ETSN yaşıllıqlara biganə münasibəti pisləyir

Şəfa Tapdıq/ AZADİNFORM. “Ölkə ərazisində yaşıllıqların mühafizəsi və qorunması vacib və prioritet məsələ kimi gündəliyimizdədir”.

Azadinform xəbər verir ki, bu sözləri bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyində keçirilən mətbuat konfransında nazirliyin sözçüsü İradə İbrahimova deyib.

Nazirliyin sərt tədbirlər gördüyünü deyən İ. İbrahimova bildirib ki, ağac kəsintisinin tam aradan qaldırılması üçün hər kəs bu işə dəstək göstərməlidir: “Nazirlik tərəfindən görülən tədbirlərlə yanaşı,  təbiətə, yaşıllığa ziyan vuranların cəmiyyət tərəfindən də qınaq obyektinə tuş gəlməsinə ehtiyac var. Çünki çox vaxt ictimai tənbeh inzibati tədbirlərdən daha təsirli olur. Nazirlik ağacların kəsilməsini, yaşıllıqlara göstərilən biganə münasibəti təkidlə pisləyir və təbiətə ziyan vuranlara qarşı bundan sonra da  qəti və barışmaz mövqe nümayiş etdirəcəyik. Düşünürəm ki, görülən tədbirlərin müəyyən nəticəsi var. Aparılan statistika və müşahidələr göstərir ki, son aylarda Respublika ərazisində ağac kəsintisi faktları xeyli azalıb. Bu tendensiya, həm meşə sahələrində, həm də yaşıllıq massivlərində müşahidə olunur. Ağac kəsintisi hallarının azalması Nazirliyin sərt və qətiyyətli mövqe nümayiş etdirməsi ilə bərabər, eyni zamanda vətəndaşların, ictimaiyyət nümayəndələrinin və media orqanlarının da fəallığı ilə bağlıdır”.

11.10.2018 15:10 / Baxılıb: 139 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo