstin səfiri ilə görüş keçirilib

AZADİNFORM. Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) Fələstinin ölkəmizdəki Fövqəladə və Səlahiyyətli Səfiri cənab Nasir Əbdül Kərim ilə görüş keçirilib.

Azadinform xəbər verir ki, tədbirdə rektor Ceyhun Məmmədov ölkələrimiz arasındakı münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edib. O, Azərbaycanda əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət-din siyasətindən danışıb, ötən ilin ölkəmizdə “İslam həmrəyliyi ili” elan olunduğunu, milli-mənəvi dəyərlərin qorunmasına xüsusi önəm verildiyini bildirib.

Sonra Nasir Əbdül Kərim Aİİ-nin məqsəd və hədəflərini yüksək qiymətləndirib, instituta fəaliyyətində uğurlar arzulayıb. 

Azərbaycanın dünyanın sürətlə inkişaf edən ölkələrindən biri olduğunu, nəhəng layihələrə imza atdığını, paytaxtla yanaşı regionların da gündən-günə inkişaf etdiyini deyən səfir müsəlman ölkəsi olaraq bunun onlarda da xoş təəssürat yaratdığını vurğulayıb. Daha sonra səfir bildirib ki, Fələstinlə Azərbaycan arasındakı əlaqələr tarixə söykənir. 2011-ci ildə Fələstinin Azərbaycanda səfirliyinin açılması ilə bu əlaqələr daha da güclənib. İki ölkənin rəhbərliyi arasında daim məsləhətləşmələr aparılır və qarşılıqlı əməkdaşlıq mövcuddur. Azərbaycan və Fələstin beynəlxalq təşkilatlar çərçivəsində, forumlarda bir-birini dəstəkləyir. Azərbaycan müstəqillik qazandıqdan sonra,  ölkələrimiz bir-birinin müstəqilliyini tanıyıb.  Hələ, sovet dövründən və Azərbaycan müstəqillik qazandıqdan sonra, Fələstin lideri Yasir Ərəfatla Azərbaycanın Ümummilli lideri Heydər Əliyev arasında əməkdaşlıq mövcud olub və daim bir-biri ilə əlaqə saxlayıblar. 

Görüş zamanı səfir Fələstin probleminin qısa tarixinə və Yaxın Şərqdə sülhün perspektivlərinə də toxunub. Ölkənin qədim və indiki dövrü haqqında sənədli materiallar təqdim edən səfir Fələstin probleminin tarixi, bir sıra aspektləri və müasir durumu haqqında ətraflı məlumat verib və bu problemə bir sıra beynəlxalq təşkilatların və aparıcı dövlətlərin münasibəti haqqında danışıb. 

11.10.2018 17:50 / Baxılıb: 483 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
15.12.2018
14.12.2018
 
2018 All right reserved www.azadinform.az Powered by Danneo