Kişi müəllimlərin təlim-tərbiyəsinə böyük ehtiyac var Gender bərabərliyi niyə pozulur?

Ləman Hüseynzadə / AZADİNFORM. Bütün dünyada olduğu kimi, Azərbaycanda da gender bərabərliyinin pozulması mövcuddur. Bəzi hallarda bu bərabərsizlik həm yaşam tərzinə, həm də peşə seçiminə təsir göstərir. Azərbaycanda isə bu bərabərsizliyin daha çox büruzə verdiyi sahə müəllimlikdir. Elə ali məktəblərdə müəllimlik ixtisası üzrə təhsil alan bir qrup tələbələrin auditoriyasına baxış kifayət edir ki, bunu hiss edəsən.

Son statistik məlumatlara görə, 4500 orta məktəbdə çalışan 151 min müəllimin 122 mindən çoxunu qadın müəllimlər təşkil edib. Bəs kişi müəllimlərin sayının bu cür kəskin şəkildə azalmasına səbəb nədir? Ümumiyyətlə, bu proses şagirdlər necə təsir göstərir?

 

Mövzu ilə bağlı Azadinform-un suallarına cavab verən sosioloq, Sağlam Cəmiyyət İctimai Birliyinin sədri Lalə Mehralı qeyd edib ki, məktəblərdə kişi müəllimi demək olar yoxdur: “Övladım bu il 5-ci sinifdə təhsil alır. Bu 4 il ərzində məktəbdə kişi müəllim ilə rastlaşmamışam. Yalnız bircə halda kişi müəllimi görürük, o da idman dərsində. Hətta, artıq bu fənni də qadın müəllimlər tədris edir. Xüsusilə oğlan uşaqların təlim-tərbiyəsində kişi müəllimlərinin inkar edə bilməyəcəyimiz qədər böyük rolu var. Onların həyata baxışı, kişi tərbiyəsi verməsi, kişilik aşılaması, yeniyetməlik, keçid dövründə kişi müəllimdən məsləhətlər almaq bizim oğlan övladlarımız üçün əvəzedilməz bir tərbiyə üsuludur. Düzdür, atalar evdə öz oğullarına lazımı həyat tərbiyəsini başa salır, amma hər kəs bilir ki, bu gün valideynlər ailə-məişət problemlərindən, iş qayğılarından yetəri qədər azad deyil, ona görə də saatlarla oturub nəyisə aşılamaq olmur. Eyni zamanda, uşaqlar günün yarısını məktəbdə keçirir. Lazımdır ki, həmin müddət kişi müəllimlərinin də nəzarəti ilə keçsin”. 

“Əsla qadın müəllimlərinin əməyini, zəhmətini danmıram, övladlarımızın ikinci anası onun qadın müəllimləridir”, - deyən sosioloq əlavə edib ki, buna baxmayaraq qadınlarla yanaşı kişi müəllimlərin də təlim-tərbiyəsinə, tədrisinə olduqca böyük ehtiyac var: “Ən yaxşı halda texniki fənnin bəzilərinin kişilər tərəfindən tədris olunduğunun şahidi oluruq. Bəzi hallarda təlim-tərbiyə yaxud direktor müavinlərindən biri kişi ola bilir. Bunların da əksəriyyəti qadınlardan ibarətdir. Əgər bunun səbəbini müəllimlərin aldığı əmək haqqına bağlasaq, düzgün olmazdı. Çünki kişilərimiz digər yerlərdə o qədər də yüksək əmək haqqı müqabilində işləmir. Axı bizim məktəblərdə müəllim maaşı orta əmək haqqından aşağı ola bilməz. Digər tərəfdən, müəllimlərin əksər hissəsi repetitorluqla məşğul olur. Kişi müəllimlər də bu yolla öz maaşlarını balanslaşdıra bilər”.

L.Mehralı bildirib ki, son zamanlar gənc kişi müəllimlərinin sayının əvvəlki illərə nisbətdə yüksəldiyini müşahidə edir: “Sosial şəbəkələrdən və şəxsi həyatımdan tanıdığım belə müəllimlərin görüntüsü məndə o qədər xoş təəssürat yaradır ki. Müəllimlər günündə kişi müəllimlərin öz şagirdləri ilə kiçik video roliklər hazırladığının, şəkillər çəkib paylaşdıqlarının şahidi olduq. Hesab edirəm ki, kişi müəllimlərin tədris etdiyi fənni uşaqlar daha yaxşı mənimsəyirlər. Səbəb o deyil ki, kişi müəllimlər qadınlardan daha güclüdür, savadlıdır. Səbəb odur ki, şagirdlər kişi müəllimlərdən daha çox çəkinirlər, sakitliyə riayət edirlər, dərsə davamiyyətləri yüksək səviyyədə olur. Bütün bunların nəticəsi də, əlbəttə, dərsə öz təsirini göstərir. Kişi müəllimlərin sayı məktəblərdə o qədər çox olsun ki, abituriyentlər məktəblərdə dərs keçmək üçün yarışsınlar. Övladımın ən az 4-5 kişi müəllimdən dərs almasını istəyirəm. Çünki mənim özüm də vaxtı ilə kişi müəllimlərin çoxluq təşkil etdiyi məktəbdə təhsil almışam. Və onun öz oğlan sinif yoldaşlarım arasında hansı müsbət dəyişikliyə səbəb olduğunun birbaşa şahidi olmuşam. Oğlanların nizam-intizamı, ümumiyyətlə, bir fərd kimi kişi olaraq yetişdirilməsində kişi müəllimlərin rolu əvəzedilmədir. Hazırkı dövrdə də bu balansın bərabərləşməsini, qorunmasını arzu edirəm”.

 

Məsələnin xüsusən oğlan uşaqlarının psixologiyasına necə təsir göstərdiyini bilmək üçün təhsil üzrə psixoloq Hüseyn Həsənova müraciət etdik. Psixoloq deyir ki, insan və onun psixologiyası iki yüzə yaxın elm tərəfindən araşdırılan və işlənilən bir mövzu olacaq qədər qarışıq bir varlıqdır: “Heç bir dövründə inkişafı tək bir amilə bağlı olmayan insan, xüsusilə də uşaqlıq və yeniyetməlik dövrlərində daha çox diqqət tələb edən sosiobiolojik bir varlıqdır. Məktəb uşağın istər intellekt, istərsə də psixoloji inkişafına təsir edən əsas faktorlardan biridir. Artıq təxminən 3 yaşlarında “mən”i formalaşan uşaq öz cinsiyyətinin fərqinə varmağa başlayır. Cinsiyyətinin xüsusiyyətlərini isə ətrafı müşahidə edərək öyrənir. Rol modeli olaraq adlandırılan obyektlərin əskikliyi istər-istəməz müəyyən fəsadlara səbəbiyyət verə bilir. Şagirdlərin günün bir hissəsini məktəbdə keçirdiklərini də nəzərə alsaq rol modelinə orada da ehtiyac olduğu qənaətinə gələrik”. Psixoloq hesab edir ki, müəyyən səbəblərdən məktəblərdə kişi müəllimlərin azlıq təşkil etməsi bu mənada xoşa gəlməz bir haldır: “Məktəb də bir cəmiyyətdir və hər bir cəmiyyətdə çox fərqli ailə quruluşları mövcuddur. Məhz onlardan bir neçəsi də distant ailə dediyimiz, müxtəlif səbəblər nəticəsində valideynlərin ayrı yaşadığı və natamam dediyimiz valideynlərin ayrıldığı ailələrdir. Bu tip ailələrdə ciddi mənada rol model sıxıntısı müşahidə edilir. O əskikliyi məktəbdə də tamamlaya bilməyən şagirdlər mövcud halın ən zərərli nümayəndələri sayıla bilər. Həyatdakı ən vacib şeylərdən biri də hər bir mövzuda balansı qoruya bilmək və qorumaqdır. Bu mənada “Kişi yoxsa qadın müəllimlərin çoxluq təşkil etməsi yaxşı olar?” kimi bir qarşılaşdırma doğru olmazdı, mümkün olduğu qədər eyni və ya yaxın sayda olması ideal olardı”.

11.10.2018 13:55 / Baxılıb: 432 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo