217 iaşə obyektindən yalnız 25-də qurğu quraşdırılıb

Şəfa Tapdıq/AZADİNFORM. “Müasir standartlara uyğun təmizləyici qurğuları olmayan şadlıq evləri, restoranlar və ictimai-iaşə obyektlərinin fəaliyyəti nəticəsində atmosferə külli miqdarda tüstü və müxtəlif zərərli qaz qarışıqları atılır. Bu da havanın çirklənməsinə, sakinlərin sağlamlığına zərər vurur, insanlarda diskomfort yaradır”. 

Azadinform xəbər verir ki, bu sözləri Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin direktoru Ramal Bağırov deyib. Bildirib ki, bu cür hallar əhalinin haqlı narazılığına səbəb olur: “Əhali tərəfindən ETSN-ə daxil olan çoxsaylı şikayətlər əsasında bu ilin may ayından bu günədək Bakı şəhərinin inzibati rayonları və Abşeron rayonu ərazilərində fəaliyyət göstərən ictimai-iaşə obyektlərindən 217-nin ətraf ərazilərində monitorinq və araşdırma aparılıb. May ayında aparılan araşdırmalar zamanı məlum olub ki, şəhərin mərkəzində fəaliyyət göstərən dünya markalı iaşə müəssisələrindən başqa yalnız 1 şadlıq sarayında belə qurğu var. Tərəfimizdən müasir standartlara cavab verən təmizləyici qurğuları olmayan ictimai iaşə obyektləri və şadlıq evlərinə xəbərdarlıq məktubları göndərilib, onlarla görüşlər keçirilib və qurğuların quraşdırılması məqsədilə vaxt verilmişdi. Həmin müddətdə 217 iaşə obyektindən yalnız 25-də qurğu quraşdırılıb, digər 129 obyekt isə qurğu quraşdırılması üçün şirkətlərlə müqavilə bağlayıb, hazırda quraşdırma işləri davam etdirilir”.

Qeyd olunub ki, tövsiyə və göstərişlərə əməl etməyən 63 obyekt barəsində sənədləşmə işləri aparılıb, 7 obyekt sahibi vəzifəli şəxs qismində 23 000 manat məbləğində cərimə olunub, 11 obyektin hüquqi şəxs qismində cərimə olunması üçün toplanmış sənədlər məhkəməyə göndərilib, digər iaşə müəssisələri barəsində isə sənədləşmə işləri aparılır. Eyni zamanda, son xəbərdarlıqlara əməl etməyən obyektlərin fəaliyyətinin dayandırılması ilə bağlı nazirlik tərəfindən müvafiq qurumlar  qarşısında vəsatət qaldırılacaq: “Binəqədi, Nərimanov və Səbail rayonları ərazilərində fəaliyyət göstərən ictimai iaşə obyektlərində qurğuların quraşdırılması istiqamətində görülən işlər daha intensiv aparılsa da, Suraxanı, Xəzər və Xətai rayonları ərazilərində fəaliyyət göstərən ictimai iaşə obyektlərində demək olar ki, heç bir iş görülməyib”.

11.10.2018 15:35 / Baxılıb: 157 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo